Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Dünya Bankının baş idarəedici direktoru Aksel Trotsenburqun görüşü olub.
Bizim.Media xəbər verir ki, Aksel Trotsenburq Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb, bunun ölkəmizin yaşıl keçidə və iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi dəstəyin təzahürü olduğunu bildirib. O, Dünya Bankının Azərbaycanla bu istiqamətdə əməkdaşlığa hazır olduğunu qeyd edib.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub. Azərbaycanın xarici borcunun hazırda 7 faiz civarında olmasının çox müsbət göstərici olduğu və bütövlükdə iqtisadi göstəricilərin çox müsbət xarakter daşıdığı vurğulanıb.
COP29-un iqlim maliyyələşdirilməsi mövzusuna həsr ediləcəyi nəzərə alınaraq, bu mühüm tədbir çərçivəsində də Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlıq üçün yaxşı imkanların olduğu diqqətə çatdırılıb.
Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən bərpaolunan enerji layihələri haqqında məlumat verib. Bunların, ilk növbədə, milli və regional səviyyədə layihələr olduğunu deyib, bu xüsusda, Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsi və Xəzər dənizində Azərbaycanın bərpaolunan enerji potensialının 157 qiqavatdan artıq olduğu, ölkəmizin yaxın müddətdə yaşıl enerji ixracatçısı olacağı qeyd edilib və bütün bunlar müsbət addım kimi qiymətləndirilib.
Bizim.Media