Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark Libbinin etimadnaməsini qəbul edib.
Bizim.Media xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Dövlətimizin başçısı səfirlə söhbət edib.
Azərbaycan Prezidenti səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Səfir ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə münasibətlərin perspektivlərinə, həmçinin beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb. İqtisadi, enerji sahələrində və iki ölkənin biznes dairələri arasında əməkdaşlıq məsələlərinə toxunulub.
Söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi barədə fikir mübadiləsi aparılıb.
ABŞ səfiri COP29-un bu il Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb.
Görüşdə COP29 çərçivəsində Azərbaycanla ABŞ arasında iqlim dəyişikliyi mövzusunda əməkdaşlıq imkanlarına da toxunulub.
Bizim.Media