İsrail İranı yox, bu ölkələri vuracaq - Dəhşətli müharibənin detalları ÜZƏ ÇIXDI

Hazırda oxunan: İsrail İranı yox, bu ölkələri vuracaq - Dəhşətli müharibənin detalları ÜZƏ ÇIXDI

187249

Uzun müddətli təhdiddən sonra İran nəhayət İsrailə hücum etdi. Əgər buna hücum demək mümkündürsə…. 

Çünki İranın ümumilikdə İsrailə atdığı 60 tona yaxın partlayıcı maddə ağırlığında müxtəlif tipli 350 mərminin 90 faizi səmərəsiz olub. ABŞ və İsrail iddia edir ki, guya atılan raketlərin 90 faizi hava hücumundan müdafiə sistemi sayəsində zərərsizləşdirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ və Fransadan GÖZLƏNİLMƏZ ÇAĞIRIŞ – İran-İsrail müharibəsi BAŞLAYIR?


Amma bu da inandırıcı gəlmir. Əgər İsrailin hava hücumundan müdafiə sistemi bu qədər mükəmməldirsə, HƏMAS və Hizbullahın raket hücumlarının qarşısı niyə alınmır?

“Torbada pişik var”

Son 2 gündə səslənən fikirlər və apardığımız təhlillər onu göstərir ki, İranın hücumu sadəcə görüntü üçün idi. Belə olmasa idi, İranın atdığı yüzlərlə raketlər və PUA-lar mənzil başına çatardı. Amma nə təsadüfsə İranın atdığı raketlərin çoxu mənzil başına çatmayıb. Hətta elektrik xəttlərinə ilişib qalan PUA-lar da oldu. Bütün bunlarsa onu göstərir ki, İranın “hücumu” ən yaxşı halda hərbi təlim idi. 

Hətta təlimlərdə belə şərti düşmənin necə məhv edildiyi göstərilir. Amma İran İsrailin hansısa hədəfinin məhv edildiyinin görüntüsünü paylaşmadı. Sadəcə raketlərin və PUA-ların uçuşlarının videosu yayıldı. Bu da daha çox “Hollivud”un döyüş səhnələrini xatırladırdı. 

Baxmayaraq ki, İran Prezidenti İbrahim Rəisi İsrailə edilən gecə hücumunu şərh edərkən bildirmişdi:

“İran qüvvələri düşmənə mühüm dərs verdi. İstənilən məsuliyyətsiz cavab daha güclü hücumla qarşılanacaq”. 

Amma soruşan yoxdur ki, ay Rəisi İsrailə nə cür və hansı dərsi verdiniz? Axı, ortada nəticə yoxdur? Üstəlik, “hücum”dan həmən sonra İsrail bəyan etdi ki, İsrail ordusu yaxın 48 saat ərzində İrana cavab zərbəsi endirəcək. Deyilən vaxt başa çatmaq üzrədir. Amma İsrail tərəfdən hansısa hərəkətlilik yoxdur.

Bəs, tərəflər bu cür “hücumlar” vasitəsi ilə nəyə nail olmaq istəyirlər?

Biz dəfələrlə bildirmişik ki, həm rəsmi Tehran, həm də rəsmi Təl-Əviv Ağ evdən idarə olunur. Təsadüfi deyil ki, son 3 gündə İrandan və İsraildən daha çox ABŞ danışır. Rəsmi Vaşinqtonunsa səsləndirdiyi bəyanatlar arasında heç bir sinxron, rabitə yoxdur. Çünki ABŞ rəsmiləri gah deyir ki, “İranın hücumunun dəf edilməsində əsas rolu biz oynadıq”, gah deyilir ki, “müharibənin başlamasının qarşısını biz aldıq”, gah da İran təhdid olunur. 

Əgər ABŞ müharibənin qarşısını aldısa, niyə birtərəfli qaydada İsrailin yanında dayandı? Çünki yalnız tərəf olmayan ölkə həqiqi sülhə nail ola bilər. ABŞ isə bu münaqişədə açıq tərəfdir. Yəni İsraili müdafiə edir. Əslində isə ABŞ hər iki tərəfi münaqişəyə təşviq edir.

ABŞ Yaxın Şərqdə Üçüncü Dünya Müharibəsinin başlanmasını istəyir.

Bu layihənin icrasında isə ən yaxşı alət İran və İsraildir. Çünki ictimai rəydə bu iki ölkə bir-biri ilə düşməndir. Amma əsl həqiqətdə həm İran, həm də İsrail “eyni qapıya oynayır”. Bütün göstərişlər isə okeanın o tayından gəlir. 

Bu gün Ukraynada vəziyyət ürəkaçan deyil. Qərb bu cəbhədə Rusiyaya açıq şəkildə uduzdu. Ona görə də Qərb Rusiyanı zəif salmaq üçün ona qarşı ikinci və üçüncü cəbhəni açmaq istəyir. Rusiyaya qarşı açılacaq birinci cəbhə Cənubi Qafqazdırsa, ikinci cəbhə Yaxın Şərqdir. 

Nəzərə alaq ki, Rusiyanın Yaxın Şərqdə böyük nüfuzu var. Bütün ərəb ölkələri Moskva ilə yaxşı “dil tapır”. Hətta Bəşər Əsədin etibar etdiyi iki ölkədən biri Rusiyadır. Ona görə də Qərb Rusiyanı Yaxın Şərqdə münaqişəyə çəkmək istəyir. 

Təsadüfi deyil ki, İsrailin Rusiyadakı səfiri ötən gün İranın hücumunu pisləmədiyinə görə rəsmi Moskvanı qınadı. Halbuki, çox az ölkə İranın hücumuna rəsmi münasibət bildirib. Ona görə də digər ölkələrin yox, məhz Rusiyanın bu “hücuma” bitərəf qalması İsraili qıcıqlandırması təsadüf ola bilməz. 

ABŞ daha hansı ölkələrin yeni münaqişəyə cəlb olunmasını istəyir?

Yaxın Şərqdə böyük və uzun müddətli müharibə üçün Vaşinqtonun planlarının bəzi konturları artıq görünür. Görünən isə odur ki, ABŞ və bəzi Avropa dövlətləri İranla İsraili formal olaraq üz-üzə gətirməklə əslində üçüncü ölkələri müharibəyə cəlb etmək istəyir. Bu ölkələrin önündə Rusiya, Türkiyə və ərəb ölkələri gəlir. Əsas hədəf odur ki, bölgədə xaos yaransın və bölgə ölkələri bir-birinə cəbhə açsın. 

Münaqişəyə cəlb olunacaq ölkələr sırasında Livan, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və digər ərəb dövlətləri var. Bu ölkələr hazırda kifayət qədər sürətlə inkişaf edir və həmin ölkələrdə iqtisadi-siyasi stabillik var. Bu ölkələrdə “rəngli inqilab”lar təşkil etmək də asan deyil. Çünki Suriyadan sonra ərəblər nəhayət ki, “rəngli inqilab”lara inanmır. Ona görə də aparıcı ərəb dövlətlərində xaos yaratmaqla ABŞ həmin ölkələrin iqtisadi resurlarını ələ keçirmək istəyir. 

Xüsusən də ərəb ölkələrinin ABŞ-da və Qərbi Avropada milyardlarla dollar vəsaitləri var. Vaşinqton ərəb ölkələrini münaqişəyə cəlb etməklə həmin ölkələrində ən azından yeni “hökümət” formalaşdırmaq istəyir. Yeni müharibəyə Livan, İraq, Suriya və İordaniyanın da cəlb edilməsi planları var. 
Təsadüfi deyil ki, İran İsrailə “hücum” zamanı həmin ölkələrin hava məkanından istifadə edib. Bu da İsrailə imkan verir ki, həmin ölkələri vursun. Yəqin ki, yaxın günlərdə İsrail adını çəkdiyimiz və çəkmədiyimiz ərəb dövlətlərinə raket zərbələri endirəcək. Bununla da həmin ölkələri aktiv döyüşlərə məcbur edəcək. Proseslər daha da irəli gedərsə, İsrail Livan və ya İordaniyanın hesabına ərazilərini də genişləndirə bilər.

Təbii ki, Qərbin müharibə planında Türkiyə də əsas hədəflərdən biridir. Çünki, rəsmi Ankara hər zaman İsrailin işğalçılıq siyasətini pisləyib. Üstəlik, Türkiyənin İranla da münasibətləri yaxşı deyil. Yəni ABŞ-ın bölgədəki aktorları ilə Türkiyənin münasibəti heç də arzuolunan səviyyədə deyil. 

Papa da narahatdır

İranın məlum “hücum”ndan sonra  Roma Papası Fransisk tərəfindən də maraqlı bəyanat oldu. Papa açıq şəkildə bildirdi ki, “heç kim başqalarının varlığını təhdid etməməlidir”.

Bu da o deməkdir ki, Roma Papası da ssenaridən xəbərdardır. Ona görə də özünü sığortalamaq üçün bəyan edib ki, iki ölkə arasında münaqişə üçüncü ölkələrin varlığına təhdid yaratmamalıdır.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin