Qərb Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmaq üçün Ermənistandan necə istifadə edir? - TƏHLİL

Hazırda oxunan: Qərb Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmaq üçün Ermənistandan necə istifadə edir? - TƏHLİL

183719

Ermənistan “odla oynayır”. Təxribatçı addımlarını davam etdirən rəsmi İrəvan Cənubi Qafqazı hərbi münaqişələrə sürüyür. Rusiyadan küsən və İrandan gözlədiyi maddi dəstəyi almayan Nikol Paşinyan Qərbin yalan vədlərinə inanaraq təhlükəli sularda üzür. Ermənistanın siyasi hakimiyyəti ölkəsinin nicatını Qərbə inteqrasiyada görür. Amma bu cür düşünən Paşinyan reallıqları nəzərə almır.

Ən əsası isə onu unudur ki, Ermənistan Rusiyanın bir anklavıdır. Ölkə iqtisadiyyatı Rusiyadan asılıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Cənubi Qafqazda qarşıdurma ocağı yaradılır - Ermənistan alət rolunda – ŞƏRH 


Hətta ölkənin İran və Rusiya sərhədlərini Rusiya hərbçiləri qoruyur. Üstəlik, Ermənistan Rusiyanın moderator olduğu KTMT və Aİİ-nin üzvüdür. Yəni Ermənistanın hazırda Qərblə əməkdaşlığının nə hüquqi bazası var, nə də ki, siyasi əsası. Paşinyan sadəcə öz kreslosunu qorumaq üçün Qərbə sığınıb. 

Ermənistanın milli və dövlət maraqları Paşinyanın hazırkı siyasəti ilə tərs-mütənasibdir. Hazırda Paşinyan Avropadadır. Yenə Qərb siyasiləri ilə görüşür, Fransa prezidenti Emmanuel Makrondan məsləhətlər alır.

Nəzərə alsaq, hazırda həm Fransa, həm də əksər Qərb ölkələri Rusiya və İranla düşmən münasibətindədir.

Və Qərbin Rusiya və İrana qarşı iqtisadi sanksiyalarının miqyası günbəgün genişlənir. Ona görə də Qərb indiki vaxtda Paşinyandan maşa kimi istifadə edir. Cənubi Qafqazda sabitliyi pozmaqla kifayətlənməyən Qərb bu bölgədə yeni və uzunmüddətli münaqişə ocağı yaratmaq istəyir. Və nəzərə alaq ki, Qərb bu məsələdə kifayət qədər ciddidir. 

Əldə etdiyimiz məlumatlara görə, Ermənistan NATO, Avropa İttifaqı və ABŞ-la pakt imzalamağı planlaşdırır. Bu məqsədlə baş nazir Nikol Paşinyanın apreldə ABŞ dövlət katibi Antoni Blinken, Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Lyayen və NATO-nun Baş katibi Yens Stoltenberqlə bu istiqamətdə görüşü gözlənilir. 

Qərb hərəkətə keçib

Bu təhlükəli oyunun istinad nöqtəsi Ermənistandır. Ermənistan Qərbə arxalanaraq təkcə Rusiyaya yox, həm də Azərbaycana qarşı əzələ nümayiş etdirmək istəyir. Çünki, Paşinyan və onun komandası hazırkı reallıqla razılaşmaq istəmir, “bəlkə də qaytardılar” sevdası ilə yaşayır.

Amma siyasi yetkinliyi olmayan Paşinyan unudur ki, ona qədər də bəzi postsovet ölkələri Qərbə “inteqrasiya” etmək istəyib. Mixael Saakaşvilinin və Petro Poroşenkonun hazırkı vəziyyətlərini göz önünə gətirmək kifayətdir. Hələ dövlət olaraq Ukrayna, Moldova və Gürcüstanın vəziyyətini demirik. Hər 3 ölkədə həlli müşkülə çevrilmiş münaqişələr on illərdir ki, davam edir. Amma Qərb nə Ukraynanı, nə Gürcüstanı, nə də ki, Moldovanı düşdükləri çətin durumdan xilas edə bilmir.

Bu gün Rusiya çox asanlıqla Ermənistan ərazisində istədiyi addımı ata bilər və bu ölkəni də adlarını çəkdiyimiz ölkələrin vəziyyətinə sala bilər. Amma Rusiya hələki, Paşinyanın ərköyünlüklərini sadəcə seyr edir. Ermənistanın bəzi gerizəkalı siyasətçiləri elə zənn edir ki, Rusiya Ermənistanın təhdidləri qarşısında geri çəkilir.

Amma bu qədər bəsit düşünən erməni siyasətçiləri unudur ki, təkcə Avropa və ABŞ-ın yox, dünyanın bir çox ölkələrinin dəstəklədiyi Ukrayna Rusiya qarşısında çox aciz və çarəsiz qalıb. Onda qalmışdı ki, Ümumdaxili məhsulun 70 faizi Rusiyadan qidalanan Ermənistan Moskvanın qarşısında dayana. 

Bu gün Rusiya Gürcüstan üzərindən quru və hava yollarını bağlasa, Ermənistan sözün həqiqi mənasında acından ölər.

Hələ onu demirik ki, Ermənistan mavi yanacağın 90, elektrik enerjisinin 40 faizini Rusiyadan alır. Bundan əlavə Rusiyada 2 milyona yaxın erməni miqrant var. Moskva sabah o miqrantları Rusiyadan qovsa, Ermənistanda vətəndaş müharibəsi baş verər. Bununla belə rəsmi Moskva Ermənistandakı proseslərə seyrçi mövqe nümayiş etdirir. Amma Rusiyanın səbri limitsiz deyil. Və nə zamansa Rusiya öz yumruğunu işə salacaq. Bu isə Ermənistan üçün yaxşı heç nə vəd eləmir.

Qərb nə istəyir? Qərb maraqlıdır ki, Rusiya ilə Ermənistan, Azərbaycanla Ermənistan və hətta İranla Ermənistan arasında hərbi münaqişə olsun. Və bu münaqişədən istifadə edib Qərb Cənubi Qafqaza soxulsun. Və Ukraynadakı mğlubiyyəti unutdurmaq üçün Cənubi Qafqazda yeni münaqişə ocağı yaransın. Təbii ki, Qərbin Cənubi Qafqaz planlarında Ermənistanın milli və dövlət maraqları nəzərə alınmır.

Ermənistan yalnız vasitədir. Sonra baş verənlərsə  Cənubi Qafqazda yaranacaq hərbi münaqişə nəticəsində Ermənistanın üzləşəcəyi ağır itkilər və hətta onun bir dövlət kimi məhvi Qərbi qətiyyən narahat etmir. Necə ki, Ukraynanın dağılıb, məhv olması Qərbi qətiyyən narahat etmir.

Qərbin istənilən münaqişədə öz çıxarları var. Və bu çıxarlar kənarında baş verənlər Qərbin vecinə deyil.

Ona görə də Ermənistanı qızmar yay gözləyir. Bu yaydan Ermənistanın bütöv və itkisiz çıxacağı isə heç də inandırıcı görünmür. Bu yay ən azından Paşinyanın siyasi karyerasının sonu ola bilər. Ola bilsin ki, Paşinyan da öz sonu ilə bərabər Ermənistanın da dəhşətli aqibətini hazırlasın.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin