Amerika şirkəti olan “Zoom Video Communications Inc” distributorlarına Rusiya dövlət qurumlarının servisdən yararlanmağını qadağan edir. Qadağa MDB dövlətlərinə də aiddir.
Bizim.Media xəbər verir ki, bu barədə birlik ölkələrində ZOOM xidmətini təşkil edən “RightConf” şirkəti partnyorlarını hələ ötən həftə məlumatlandırıb.
Qeyd edək ki, ABŞ-ın Rusiyaya sanksiyalarından sığortalanmaq üçün internet nəhəngi “Microsoft” da Moskva universitetlərindən birinə proqram təminatlarından imtina edib.
“Zoom Video Communications Inc”in sahibi Erik Yuan da Rusiyada sanksiyalara düşməkdən ehtiyatlanır.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ZOOM qadağalarını şərh edərkən bildirib ki, belə problemlər yaşamamaq və ZOOM-a alternativ yaratmaq üçün analoji servisin yerli nümayəndələrinin işini inkişaf etdirmək lazımdır.
Digər rusiyalı rəsmilər də ZOOM istifadəsinin dayandırılmasının təhsil müəssisələrində problem yaratmayacağını söyləyiblər. Çünki təhsil ocaqlarında Rusiyanın müvafiq servisi olan “Sferum”un xidmətlərindən yararlanırlar. Bu qərarı siyasətin biznesə müdaxiləsi kimi dəyərləndirən ruslar, video-konfrans baxımından rahatdırlar.
Çünki Rusiyada ZOOM-a analoqlar var və güclü rəqabət müşahidə olunur. Bəs Azərbaycan nə edəcək?
Bildiyimiz kimi, pandemiya ilə əlaqədar kütləvi tədbir və bəzi görüşlərin qadağan olunması, karantin rejiminin tətbiqi müəyyən fəaliyyətləri onlayn müstəviyə keçirib. Bunu istər Prezident səviyyəsindəki konfranslar, nazirlərin görüşü, müxtəlif qurumların hesabatlarında da görmək olar.
Saxta ZOOM tətbiqlərinin təhlükəli olması, Azərbaycanda sözügedən servisə paralel proqramın olmaması qərbdən rəqəmsal asılılığı aktuallaşdırır. Qərb isə bu reallığı bilir və görür...
Əksər ekspertlərin fikrincə, ABŞ və Avropaya aid servis istehsalçıları ZOOM kimi tətbiqləri müxtəlif ölkələrə əvvəlcə güzəştli şərtlərlə təklif edirlər. Müəyyən vaxtdan sonra həmin dövlətlərin bütün fəaliyyəti ZOOM-la çərçivələnəndə siyasi həmlələr biznes maraqlarının üstünə çökür. Örnək kimi, Baydenin Kremlə qarşı sanksiyaları fonunda ZOOM servisinin Rusiyada istifadəsinə qadağanı göstərmək olar.
Beləliklə, ZOOM-un ölkəmizdəki dövlət qurumlarında fəaliyyətinin dayandırılması istisna deyil.
Distant təhsilə keçidlə tədrisdə müxtəlif problemlər yaşayan şagird və tələbələr ZOOM vasitəsilə təşkil olunan seminar və mühazirələrdən də məhrum ola bilər. Eyni zamanda, bu dövlət strukturlarının işini ləngidə, medianın və cəmiyyətin ölkədə baş verənlərdən xəbərsiz qalmasına gətirib çıxara bilər.
Müxtəlif təhlilçilərə görə, ZOOM Azərbaycanda fəaliyyətinə stop qoysa, Rusiya bazarı açılacaq və qərbdən asılılıq şimala yönələcək.
"Pomidor qalmaqalı"ndan sonra isə hansısa sektorda Rusiyadan asılı olmaq istəyənlər azdır. Pozitiv ümid yeri isə Türkiyə alternatividir. Amma hər halda bütün sadalananlar bu istiqamətdə Azərbaycanın inkişafını və yeni layihələrə start verməsini şərtləndirir.
Mövzunu davam etdirəcəyik. Diqqətiniz bizdə olsun...
Anar Rəhimov, Bizim.Media