Xarici siyasətimizdə hansı mühüm yeniliklər olacaq? - Elmar Məmmədyarovla MÜSAHİBƏ

Hazırda oxunan: Xarici siyasətimizdə hansı mühüm yeniliklər olacaq? - Elmar Məmmədyarovla MÜSAHİBƏ

178453

Xəbər verdiyimiz kimi fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Andiçmə mərasimində çıxışı zamanı Azərbaycan lideri bir çox sahələr üzrə, o cümlədən xarici siyasət sahəsində prioritetləri elan etdi.

Bəs yaxın illərdə Azərbaycanın xarici siyasətindəki prioritetlər hansılardır?

Bu və digər suallara aydınlıq gətirmək üçün sabiq xarici işlər naziri Elmar Məmmədyarovla həmsöhbət olduq.
 

MÖVZU İLƏ BAĞLI:

Dünyanın maraqla gözlədiyi görüşdə nələr müzakirə OLUNACAQ? – Elmar Məmmədyarovun ŞƏRHİ


Bizim.Media müsahibəni təqdim edir:

- Elmar müəllim, yeni reallıqlarda xarici siyasətimizdə əsas xətt nə olacaq?

- Əvvəla onu deyim ki, hazırkı xarici siyasətimiz çox uğurludur. Bununla belə yeni çağırışlara əsasən xarici siyasətimizdə müəyyən dəyişikliklər olacaq. Əgər əvvəllər, məsələn mənim nazir olduğum zamanlarda xarici siyasətimizdə prioritet Ermənistan tərəfindən işğal olunmuş torpaqların azad edilməsi idi. Bu problem artıq həll olunub. İndi xarici siyasətmizdə yeni mərhələ başlayır. 

Bu da Azərbaycanın iqtisadi və siyasi qüdrətini artırmaq üçün atılacaq addımlardır. Biz Qarabağda bərpa işlərini nə qədər tez həyata keçirsək və məcburi köçkünləri öz ocaqlarına qısa zamanda qaytarsaq, bu Azərbaycanın iqtisadi-siyasi gücünə güc qatacaq. Həmçinin yaxın perspektivdə xarici siyasətimizdə işğaldan azad olunmuş ərazilərdəki dinc quruculuq işlərin təqdim və təşviq edəcəyik. Hazırda da bütün səylər buna istiqamətlənib. 

- İşğal dövründə aparıcı ölkələrlə  münasibətlərimizdə daha ehtiyatla davranırdıq. Çalışırdıq ki, həmin dövlətlər Ermənistanın işğalçılıq siyasətinə obyektiv və operativ mövqe nümayiş etdirsin. Amma indi mənzərə dəyişib, yeni çağırışlar, yeni hədəflər var…

- Düz deyirsiniz. İndiki siyasi mənzərə 5-10 il əvvəlki vəziyyətlə müqayisədə tam fərqlidir. O zaman bizim əsas hədəfimiz Ermənistan işğalını sonlandırmaq üçün bütün beynəlxalq platformalardan və aparıcı dövlətlərin imkanlarından faydalanmq idi. Bütün görüşlərimizdə və danışıqlarda mövqeyimiz o idi ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqları çərçivəsində həll edilsin. 

Unutmayaq ki, bir çox aparıcı dövlətlər erməniləri açıq şəkildə müdafiə edirdi və həmin mövqelərin bir çoxu ərazi bütövlüyümüzə, eləcə də suveren hüquqlarımıza təhdid yaradırdı. Biz də çalışırdıq ki, BMT TŞ-nin məlum 4 qətnaməsi çərçivəsində problem həll edilsin. Sonda öz istəyimizə çatdıq. Qarabağ problemi artıq geridə qalıb. Amma Qarabağın dirçəldilməsi qarşımızda dayanıb. İndi çalışırıq ki, Qarabağın dirçəldilməsinə beynəlxlaq aləmdə siyasi və iqtisadi dəstək qazanaq. 

- Qarabağ münaqişəsinin bitməsi Azərbaycan üçün yeni imkanlar açır. Sizcə, ilk növbədə hansı imkanların reallaşdırılmasına çalışmalıyıq?

- Avropanın bizim neft və qazımıza ehtiyacı var. Bundan vacib olanı isə kommunikasiya dəhlizləridir. Bilirsiniz ki, Azərbaycan unikal coğrafi  mövqeyə sahibdir. Həm Şimal-Cənub, həm Qərb-Şərq dəhlizləri ölkəmizdən keçir. Çalışmalıyıq ki, bu dəhlizlərin imkanlarını genişləndirək. Bu sahədə əvvəllər də uğurlu işlər aparılıb. Avropanı Şərqlə, Şimalı isə Cənubla birləşdirəcək dəhlizlərin inkişafı üçün bu zamana qədər çox iş görülüb. 

Unutmayaq ki, neft də, qaz da nə vaxtsa tükənə bilər. Amma nəqliyyat dəhlizləri on illər, yüz illər boyu davam edəcək. Ona görə də bu dəhlizlərin inkişafı əsas hədəflərdən biridir. Nəzərə alaq ki, Çinin, Rusiyanın, Avropa ölkələrinin, hətta İranla Hindistanın da bu dəhlizə ehtiyacı var.

Dəhliz vermək nə deməkdir?! Həmin ölkələrin üzərinə müəyyən öhdəliklər qoymaqdır. Bu da Azərbaycanın iqtisadi-siyasi qüdrətini daha da artıracaq və ölkəmiz beynəlxalq dəhlizlərdə körpü rolunu oynayacaq.

- Təbii ki, belə məqamda ilk yada düşən Zəngəzur dəhlizidir…

- Bəli, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın yox, bütövlükdə region dövlətlərin inkişafına əsaslı təkan verəcək. Bu dəhliz həm də regionda davamlı sülhə təminatçı olacaq. Ona görə də Azərbaycan çalışır ki, ən qısa zamanda Zəngəzur dəhlizi istifadəyə verilsin.

- Elmar müəllim, Prezident İlham Əliyev gələcək fəaliyyət istiqamətlərindən birinin həm də türk dövlətləri ilə əlaqələri daha üst səviyyəyə çatdırmaq olduğunu bildirdi. Bu barədə nə deyə bilərsiniz?

- Türk dövlətləri bizim qardaş ölkələrimizdir. Üstəlik, coğrafi mövqe elədir ki, türk dövlətlərinin hər birinin inkişafı digər türk dövləti ilə isti münasibətdən keçir. Bu gün Qazaxstan və Orta Asiyadakı türk dövlətlərinin Türkiyə və Avropa ilə əlaqələrini gücləndirmək üçün Azərbaycana ehtiyacı var. Eləcə də Türkiyənin digər türk dövlətləri ilə əlaqəsində Azərbaycan ən yaxşı platformadır. Ona görə də TDT üzvləri ilə əlaqələrimizin gücləndirilməsi Azərbaycanın gücünə güc qatacaq. 

Bu həm iqtisadi, həm siyasi, həm də mədəni sahədə böyük dividentlər gətirəcək. Son nəticədə türk dövlətlərinin güclənməsi Azərbaycanın qüdrətlənməsi deməkdir. Ona görə də Azərbaycan Prezidenti türk dövlətləri ilə münasibətlərin dərinləşməsini prioritetlərdən biri kimi qarşıya qoyub. Əminəm ki, biz buna nail olacağıq.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin