Almaniyalı deputatlar Böyük Qayıdışın müxtəlif aspektləri barədə məlumatlandırılıb

Hazırda oxunan: Almaniyalı deputatlar Böyük Qayıdışın müxtəlif aspektləri barədə məlumatlandırılıb

180726

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Almaniya Bundestaqının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.

Dövlət Komitəsindən Bizim.Media-ya bildirilib ki, görüşdə komitə sədri Rövşən Rzayev ölkəmizdə qaçqınlıq və məcburi köçkünlük probleminin yaranmasının tarixi səbəbləri, həmçinin bu problemin həlli istiqamətində həyata keçirilən dövlət siyasəti haqqında məlumat verib. 

Qeyd olunub ki, Ermənistanın işğalçılığına son qoyulması, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edilməsi 30 ilə yaxın müddətdə əsas hüquqları pozulan, məcburi köçkünlüyün məhrumiyyətlərini yaşayan yüz minlərlə həmvətənimizin doğma yurda geri qayıdışına imkan yaradıb. Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” əsasında həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə geri dönüşü prosesi gedir. Bu kateqoriyadan olan vətəndaşların problemlərinin həllini dövlətimizin başçısı və Birinci vitse-prezident Mehriban Əliyeva daim diqqətdə saxlayır, onlara qayğı göstərirlər.

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışa hazırlanması ilə əlaqədar həyata keçirilən layihələr haqqında məlumat verilərkən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə bu sahədə indiyədək əməkdaşlığın olduğu diqqətə çatdırılıb.
Nümayəndə heyətinin rəhbəri Elizabet Vinkelmayer-Beker ölkəmizə səfərin məqsədi barədə məlumat verib, Cənubi Qafqazda təhlükəsizliyin bərqərar edilməsinin, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının Almaniyanın da maraq dairəsində olduğunu vurğulayıb.

Görüşdə almaniyalı deputatların çoxsaylı sualları cavablandırılıb, Böyük Qayıdışın müxtəlif aspektləri, işğaldan azad edilmiş ərazilərdə azərbaycanlı və erməni icmalarının birgəyaşayışının mümkünlüyü barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlərə münasibət bildirilib.

Qeyd edək ki, Elizabet Vinkelmayer-Bekerin rəhbərlik etdiyi nümayəndə heyətinə deputatlar Canan Bayram, Ştefan Brandner, Sonya Ayxvede, Susanne Hirl, Torsten Lib, Karsten Müller və Yan Plobner daxildir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin