COP29 ilə əlaqədar Təşkilat Komitəsinin ikinci iclası keçirilib - FOTO

Hazırda oxunan: COP29 ilə əlaqədar Təşkilat Komitəsinin ikinci iclası keçirilib - FOTO

181580

Martın 7-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin ikinci iclası olub.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev Prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq, ilk iclasdan ötən müddət ərzində COP29-a hazırlıq çərçivəsində görülmüş işləri qeyd etdi. Samir Nuriyev dövlətimizin başçısının Sərəncamı ilə Təşkilat Komitəsinin tərkibinin daha da genişləndirildiyini, Milli Məclisin deputatlarının və vətəndaş cəmiyyəti nümayəndələrinin təmsilçiliyi ilə inklüzivliyin təmin olunduğunu diqqətə çatdırıb.

Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasındakı çıxışında və “Euronews” televiziyasına müsahibəsində COP29 Sədrliyinin gündəliyinin əsas istiqamətlərini və çərçivəsini müəyyən etdiyini bildirdi. Samir Nuriyev bu tezislərdə əks olunduğu kimi, xüsusilə neft və təbii qaz ehtiyatları ilə zəngin olan ölkələrə münasibətdə ədalətli yanaşmanın və bu dövlətlərin fəaliyyətlərinin onların ətraf mühit məsələlərinə verdiyi töhfə müqabilində qiymətləndirilməsinin vacibliyini vurğulayıb. Təşkilat Komitəsinin sədri bu günlərdə Azərbaycanın 2020-ci il ilə müqayisədə 2030-cu ilədək metan emissiyalarının həcminin 30 faiz azaldılması hədəfini ehtiva edən “Qlobal Metan Vədi”nə qoşulduğunu bildirib.

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının artıq təsdiqləndiyini, COP29-un keçirilməsi ilə bağlı Tədbirlər Planının hazırlandığını diqqətə çatdıran Təşkilat Komitəsinin sədri hər iki Tədbirlər Planı arasında uzlaşmanın təmin edilməsinin önəmini vurğulayıb.
Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi ilə aparılan işlərə toxunaraq, ölkəmizin hazırlıq səviyyəsinin BMT tərəfindən müsbət qiymətləndirildiyini qeyd edib.

Təşkilat Komitəsinin sədri COP29-da Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrlik təcrübəsini və digər beynəlxalq təşkilatlarda fəal təmsil olunmasını nəzərə alaraq, ölkəmizin qlobal Cənub və qlobal Şimal arasında körpü rolunu oynamağa qadir olduğunu və COP29-da qlobal həmrəyliyə və konsensusa nail olunması istiqamətində səylər göstərəcəyini bildirib.

Samir Nuriyev, həmçinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Azərbaycan və Braziliya arasında COP-la bağlı “Üçlük” mexanizminin yaradılmasının təqdirəlayiq addım olduğunu bildirib.

Daha sonra ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev çıxış edərək, ölkəmizin COP29-a sədrliyindən irəli gələn məsələlərin müzakirəsi məqsədilə Türkiyə, Almaniya, BƏƏ və Keniyaya səfərləri, xarici ölkələrin və beynəlxalq təşkilatların iqlim məsələlərinə məsul rəsmi şəxsləri ilə keçirdiyi görüşlər barədə məlumat verib. Muxtar Babayev bu mötəbər tədbirə hazırlıq prosesi çərçivəsində daha çox səfər və görüşün təşkil olunacağını qeyd edərək, növbəti səfərin Çinə olacağını diqqətə çatdırıb.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29-a hazırlıq prosesində nəqliyyat məsələlərinin həlli istiqamətində atılan addımlar barədə məlumat verib.

Xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev Azərbaycanın COP29 prioritetləri və təşəbbüsləri, müxtəlif tərəf müqabilləri ilə təmaslar barədə danışıb.

COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri Nərmin Carçalova təşkilati-logistika məsələləri və hazırlıq işləri barədə məlumat verib.

Milli Məclisin deputatı Nigar Arpadarai İqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempion kimi öz fəaliyyəti barədə danışıb

Deputat Fatma Yıldırım parlament diplomatiyası və iqlim dəyişiklikləri, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin COP29-la bağlı fəaliyyəti barədə məlumat verib.

Gənc İqlim çempionu Leyla Həsənova bu statusda keçirdiyi görüşlər və apardığı fəaliyyət barədə məlumat verib.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru, “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi Pərvanə Vəliyeva COP29-da vətəndaş cəmiyyətinin rolu barədə danışaraq, vətəndaş cəmiyyəti nümayəndələrinin də Təşkilat Komitəsinə daxil edilməsinin yüksək qiymətləndirildiyini, milli və beynəlxalq QHT-lər, özəl və dövlət sektorlarının nümayəndələrinin birgə əməkdaşlığının təqdirəlayiq olduğunu bildiriblər.

İclasın sonunda COP29-un təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının icrası və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin