Fransanın "Le Monde" nəşrində Azərbaycanın azad olunmuş ərazilərində aparılan bərpa işləri, Qarabağda müharibə bitdikdən sonra Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin inkişafı barədə məqalə dərc olunub.
Bizim.Media xəbər verir ki, məqalədə Azərbaycanla Ermənistan arasındakı müharibənin rəsmi Parislə Bakı arasındakı ikitərəfli münasibətlərdə soyuqluq yaratdığı bildirilir.
MÖVZU İLƏ BAĞLI:
Qarabağ Qərbi Şərqlə, Avropanı Asiya ilə birləşdirən qovşağa çevriləcək - İspaniya mətbuatı
Qeyd olunur ki, müharibə zamanı Türkiyə Azərbaycana böyük dəstək verdi, rəsmi Paris isə İrəvanın tərəfini tutdu. Bu gün Fransanın aparıcı şirkətləri Qarabağdakı böyük tikinti layihələrindən kənarda qalmaqdan ehtiyat edirlər.
Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qəzetin sualını cavablandıraraq hazırda fransız şirkətlərinin əlverişsiz vəziyyətdə olmasının siyasi səbəblərdən asılı olmadığını bildirib.
Fransa hökumətinin Qarabağ narahatlığına aydınlıq gətirmək üçün mövzu ilə bağlı sualımızı politoloq Fikrət Sadıxova ünvanladıq.
Politoloq cavabında bildirdi ki, əgər Fransa şirkətləri Azərbaycanın ərazisində infrastruktur istiqamətində bərpa işləri ilə məşğul olacaqlarsa, ayrı-seçkilik etməyəcəklərsə, yəni ermənilər üçün ayrıca, Azərbaycan əhalisi üçün fərqli bir münasibət sərgiləməyəcəklərsə, iştirak edə bilərlər:
“Bizim əsas məqsədimiz odur ki, xarici şirkətlər investiya yatırsın və bərpa işlərində iştirak etsinlər. Hikmət Hacıyev də tamamilə haqlıdır ki, bu məsələni nə şişirtmək, nə də siyasiləşdirmək lazım deyil. Siyasi məqamlar arxa plana keçməlidir, çünki burada ancaq biznes və iqtisadi maraqlar var. Ona görə də, əgər Fransa şirkətləri bu formada və sadalanan məqsədlərlə işləmək istəsələr, düşünürəm ki, heç bir problem olmamalıdır”.
Fikrət Sadıxovun fikrincə, Qarabağa biznes və iqtisadi məqsədlərlə gəlmək istəyən fransız şirkətlərinə kimsə çətinlik törətməyəcək:
“Sadəcə olaraq, bizi Parisin bəzi siyasi qüvvələrinin Bakıya qarşı münasibəti narahat edir. Xüsusilə, Fransa parlamentində Dağlıq Qarabağın (“Artsax”) tanınması tövsiyəsi və s.
O başqa bir məsələdir. Əlbəttə ki, burada siyasətlə məşğul olmayan şirkət Azərbaycana kömək etmək istəyirsə və niyyətləri səmimidirsə, gəlsinlər çalışsınlar. Nəticədə Qarabağda biznes layihələrini həyata keçirtsinlər”.
Anar Rəhimov, Bizim.Media