Aprelin 1-də İsrailin İranın Dəməşqdəki konsulluğuna endirdiyi zərbə fonunda ikincinin cavab zərbəsi də özünü çox gözlətmədi. Aprelin 13-də 200-dən artıq İran PUA və raketləri İsrailə doğru istiqamətləndi. Amma maraqlıdır ki, bu raket və PUA-ların 99 faizi hədəfə çatmadan məhv edilir. İranın cavab zərbəsi İsraildə biri azyaşlı olmaqla cəmi iki nəfərin yaralanması ilə nəticələnir. Başqa bir tərəfdən, Tehran hücum barədə bir sıra ölkələri, o cümlədən NATO üzvü Türkiyəni əvvəlcədən xəbərdar edir. Bütün bunlar isə İranla İsrail arasında baş verənlərin sadəcə olaraq, görüntü xarakteri daşıdığını düşünməyə əsas verir.
İran və İsrail arasında baş verənlər danışılmış oyun idi, yoxsa böyük savaşın ilk fraqmenti?
MÖVZU İLƏ BAĞLI:
ABŞ və Fransadan GÖZLƏNİLMƏZ ÇAĞIRIŞ – İran-İsrail müharibəsi BAŞLAYIR?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, İranın cavab zərbəsinin sönük olması və ciddi nəticələr verməməsi, Tehranın İsraillə qarşıdurmanın hansısa bir formada davamlı olmasından ehtiyatlanması ilə bağlıdır:
“İran İsrail münasibətlərindəki gərginlik uzun müddətdir ki, davam edir. Tehran indiyə qədər Təl-Əvivlə açıq qarşıdurmaya heç vaxt cəsarət etməyib. İran sadəcə olaraq bir sıra proksi qüvvələri İsrailə qarşı yönəltsə də, birbaşa olaraq özü Təl-Əvivə hərbi müstəvidə hücum etməyib. Bu günə qədər Livandakı “Hizbullah” və Yəməndəki husilər vasitəsilə İsraili sıxışdırmağa çalışan İranın bu əməlləri bütün dünyada tənqidlərə səbəb olurdu.
Ötən şənbə günü baş verən hadisə isə tarixdə İranın İsrailə birbaşa hücum etdiyi ilk hadisə idi. Amma bu hücumda da maraqlı nüanslar var idi. İran İsrailin hava hücumundan müdafiə qüvvələrinin kifayət qədər güclü olduğunu anlayırdı. Bu baxımdan da İran buraxdığı “Şahed” pilotsuz uçuş aparatlarının İsrail ərazisinə daxil olar-olmaz zərərsizləşdiriləcəyini başa düşürdü.
Tehranda anlayırlar ki, İsraillə qarşıdurmanın hasısa bir formada davamlı olması İranın özünə də ağır zərbələr vura bilər.
Bu da öz növbəsində İran daxilində vəziyyətin gərginləşməsinə gətirib çıxarar. Ona görə də İranın İsrailə hücumları cəmi 6-7 saat çəkdi. Hesab edirəm ki, İranla İsrail arasındakı qarşıdurma Tehrandakı ideoloji siyasətin İsrail əleyhinə qurulması üzərindən hələ uzun müddət davam edəcək”.
Rüfət Sultan, Bizim.Media