Prezident seçkisində namizədlərin hansı hüquqları var?

Hazırda oxunan: Prezident seçkisində namizədlərin hansı hüquqları var?

173673

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində prezidentliyə namizədliyi qeydə alınmış yeddi nəfər iştirak edəcək. Hər bir namizədə qanunvericiliklə əhatə olunan bütün hüquq və imtiyazlar tanınır.

Bizim.Media Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata istinadən xəbər verir ki, Prezident seçkisində namizədliyi qeydə alınan namizədlərə seçkiqabağı təşviqat aparmaq məqsədilə bir sıra media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.

Ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılan media subyektləri aşağıdakılardır:

- İctimai Televiziya və Radio Yayımları Şirkəti;

- “Azərbaycan” qəzeti;

- “Xalq qəzeti”;

- “Respublika” qəzeti;

- “Bakinskiy raboçi” qəzeti.

Secki-2024.az saytı xəbər verir ki, prezidentliyə namizədliyi qeydə alınmış şəxslərə tanınan hüquqlar təkcə ödənişsiz təşviqatla məhdudlaşmır. Bu məsələlər Seçki Məcəlləsində yer alır.

Məsələn, məcəllənin 184-cü maddəsi prezidentliyə namizədin nəqliyyat xərclərinin ödənilməsi hallarını da əhatə edir.

Həmin maddənin 1-ci bəndində göstərilir ki, prezidentliyə namizəd qeydə alındığı gündən seçkinin nəticələrinin rəsmi dərci gününədək Azərbaycan ərazisində gediş-gəliş üçün ictimai nəqliyyatın bütün növlərindən (taksi və sifarişli reyslər istisna olmaqla) dövlət vəsaiti hesabına istifadə etmək hüququna malikdir.

Eyni maddənin 2-ci bəndində qeyd olunur ki, ölkə ərazisində göstərilən nəqliyyatdakı gediş-gəliş xərcləri MSK tərəfindən seçkilərin hazırlanması və keçirilməsi üçün ayrılmış vəsait hesabına və təqdim edilmiş gediş-gəliş sənədləri əsasında ödənilir.
Bu zaman namizədə dəmir yolu ilə 8 dəfə və təyyarə ilə 4 dəfə gediş-gəliş üçün nəzərdə tutulan xərclər ödənilir.

Seçki Məcəlləsinin 185-ci maddəsində isə prezidentliyə namizədin toxunulmazlığı və təhlükəsizliyi məsələləri yer alıb. Belə ki, qeydə alınmış prezidentliyə namizədin təhlükəsizliyi MSK-nın müəyyən etdiyi qaydada təmin edilir.

Qeydə alınmış prezidentliyə namizəd bu məcəllənin 70.4-cü maddəsində göstərilən qaydada yalnız Azәrbaycan Respublikası Baş prokurorunun razılığı ilə məsuliyyətə cəlb edilə bilər.

Məcəllənin 186-cı maddəsinə əsasən, prezidentliyə namizədin 50-yə qədər vəkili ola bilər.

Göstərilən şəxslər Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınır. Digər hüquq prezidentliyə namizədlərin seçki fondları ilə əlaqədardır.

Seçki Məcəlləsinin 191-ci maddəsinə görə, prezidentliyə namizədin seçki fondunun yuxarı həddi 10 milyon manatdan çox ola bilməz. Prezidentliyə namizədlərin seçki fondları yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:

- Prezidentliyə namizədlərin 250 min manatdan çox olmamaq şərti ilə, xüsusi vəsaiti (siyasi partiyalar, siyasi partiyaların bloku tərəfindən irəli sürülən prezidentliyə namizədlər üçün bu xüsusi vəsait siyasi partiyaların, siyasi partiyaların blokunu yaratmış siyasi partiyaların verdiyi vəsaitlər hesabına formalaşır);

- Vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri. Könüllü ianələrin həddi vətəndaş üçün 3000, hüquqi şəxs üçün 50 min manatdan çox ola bilməz.

Prezident seçkisində seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı da açıqlanıb. Siyahı MSK saytında yerləşdirilib. Həmin yerlərdən bütün təşviqat subyektləri bərabər əsaslarla ödənişsiz istifadə edə bilərlər. Bu məqsədlə digər yerlərdən də qanunvericiliyə uyğun istifadə edilməsi mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin