Prezident bu qanunu TƏSDİQLƏDİ 

Hazırda oxunan: Prezident bu qanunu TƏSDİQLƏDİ 

176298

Prezident İlham Əliyev Milli Məclisin ötən il dekabrın 19-da qəbul etdiyi “Dövlət ehtiyatları haqqında” qanunu təsdiqləyib. 

Bizim.Media xəbər verir ki, qüvvəyə minən qanun 4 fəsil, 14 maddədən ibarətdir. 

Sənəddə dövlət ehtiyatları sahəsində dövlətin 3 əsas vəzifəsi müəyyənləşdirilib: 

- strateji əhəmiyyətli malların siyahısını, istehlak bazarının həmin mallarla təmin edilməsi vəziyyəti baxımından qiymətlərin kəskin artması və azalması risklərini müəyyən etmək; 

- strateji ehtiyatların və Azərbaycanın mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə ehtiyatların tədarükünü eləcə də, təchizatçıların seçilməsini təmin etmək; 

- strateji əhəmiyyətli malların (o cümlədən bazar iştirakçıları tərəfindən təmin edilən malların) monitorinqini aparmaq. 

Strateji ehtiyatlar dövlət ehtiyatları üzrə məsul orqan, habelə məsul saxlayıcılar tərəfindən yerləşdirilir və saxlanılır. Strateji ehtiyatlar məsul saxlayıcı qismində çıxış edən fiziki və hüquqi şəxslərlə dövlət ehtiyatları üzrə məsul orqan arasında bağlanılmış müqavilə əsasında saxlanılır. 

Strateji ehtiyatların saxlanıldığı yerlərin (anbarların) mülkiyyətçisi dəyişdikdə yeni mülkiyyətçi Mülki Məcəllənin tələblərinə riayət edilməklə 12 ay ərzində strateji ehtiyatların saxlanılmasını təmin etməlidir. Bu halda dövlət ehtiyatları üzrə məsul orqanla əvvəlki mülkiyyətçi arasında bağlanılmış müqavilənin şərtləri yeni mülkiyyətçiyə şamil edilir. 

Fövqəladə və səfərbərlik ehtiyatları bu qanunda nəzərdə tutulmuş sifarişçilər tərəfindən yerləşdirilir və saxlanılır. 

Dövlət ehtiyatlarının yerləşdirilməsi və saxlanılması məsul saxlayıcılar tərəfindən “Dövlət sirri haqqında” qanunla müəyyən edilmiş qaydada məxfilik rejiminə riayət olunmaqla həyata keçirilir. 

Dövlət ehtiyatlarına yerləşdirilən malların saxlanılma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 

Dövlət ehtiyatlarının təyinatı aşağıdakılardır: 

- strateji əhəmiyyətli mallarla təchizatın dayanıqlığının təmin edilməsi; 

- strateji əhəmiyyətli mallar üzrə daxili bazarda qısamüddətli kəskin qiymət artmasının qarşısının alınması; 

- fövqəladə, müdafiə və səfərbərlik ehtiyaclarının təmin edilməsi; 

- humanitar yardımın təmin edilməsi. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin