Azərbaycanın artan beynəlxalq nüfuzu və orta gücə çevrilməsi yeni reallıqlar ortaya qoyur. Bakı tədricən qlobal məsələlərin müzakirə olunduğu mərkəzə çevrilir. Siyasi həyatında baş verənlər ölkəmizin imicinin beynəlxalq aləmdə bir daha artmasının nəticəsidir. Qərbin ölkəmizə qarşı yürütdüyü ikili standartlar fonunda Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət yeni mərhələnin başlanğıcıdır desək yəqin ki, yanılmarıq.
NATO baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri də bu dediklərimizin təsdiqidir...
MÖVZU İLƏ BAĞLI:
NATO Baş katibi Azərbaycana təşəkkür etdi
NATO baş katibinin Azərbayacana səfərini dəyərləndirən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Bizim.Media-ya açıqlamasında bildirib ki, NATO hərbi-siyasi təşkilat olduğuna görə müxtəlif istiqamətlərə aid siyasi dəyər vermə hesabatı hazırlayır:
“Gündəmdə vacib - Ermənistan Azərbaycan münasibətləri, Rusiya-Ukrayna müharibəsi və digər məsələlər var. Bununla belə, NATO-nun Cənubi Qafqazla bağlı müəyyən planları da mövcuddur. Bir müddət öncə bizim regionda baş verən siyasi hadisələr yeni reallıqlar yaradıb. Ona görə də NATO Cənubi Qafqazdakı vəziyyəti ciddi təhlil edir və yaranan reallığı düzgün qiymətləndirməyə çalışır. Cənubi Qafqaz dövlətlərindən Gürcüstan NATO-ya üzv olmaq istəyir.
Ermənistan isə Rusiyanın biri-birini ittiham etməsinə baxmayaraq hərbi müttəfiqidirlər. Onların müştərək hərbi birləşmələri var. Hərbi müttəfiqlik barədə xüsusi saziş mövcddur.
Azərbaycan Avropa üçün vacib partnyordur
O ki qaldı Azərbaycana, Stoltenberq bəyan edib ki, Azərbaycan neytral ölkədir. Eyni zamanda Azərbaycan NATO tərkibində güclü müdafiə imkanlarına malik Türkiyə ilə müttəfiqdir. Azərbaycan müdafiə siyasətində NATO standartlarına uyğun hərbi sistem yaradıb. Hətta bəyan olunub ki, “İki ölkə bir ordu” mövzusu bizim hədəfimizdir. Dünyada başa düşürlər ki, bu gün Azərbaycanla Türkiyəni ayırmaq sadəcə mümkün deyil”.
Daha sonra enerji təhlükəsizliyi məsələsinin ön planda olmasına toxunan Tofiq Zülfüqarov qeyd edib ki, Azərbaycan Avropa üçün vacib partnyordur:
“Bilirik ki, müdafiə mövzusunda enerji təminatı, onun təhlükəsizlik məsələsi əsas mövzulardan biridir. NATO-nun tərkibində xüsusi komitə mövcuddur. Həmin komitənin işi enerji daşıyıcıları ilə bağlıdır. Deməli, NATO həm də Azərbaycandan Avropaya istiqamətlənən boru xətlərinin təhlükəsizliyində maraqlıdır. Bu məsələ ikitərəfli görüşdə də müzakirə edilib və Azərbaycanın əhəmiyyətli tərəfdaş kimi vacibliyi qeyd olunub”.
Sabiq nazirin fikrincə, bu gün Avropa Parlamenti bəyanatlara üstünlük versə də NATO daha praktik təşkilatdır:
“Bu səfər göstərdi ki, Azərbaycan-NATO əməkdaşlığı inkişaf mərhələsindədir və bu siyasət davam etdiriləcək. Hər bir ölkənin enerji təminatı strateji məsələdir. İqlim mövzuları enerji mövzuları ilə sıx bağlı olduğundan NATO-nun burada iştirakı işin xeyrinədir. NATO hərbi təşkilatdır. Deməli bu və ya digər mövzularla bağlı məlumat toplamaq, kəşfiyyat aparmaq onların peşəsidir. Ona görə onların iştirakı mütləq olmalıdır”.
Vəli Həsənov, Bizim.Media