Parisin yeni TƏXRİBAT PLANI – Fransa səfirinin sərhədimizə səfərinin PƏRDƏARXASI 

Hazırda oxunan: Parisin yeni TƏXRİBAT PLANI – Fransa səfirinin sərhədimizə səfərinin PƏRDƏARXASI 

177407

Fransa təxribatlarını davam etdirir. Rəsmi Paris hər vasitə ilə Ermənistanla Azərbaycan arasında müharibəni yenidən alovlandırmaq istəyir.

Məsələn, Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Avropa İttifaqı missiyasının müşahidəçilərinin müşayiəti ilə Basarkeçər rayonunun Böyük Qaraqoyunlu kəndinə gəlib.
 

MÖVZU İLƏ BAĞLI:

Fransanın ölkəmizlə bağlı SENSASİON PLANI – “Ermənistan bu istiqamətdə savaşa başlayacaq” – VİDEO 


Xatırladaq ki, bu yaşayış massivi Azərbaycan sərhəddinin bir neçə kilometrliyindədir. 

Fransalı səfir özünün X-dəki səhifəsində yazır ki, missiya yerli ermənilərin unudulmadığını sübut etmək üçün təşkil edilib:

"Avropalı müşahidəçilərin olması təcrid olunmuş və həssas əhaliyə inam verir".

Yada salaq ki, Olivye Dekotini oktyabr ayında da Cermuxa səfər etmişdi. Həmin vaxtı fransız diplomatı Ermənistan ərazisinin “Azərbaycan tərəfindən işğal edildiyini” bəyan etmişdi.

Fransa dayanmaq fikrində deyil 

Rəsmi Paris Ermənistanla Azərbaycan arasında müharibənin yenidən alovlanması üçün təxribatlarından əl çəkmir. Amma səfir Olivye Dekotini anlamaq istəmir ki, ucqar dağ kəndindəki sadə ermənilərə quru vədlər və qızışdırıcı sözlər yox, qaz və elektrik enerjisi lazımdır. Çünki Ermənistandakı çətin iqtisadi durum imkan vermir ki, ucqar dağ kəndlərini lazımı səviyyədə elektrik enerjisi və qaz verilsin. Yerli əhali qarlı-şaxtalı havada çətinliklə keçinib gedirlər.

Ona görə də Ermənistanın siyasi hakimiyyətinin və Fransa kimi xarici qüvvələrin girovuna çevrilən və təsadüflər hesabına yaşayan sadə ermənilər üçün bu cür “missiyalar” maraqlı deyil.

Təsadüfi deyil ki, səfir paylaşdığı fotoda onun ətrafında cəmi 2-3 nəfər var. Yəqin ki, onlar da İrəvandan gəlib. Lakin kənd sakinləri üçün Olivye Dekotininin sərsəmləmələri qətiyyən maraqlı deyil.

Nəzərə alaq ki, hazırdakı çətin sosial-iqtisadi durum və “məğlubiyyət sindromu” Ermənistandakı əhalini siyasi proseslərdən tamamilə uzaqlaşdırıb. Əhali siyasətlə deyil, gündəlik qayğıları ilə məşğuldur. Ona görə də Ermənistandakı revanşist qüvvələrin və Qərbdəki anti-Azərbaycan qüvvələrinin bütün cəhdləri uğursuzluğa düçar olur. Cəmiyyətdəki müqavimətsizlik, təbii ki, daha çox Paşinyan iqtidarının işinə yarayır. İndiki vəziyyətdə o öz idarəçiliyini rahatlıqla davam etdirir. 

Bəs, Fransa niyə təxribatlardan əl çəkmir?

Fransanın bütün təşəbbüslərinin uğursuzluğa məhkum olmasına rəğmən, fransızlar dayanmaq istəmirlər. Daha doğrusu, dayana bilmirlər. Bunun da iki səbəbi var. 

Birincisi odur ki, Fransanın istənilən təşəbbüsünün arxasında külli miqdarda kapital dayanır. Məlum olduğu kimi, Fransada güclü erməni diasporu var. Bu diaspor Fransanın siyasi –iqtisadi həyatında mühüm rol oynayır. Hətta keçirilən istənilən seçkinin səmtini də dəyişə bilirlər. Ona görə də Fransa siyasətçiləri fürsət düşdükcə ermənilərin siyasi və iqtisadi dəstəyindən geninə-boluna yararlanır. Əvəzində də Azərbaycan və Türkiyəyə qarşı pozuculuq fəaliyyəti ilə məşğul olurlar. Səfir Olivye Dekotinin də təmas xəttinə gətirən də məhz bu səbəbdir.

İkinci faktor ondan ibarətdir ki, Fransa lider dövlət olmaq istəyir. Ona görə də münaqişə zonalarına nüfuz etmək, özünün gücünü göstərmək istəyir. Bu məqsədlə də Ermənistanı silahlandıraraq, Azərbaycana qarşı təxribatlar törətməyə sövq edir.

Fransa nə qədər çalışsa da...

Amma Azərbaycanın qətiyyəti hesabına Fransa Cənubi Qafqazda oyundankənar saxlanılır. Lakin rəsmi Paris reallıqla barışmaq istəmir. Hər vasitə ilə Cənubi Qafqaza soxulmağa çalışır. Bunun üçün də Ermənistanın düşdüyü çıxılmaz durumdan bəhrələnmək istəyir.

Amma Fransanın Cənubi Qafqazda var olmaq sevdası heç zaman baş tutmayacaq. Çünki bu məsələ təkcə Ermənistanın istəyi ilə bağlı deyil. Fransa nə etsə də, Azərbaycan buna imkan verməyəcək.
Üstəlik, digər region dövlətləri Türkiyə, İran və Rusiya da Fransanın Cənubi Qafqazda peyda olmasını istəmir. Əgər Ermənistan Fransanı bölgəyə gətirmək istəsə, ən azı Türkiyə, İran və Rusiya ilə bütün münasibətləri kəsməlidir. Ən əsası, Parisin oyunları ilə təxribata cəhd edərsə, Azərbaycanın adekvat addımlarına hazır olmalıdır.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin