İlham Əliyev Münxendə ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə görüşdü – FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyev Münxendə ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə görüşdü – FOTO/VİDEO

178597

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerrinin görüşü olub. 

Bizim.Media xəbər verir ki, Con Kerri dövlət başçısını prezident seçkilərində qələbə və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi münasibətilə təbriklərini çatdırıb, Prezident İlham Əliyev ilə görüşlərini məmnunluqla xatırlayıb. 

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib. 

Dövlət başçısı qeyd edib ki, Azərbaycan COP-la əlaqədar bir daha özünün iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləmək əzmini nümayiş etdirib. Azərbaycan, eyni zamanda, milli səviyyədə bərpaolunan enerji və yaşıl keçid prosesi sahəsində ciddi tədbirlər həyata keçirməkdədir, bu istiqamətdə region səviyyəsində və qlobal miqyasda olan tədbirləri yaxından dəstəkləyir. İqlim maliyyələşdirilməsi COP29-un əsas mövzusu olacaq ki, Azərbaycan da bu xüsusda qlobal həmrəyliyə, xüsusilə də qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səylərini davam etdirəcək. Bu xüsusda Azərbaycanın Qoşulmama Hərəkatına dörd il sədrlik edən dövlət kimi çox yaxşı təcrübəsi var. Eyni zamanda, Azərbaycan digər müxtəlif platformalarda fəal şəkildə iştirak edir ki, bundan da istifadə edərək qlobal həmrəyliyə nail olunmasına dəstək verəcək. 

Dövlət başçısı regional səviyyədə reallaşdırılan tədbirlər kontekstində Qara dənizin dibi ilə keçən layihəni qeyd edib, həmçinin Xəzər dənizinin dibində bərpaolunan xəttin qurulması və bu xüsusda Mərkəzi Asiya dövlətləri ilə birgə işi diqqətə çatdırıb. 
Con Kerri iqlim maliyyələşdirilməsi mövzusunun gündəlikdə duran əsas məsələlərdən biri olduğunu vurğulayıb. O, hazırda yaşıl keçidlə əlaqədar texnoloji inkişafın çox sürətlə getdiyini və bu istiqamətdə yaxşı nəticələrin əldə olunduğunu, Bakıda da qəbul ediləcək qərarların iqlim dəyişikliyi prosesində beynəlxalq səylərə ciddi təkan verəcəyinə ümidvarlığını bildirib. 

Prezident İlham Əliyev Con Kerrini COP29-da iştirak etmək üçün Azərbaycana səfərə dəvət edib. 

Con Kerri COP29-da məmnuniyyətlə iştirak edəcəyini diqqətə çatdırıb. 

Bizim.Media
 







Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin