Xəbər verdiyimiz kimi, seçki məntəqələrinin 100 faizindən daxil olmuş ilkin məlumatlara əsasən, İlham Əliyev 92,12 faiz səslə fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində liderdir.
Bəs maraqlıdır, İlham Əliyevin qələbəsindən sonra Azərbaycanın hansı ölkələrlə münasibətləri inkişaf edəcək?
Politoloq Natiq Miri mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
O qeyd edib ki, Azərbaycanın xarici siyasəti digər ölkələrlə problemsiz ünsiyyət və daha çox dost ölkə qazanmaqdan ibarətdir:
“Əlbəttə ki, istisna ölkələr də var. Bu isə bilavasitə Azərbaycandan asılı deyil. Məsələn, qonşu İran süni olaraq başqa qlobal güclər tərəfindən həyata keçirilən çevrilişlər, hakimiyyət dəyişiklikləri fonunda yaranmış və konkret geosiyasi məqsədlər yönündə formalaşmış bir ölkədir. Ona görə Azərbaycan istəsə də, istəməsə də İran hər zaman bütövlükdə bütün türk dünyasına qarşı siyasət yürüdəcək. Çünki onlarda türk düşmənçiliyi var.
Tehrandakı səfirliyimizə qarşı törədilən terror hadisəsini Azərbaycanla münasibətlərini tənzimləmək “istəyən” İran məhkəmədə cinayət predmeti olan məsələnin səviyyəsini məişət səviyyəsinə salıb. Edam cəzası haqqında fikirlər səsləndirilir. Ancaq bu, nəyi dəyişəcək?
Azərbaycan bu hadisənin arxasında dayanan dövlət strukturlarını üzə çıxarmaq istəyir. İran dövləti bilavasitə terroru bəsləyir. Bu ölkədə fəaliyyət göstərən heç bir diplomatik missiya təhlükəsiz deyil.
Eyni yanaşma qonşu Ermənistana aiddir.
Ermənistan Azərbaycanla müharibədə məğlub olmuş bir ölkədir. Buna baxmayaraq, beynəlxalq hüquq çərçivəsində ilk sülh sənədini təqdim edən tərəf Azərbaycan olub. Lakin Ermənistan havadarlarının vasitəsilə beynəlxalq səviyyədə Azərbaycana qarşı hibrid müharibəni davam etdirir. Ermənistan bu gün Avropanın müxtəlif strukturları, Fransa Dövlətinin senatı, BMT-nin İnsan Hüquqları Məhkəməsi və Beynəlxalq Cinayət Məhkəməsi səviyyəsində Azərbaycana qarşı hər gün təzyiq məqsədli fəaliyyətlər ortaya qoyur. Bu silahsız müharibədir.
Könül istərdi ki, sülh imzalansın, Ermənistan üzərinə götürdüyü öhdəliyi yerinə yetirsin, kommunikasiyalar açılsın, ticarət, iqtisadi və digər yöndə normal münasibətlər tənzimlənsin. Ermənistan sözdə bu şərtləri təsdiqləyir, amma əməldə düşmənçiliyini davam etdirir.
Bundan əlavə, Hindistanla Azərbaycanın normal diplomatik münasibətləri var.
Ancaq buna rəğmən Hindistan Azərbaycanın əleyhinə Ermənistanla dostluq edir. Doğrudur, burada başqa bir məqam ondan ibarətdir ki, Azərbaycan Pakistanla dostluq edir. Ancaq Azərbaycanın Pakistanla dost ölkəsi olması uzun illərə, əsrlərə dayanan münasibətlər sisteminə söykənir. Ancaq bu, o demək deyil ki, Azərbaycanın əleyhinə onun düşmənini silahlandırmalısan”.
O əlavə edib ki, Fransa haqqında da oxşar fikirləri demək olar:
“Azərbaycan Fransa ilə hər zaman normal münasibətlər siyasətini yürüdüb. Paytaxtda fransız məktəbləri, fransız institutları və müxtəlif mədəniyyət mərkəzləri var. Eyni zamanda Fransanın qlobal xətlərini Azərbaycana buraxmaqla bilavasitə öz enerjisinin istehsalı məsələsini də sözügedən ölkə ilə bölüşmüşük. Hətta Azərbaycan bərpaolunan enerji məsələsində Total şirkəti ilə müəyyən perspektivləri danışıb.
Ortada kriminal erməni lobbisinin təsiri vasitəsilə Azərbaycana qarşı həyata keçirilən düşmənçilik siyasəti var. Son ana qədər Azərbaycan Fransa ilə normal münasibətləri davam etdirməyə cəhd etdi. Ancaq Fransa konkret düşmənçilik siyasəti yürüdürsə, bütün beynəlxalq strukturlarda haqsız yerə qətnamələr çıxarıb, sanksiyalar tətbiq etmək istəyirsə, Azərbaycanın edə biləcəyi nəsə yoxdur.
Yunanıstanı nümunə deyək.
Azərbaycan və Yunanıstanın nə problemi ola bilər? Ermənistan qardaş Türkiyəyə düşmən bir ölkə olduğu üçün Yunanıstan bu ölkə ilə münasibətlərini yüksək səviyyə daşıyır. Bu xüsusda yanaşma Azərbaycan dövlətinə qarşı davam edir.
Eyni zamanda başqa Avropa ölkələrini dilə gətirə bilərik. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycana qarşı məhdudiyyətlərlə bağlı qərarlar veriləndə bizə qarşı düşmənçilik davranışını ortaya qoyan ölkələr var. Məsələn, Niderland, Belçika və Kanada.
Hesab edirəm ki, Azərbaycan Avropa strukturlarının qərəzli həqarətlərini dinləməkdənsə, gələcəkdə dünyanın şəkillənməsində həlledici ola biləcək birliyin təşkil olunması yönündə fəaliyyət göstərməlidir.
Bu da türk birliyidir.
Buna hazırlıq çox ciddi olmalıdır. Çünki oynanılan oyunlar, tökülən qanlar, edilən təzyiqlər də göstərir ki, güclü olmasan, ayaqda dura bilməzsən. Bizim güc birliyi təmin edə biləcəyimiz yeganə mənbə türk birliyidir. Ona görə də düşünürəm ki, inteqrasiyanı Avropa ilə deyil, türk dünyası ilə gücləndirməyə ehtiyac var. Ticari, iqtisadi və logistik cəhətdən dünyanın nəbzinin vuracağı 350 milyonluq bir güc mərkəzi yaratmaq lazımdır”.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
08:30 / 10.02.2024
Azərbaycanın hansı ölkələrlə dostluq münasibətləri daha da İNKİŞAF EDƏCƏK? – ŞƏRH
Hazırda oxunan: Azərbaycanın hansı ölkələrlə dostluq münasibətləri daha da İNKİŞAF EDƏCƏK? – ŞƏRH
Hazırda oxunan: Azərbaycanın hansı ölkələrlə dostluq münasibətləri daha da İNKİŞAF EDƏCƏK? – ŞƏRH
177432
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.