Turan birliyinə gedən yolda TARİXİ ADDIM – TƏHLİL 

Hazırda oxunan: Turan birliyinə gedən yolda TARİXİ ADDIM – TƏHLİL 

179046

Ənənəyə sadiq olaraq Azırbaycan Prezidenti İlham Əliyev andiçmədən sonra ilk xarici səfərini fevralın 19-da Türkiyəyə etdi. Səfərin müddəti qısa olsa da çox əlamətdar və yaddaqalan oldu. İki ölkə lideri yaxın gələcək üçün birgə fəaliyyət proqramını müzakirə etdilər və mətbuata bir sıra maraqlı açıqlamalar verildi. 

Verilən açıqlamalardan aydın oldu ki, yaxın dövr üçün  əsas hədəf türk birliyini daha da gücləndirməkdir. Məhz bu birlik hesabına nəinki, Türkiyə və Azərbaycan, bütün türk dövlətləri beynəlxalq aləmdə çox böyük siyasi və iqtisadi dividendlər qazanacaqlar. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Ərdoğanla geniş tərkibdə görüşünün mövzusu AÇIQLANIB


İstənilən uğurlu siyasətin arxasında güclü iqtisadi əsaslar dayanır

Ona görə də Azərbaycanla Türkiyə öz siyasi gücünü artırmaq üçün iqtisadi əsasları  daha geniş miqyasda inkişaf etdirməyi düşünür. Bu gün Avropa İttifaqı çətin sınaq qarşısındadır. Xüsusən də, Rusiya-Ukrayna müharibəsi Qərbi məcbur etdi ki, iqtisadi-siyasi əlaqələri şaxələndirsin, yeni müttəfiqlər tapsın. 

Ona görə də Aİ özü üçün yeni Yol Xəritəsi cızmaq istəyir. Təbii ki, Aİ-nin bu istəyindən Azərbaycanla Türkiyə maksimum yararlanmaq istəyir. Təsadüfi deyil ki, Ankara görüşündə müzakirə edilən məsələlərdən də biri bu olub. 

İki tərəfli görüşdən sonra Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyan edib ki, TANAP-ın imkanlarının artırılması, Xəzərin təbii qazının Türkiyəyə və Avropaya çatdırılması bu istiqamətdəki prioritetlərimiz arasındadır:

“”Türk qapısı” Naxçıvana səfərim çərçivəsində təməlini qoyduğumuz İğdır-Naxçıvan təbii qaz boru kəməri layihəsi ilə enerji sahəsində əməkdaşlığımızı yeni bir səviyyəyə çatdırdığımızı da xatırlatmaq istəyirəm”.

Azərbaycan Prezidenti İlham Əliyevsə bildirib ki, keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilib:

“Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir.

Nəqliyyat ilə də eyni mənzərənin şahidiyik. Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmaq üçün bu ilin ortalarında tam istismara verilməlidir”.

Aİ-nin Azərbaycandan asılılığı artır

Məlum olduğu kimi, Azərbaycan ən yaxın illərdə Avropaya ötürülən qazın illik həcmini 20 milyard kubmetrə çatdırmağı hədəfləyib. Bu da o deməkdir ki, yaxın illərdə Avropanın bir sıra ölkələri Azərbaycanın ixrac etdiyi qazdan asılı vəziyyətə düşəcək. İqtisadi asılılıqsa siyasi güc yaradır. 

Yəni, Azərbaycanla Türkiyə çalışır ki, Aİ-ni daha çox özlərindən asılı vəziyyətə salsın. Bunun üçün də kifayət qədər resurs var. Yaxşı haldır ki, Avropanın ehtiyac duyduğu resurların çox hissəsi türk dövlətlərindədir. Təsadüfi deyil ki, Ankara görüşündə Türk Dövlətləri Təşkilatının fəaliyyətini ən üst səviyyəyə çatdırmaq da müəyyən edilən prioritetlər arasında idi.

Rəcəb Tayyib Ərdoğan öz çıxışında bildirib ki, “Ailə məclisi”miz olan Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da təsisatlanması və güclənməsi üçün çalışmaqda davam edirik:

“İyul ayında Təşkilatımızın fövqəladə Zirvə görüşünün Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi ilə əlaqədar xüsusilə məmnunluğumu bildirmək istəyirəm”.

Azərbaycan Prezidenti İlham Əliyevsə bildirib ki, bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq:

“Biz öz gücümüzə güc qatırıq və təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək”. 

Görünən odur ki, zaman türk dünyasının xeyrinə işləyir. 

Hazırkı status-kvo imkan verir ki, TDT beynəlxalq  aktora çevrilsin. Bunun üçün də kifayət qədər istək və təşəbbüs var. Ankara görüşünün mahiyyəti də əslində bu idi. İmkanları birləşdirmək, ortaq maraqdan və ortaq mövqedən çıxış etmək. Təbii ki, bu prosesdə lokomotiv Türkiyədir. Azərbaycan Prezidenti ötən gün təsadüfən demədi ki, Türkiyə bu gün dünya çapında söz sahibidir:

“Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir”.

TDT-nin fəaliyyətinin daha aktiv müstəviyə çıxması üçün Zəngəzur dəhlizinin açılması baxımından da çox vacibdir. 

Ona görə Azərbaycan və Türkiyə liderləri Ankara görüşündə bu məsələyə xüsusi yer ayırıblar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın uzaqgörənliklə düşünərək strateji bir perspektivlə bu prosesi dəyərləndirməli olduğuna inandığını bildirib:

“Üçüncü tərəfləri də prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edirik”.

Yəni Ermənistan Azərbaycanla sülh sazişini nə qədər tez imzalasa, bundan təkcə iki dövlət yox, bütün region faydalana bilər. Amma hələki, Ermənistan Avropanın bəzi populist siyasətçilərin ağzına baxır. Nicatı mehriban qonşuluqda  yox, ayrı-ayrı dövlətlərin verdiyi boş vədlərdə görən Ermənistan hakimiyyəti bir həqiqəti anlamır ki, ötən hər gün ermənilərin ziyanına işləyir. 

Belə getsə, Ermənistan növbəti dəfə daha bir beynəlxalq layihədən kənarda qalacaq. Bu isə yaxın perspektivdə Ermənistanın dövlət kimi varlığını qoruyub, inkişaf etməsini böyük ölçüdə sual altına qoyur.

Bir sözlə, Ankara görüşü regionun Yol Xəritəsini müəyyən etdi. Aydın oldu ki, regionun inkişafı mehriban qonşuluqdan və birgə fəaliyyətdən keçir. Necə deyərlər “uzaq qohumdan, yaxşın qonşu yaxşıdır”. Bir də o aydın oldu ki, həqiqətən XXI əsr Türk əsridir.

Surxay Atakişiyev, Bizim.Media


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi - bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin