“Nikol sakitdir, amma xarici işlər naziri aqressiv...” – Deputat “İrəvan kodu”nu DEŞİFRƏ ETDİ

Hazırda oxunan: “Nikol sakitdir, amma xarici işlər naziri aqressiv...” – Deputat “İrəvan kodu”nu DEŞİFRƏ ETDİ

17971

“Bəli, türklər, azərbaycanlılar bizim düşmənimizdir, onlar da bizi belə sayırlar. Məsələ başqadır: bu düşmənçiliklə nə edəcəyik, bu ədavəti daha nə qədər böyüdəcəyik. Biz birtəfəli qaydada türklərin düşmən olmaması qərarını qəbul edə bilmərik. Tarixən biz düşmən olmuşuq, amma məsələ ondadır ki, biz bu düşmənçiliyi necə idarə edirik”.

Bizim.Media xəbər verir ki, fikirlər Ermənistan baş naziri Nikol Paşinyana məxsusdur.

Nikolun bu sözlərini müxtəlif istiqamətdə yozan siyasətçilərdən fərqli olaraq, millət vəkili Elşad Mirbəşiroğlu hesab edir ki, indiki reallıqların təsiri altında Paşinyanın yanaşması Türkiyə və Azərbaycanla sərhədlərin açılmasından yanadır:

“Bunu şərtləndirən səbəblərə də diqqət yetirmək vacibdir. Yəni Azərbaycan özünün güc mövqeyini formalaşdırdı. Düşmən diz çökdürüldükdən sonra təbii ki, əvvəlki dövrlə müqayisədə tam fərqli davranır. Azərbaycana qarşı ən sərt ritorikanın (bəlağətli natiqlik) müəllifi olan Paşinyan bu gün əməkdaşlıqdan danışır.

Xatırlatmaq istəyirəm ki, Nikol Ermənistanın regionlarına səfərləri zamanı da birgə bəyanatın şərtlərinə əməl etməyin vacibliyini vurğulayırdı. Bildirirdi ki, başqa çıxış yolu yoxdur. Əsaslandırırdı ki, şərtlərə əməl etmək Ermənistanın da xeyrinədir. Gələcəkdə kommunikasiyaların açılması İrəvanın çıxış yolu kimi təqdim olunurdu”.

Deputatın sözlərinə görə, Paşinyanın Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq yanaşması 10 noyabr birgə bəyanatından sonra baş nazirin sərgilədiyi mövqenin davamıdır:

“Paşinyan Ermənistanın kapitulyasiya sənədinə imza atıb. Reallığı da çox gözəl bilirdi. Onun Azərbaycan və Ermənistanın gücünü müqayisə etmək imkanı oldu. Paşinyan gördü ki,  kapitulyasiya sənədinə imza atmazsa , Bakı İrəvanı daha  ağır vəziyyətə salacaq. Bunu Paşinyan və onun ətrafı çox gözəl dərk edir. Zəif duruma düşən Ermənistan yaranmış reallıqları öz xeyirinə olan formada təqdim etməyə çalışır. Bu, məğlubiyyət sindromundan irəli gəlir.

Paşinyan əvvəlki kimi revanşist və sərt ritorikaya üstünlük verə bilmir. Çünki acınacaqlı şəkildə məğlub oldu. Bundan sonra onun sərt ritorikasını heç kim qəbul etməyəcək. Ermənistan cəmiyyəti çox gözəl bilir ki, Nikolun bəyanatları blefdir. Hazırda həm daxili auditoriyaya yönəlik, həm də region ölkələri ilə münasibətləri nizamlamaq üçün Paşinyan əhəmiyyətli dərəcədə yumşaq ritorikaya üstünlük verir.

ADA Universitetinin konfransında cənab Prezident İlham Əliyev də qeyd etdi ki, Paşinyan özünü sakit aparır, amma xarici işlər naziri aqressivdir.

Düzdür, onun ətrafında kimlərsə yenə revanşizmə meyllilik nümayiş etdirir. Düşünürəm ki, o da daxili auditoriyaya hesablanıb. Çox güman ki, bu, Paşinyanın təlimatları əsasında sərgilənən mövqedir. Cəmiyyətdə rəy formalaşdırmaq istəyirlər ki, guya Paşinyan komandasında da narazılar var”.

Millət vəkili Elşad Mirbəşiroğlu düşünür ki, Paşinyan xüsusilə Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir.  Ermənistan baş naziri Moskvada səfərdə olarkən Qarabağda vəziyyətin prioritet olmasını Putinə də bildirdi.

Deputat yanvarın 11-də imzalanan üçtərəfli sənədi də yada salıb:

“Ardıcıl olaraq sənədlərə imza atan Paşinyan mahiyyətə uyğun davranmalıdır. Hazırda Paşinyanın üzü yoxdur ki, sənədlərdə yer alan məqamlara əks mövqe sərgiləsin. İlkin şərt kommunikasiyaların açılmasıdır. Bütün bunlar Paşinyanın üzərinə öhdəlik qoyub”.

Anar Rəhimov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin