Ermənistanın yeni “SÜLH” NAĞILLARI – Qərbi oyuna daxil etmək üçün bu yola da əl ATDILAR…

Hazırda oxunan: Ermənistanın yeni “SÜLH” NAĞILLARI – Qərbi oyuna daxil etmək üçün bu yola da əl ATDILAR…

177433

Ermənistan siyasiləri yenə sülhdən danışır. Təkcə danışmır, hətta sülh danışıqlarına hər an hazır olduqlarını bildirirlər. 

Bu dəfə hakim “Mülki Müqavilə” partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan sülh nağılları danışmağa başlayıb. O fevralın 9-da Milli Assambleyada keçirilən həftəlik brifinqdə bildirib ki, Ermənistan Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycanla danışıqların bərpasına sadiqdir:

“Rəsmi İrəvan da təbii ki, bu formatlarda danışıqların bərpasının tərəfdarıdır, çünki regionda sülhün bərqərar olması Ermənistanın prioritetidir”.

Ermənistan yenə öz ampluasındadır

Rəsmi İrəvan sülh “istəyir”. Amma ermənilər bu istəklərinə birbaşa yox, dolayısı ilə çatmağı arzulayırlar. Ovannisyan deyir ki, guya regionda sülhün bərqərar olması Ermənistanın prioritetidir. Elə isə Ermənistan Azərbaycanla ikitərəfli görüşdən niyə qaçır?! Axı, sülh sazişi Ermənistanla Avropa İttifaqı arasında yox, Ermənistanla Azərbaycan arasında bağlanmalıdır?!

Belə vəziyyətdə Aİ-nin vasitəçiliyinə nə lüzum var?! 

Əgər Ermənistan sülh istəyində bu qədər səmimidirsə, onda Aİ-nin ağzına yox, Azərbaycanın göndərdiyi təkliflərə baxsın. Çünki imzalanacaq sülh özündə Aİ-nin maraqlarını yox, Ermənistanla Azərbaycanın istəklərini ehtiva edəcək. 

Belədirsə, niyə Ermənistan Azərbaycanın sülh təkliflərinə cavab vermir?!

Bundan başqa 2023-cü ilin sentyabrında Azərbaycan bəyan etdi ki, ikitərəfli formatda sülh danışıqlarına hazırdır. Amma ötən 6 ayda Ermənistan Azərbaycanın bu təklifinə heç bir reaksiya verməyib. Əvəzində gündə bir məsuliyyətsiz bəyanat verilir, sülhün Ermənistan üçün prioritet olduğu deyilir. 

Əgər sülh ermənilər üçün bu qədər vacibdirsə, onda heç bir vasitəçi axtarmadan Azərbaycanla danışıqlara başlanılmalıdır. Nəzərə alaq ki, əvvəlki dövrlərdən fərqli olaraq hazırda Ermənistanla Azərbaycan arasında müəyyən təmaslar var. Sonuncu dəfə yanvarın 31-də Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində görüş olub. Deməli, təmas üçün ilkin addım atılıb. Bunun davamını da gətirmək olar. Bunun üçün hansısa üçüncü tərəfin vasitəçiliyi yox, Ermənistanın siyasi iradəsi lazımdır. 

Nəzərə alaq ki, danışıqlar masasına oturan bütün tərəflərin öz maraqları var. Əgər Aİ danışıqlar masasına əyləşirsə, 100 faiz öz maraqlarını diqtə edəcək. Daha doğrusu bu təşkilata sərf edən sazişin imzalanmasına çalışılacaq. Məhz buna görə Azərbaycan 6 ay qabaq Aİ-nin vasitəçiliyindən imtina etdi.

Ermənistan niyə Aİ-nin vasitəçiliyini istəyir?

Nəzərə alaq ki, tarix boyu Ermənistanın vahid mövqeyi olmayıb. Ermənilər öz milli maraqlarını beynəlxalq güclərin istəkləri üzərində qurublar. Əvəzində də həmin güclərdən müəyyən miqdarda maddi dəstək alıblar. Bu da təsadüfi deyil. Çünki Ermənistanın iqtisadiyyatı bu ölkəni ayaqda tutmağa yetmir. 

Təsadüfi deyil ki, hazırda Ermənistanın borcu, dövlət büdcəsinin həcmindən 3 dəfə çoxdur. Bu isə defolt vəziyyətidir. Ermənistanı ayaqda saxlayan isə məhz beynəlxalq yardımlardır. Ona görə də rəsmi İrəvan bir qayda olaraq üçüncü dövlətlərin marağından çıxış edir. 
Bu dəfə də ənənə pozulmayıb. Ermənistan “sülh” istəyir. Amma bu sülh Ermənistan və Azərbaycanın yox, Qərbin istədiyi sülhdür. Bu da Azərbaycan üçün qətiyyən qəbuledilməzdir. Bu da o deməkdir ki, Ermənistanın sülh bəyanatları Azərbaycana yox, Qərbə qarşı ünvanlanıb.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin