İranın növbəti XƏYANƏTİ – Təbrizdə erməni konsulluğu açmaq planının PƏRDƏARXASI

Hazırda oxunan: İranın növbəti XƏYANƏTİ – Təbrizdə erməni konsulluğu açmaq planının PƏRDƏARXASI

173667

İran dinc dayanmır. Azərbaycana qarşı təxribatlarını səngitmir. Ən pisi də odur ki, bu təxribatlar dövlət səviyyəsində təşkil edilir. Halbuki, İbrahim Rəisi başda olmaqla əksər İran rəsmiləri mikrofon görən kimi Azərbaycanı “dost və qardaş ölkə” adlandırır. 

Amma reallıqda isə Azərbaycan dövlətinin və xalqının maraqları əleyhinə olan tədbirlərin sayını günbəgün genişləndirir.
 

MÖVZU İLƏ BAĞLI:

Tehrandan İrəvana qardaş JESTİ – Təbrizdə Ermənistan konsulluğu açmaq planının GİZLİNLƏRİ


Ən pisi də odur ki, bu cür təxribatları Ermənistanla birgə təşkil edir. Ermənistanın ölkəmizə qarşı istənilən təxribatı təəccüblü görünmür. Çünki ermənilər xalqımıza qarşı düşmən münasibəti bəsləyirlər. 

Lakin molla-fars rejiminin tükənmək bilməyən təxribatlarını anlamaq bir qədər çətindir. Həm ona görə ki, rəsmi Tehran Azərbaycanı “dost və qardaş” ölkə adlandırır. Həm də, İran əhalisinin yarıdan çoxu azərbaycanlılardır. Ona görə də molla-fars rejiminin Azərbaycana qarşı təxribatları təkcə iki ölkə arasında münasibətlərə zərbə vurmur, həm də İrandakı 40 milyondan artıq azərbaycanlının heysiyyatına toxunur.

Bu cür siyasət ilk növbədə İranı zərbə altına salır. 

O taylı, bu taylı azərbaycanlılarda belə bir əminlik formalaşır ki, farslardan bizə heç zaman dost olmayacaq. Nəticədə, həm iki ölkə arasında siyasi-iqtisadi və mədəni əlaqələr zəifləyir, həm də bu, Güney Azərbaycanda etirazlara təkan verir. 

İran son 35 ildə heç zaman Azərbaycana qarşı səmimi olmayıb. Lakin 44 günlük müharibədən sonra Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi İran hakimiyyətində ciddi narahatlıq yaratdı. Ona görə də rəsmi Tehran anti-Azərbaycan layihələrini leqal və nümayişkaranə bir şəraitdə həyata keçirməyə başladı. 

Ən pisi də odur ki, İran 10 noyabr 2020-ci ildən sonra açıq şəkildə ermənipərəst siyasət aparmağa start verdi. Molla-fars rejimi təkcə ermənilərə maddi-mənəvi dəstək vermədi, həm də Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə təşviq etməyə başladı. 

Son 3 ildə İran Ermənistana hər cür hərbi yardım göstərib. Hətta Ermənistana öz mütəxəssislərini göndərərək, Azərbaycana qarşı onlara təlimlər də təşkil edilib. Bu isə açıq düşmənçilikdir. Ümumiyyətlə, İranla Ermənistan arasında əlaqələrin inkişaf tempi son 3 ildə əvvəlki 30 ildəkindən dəfələrlə böyükdür.

Növbəti xəyanət xəbəri Təbrizdən gəldi… 

Yeni il ərəfəsində isə erməni-fars birliyi daha bir təxribata imza atıb. Belə ki, dekabrın 27-də bir araya gələn İran və Ermənistan xarici işlər nazirlərinin görüşündə çox təəccüblü qərar qəbul edilib.

Qərara əsasən, əhalisinin 95 faizi azərbaycanlılar olan Təbriz şəhərində yaxın günlərdə Ermənistanın konsulluğu açılacaq.  

Yada salaq ki, buna qədər - 2022-ci ilin oktyabrında İran Ermənistanın Qafan şəhərində konsulluq əməliyyatlarına başlayıb. İranın konsulluğa ən məqbul saydığı şəhər - Qafan düz Azərbaycan sərhədində yerləşir. Bundan əlavə, qarşılıqlı şəkildə konsulluqların açılmasının Azərbaycanın böyük qələbəsindən sonraya salınması da təsadüf deyil. 

İran istəsəydi, ötən 30 ildə Ermənistanın istədiyi şəhərində öz konsulluğunu aça bilərdi. Eyni zamanda, Ermənistanın İranın müxtəlif bölgələrində konsulluğu açıla bilərdi. Amma bu son 30 ildə deyil, son 3 ildə gündəmə gəldi. Təbii ki, bütün bu proseslərin son 3 ildə baş verməsi çirkin və bədxah niyyətlərdən xəbər verir. 

İran niyə məhz Qafanda konsulluq açdı?

Məlumdur ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi bağlanmayıb. Bunu bəhanə bilən ermənilər mütəmadi olaraq sərhədyanı bölgələrdə təxribatlar törədir. Bu təxribatlarla ermənilər öz aləmlərində göstərmək istəyirlər ki, münaqişə hələ bitməyib və hər an yenidən alovlana bilər. 

İran da ermənilərin bu təxribatlarından bəhrələnmək istəyir. Guya ki, təxribatlara cavab verərkən Azərbaycan nə zamansa İranın Qafandakı konsulluğuna zərər yetirə bilər. Bu da molla-fars rejiminə Azərbaycana qarşı ermənilərə hər cür hərbi yardım edilməsinə “hüquqi əsas” verər. Nəticədə, molla-fars rejimi Azərbaycana qarşı bütün kin-küdurətini hərbi platforma üzərindən püskürmək fürsəti qazanar. 

Bəs, Ermənistanın konsulluğu niyə məhz Təbrizdə açılır?

Burda da təxribat əsas səbəbdir. Həm rəsmi Tehran, həm də rəsmi İrəvan Təbrizdə Ermənistanın konsulluğunu açmaqla quzeyli-güneyli azərbaycanlıların heysiyyatı ilə oynamaq istəyir. Çünki Təbriz təkcə azərbaycanlıların yaşadığı şəhər deyil. Təbriz azərbaycanlılar üçün çox-çox yüksək dəyərləri özündə birləşdirən bir şəhərdir. Son 100 ilin bir məşhur beyti var:

“Azərbaycan bir olsun,
Paytaxtı Təbriz olsun!”


Bütün dünya azərbaycanlıları hər zaman Təbrizi paytaxt kimi bilib və o günün gələcəyinə inanıblar. Azərbaycanlıların bu istəyindən molla-fars rejimi də, ermənilər də xəbərdardırlar. Ona görə də Təbrizdə konsulluq açmaqla bu bədnam cütlük öz aləmlərində azərbaycanlılara göz dağı vermək istəyir.

Təbriz üzərində aparılan siyasi manipulyasiya İranın çarəsizliyinin göstəricisidir.

Molla-fars rejimi bu bədnam niyyətini gündəmə gətirməklə o taylı-bu taylı azərbaycanlıların nəbzini yoxlamaq istəyir.

Yəqin ki, Təbrizdə və onun ətrafında baş verən proseslərə uyğun olaraq rəsmi Tehran növbəti addımlarını müəyyən edəcək. 

Amma bütün hallarda molla-fars rejiminin bu taktikası qorxaqlığın əlamətidir. İran höküməti edə bilmədiyini edə biləcəyi kimi təqdim etməklə Azərbaycana mesaj vermək istəyir. Amma hər kəs bilir ki, molla-fars rejimi Təbriz əhlindən və digər bölgələrdə yaşayan azərbaycanlıların qəzəbindən ehtiyat edir. 

Çünki Təbriz tarix boyu Azərbaycanın siyasi və mənəvi mərkəzi olmaqla yanaşı həm də bu şəhər Səttarxanların, Pişəvərilərin, Xiyabanilərin meydanı olub. 

Ola bilsin ki, Təbrizdə konsulluq açılacaq. Amma o konsulluğun ömrü o qədər də uzun ola bilməz. Bir gecədə o konsulluq yerlə-yeksan edilər. Bunu ermənilər də yaxşı bilir. Bildikləri üçün də irəli durmurlar. 

Nazirlərin dekabrın 27-dəki görüşündə razılaşılmışdı ki, yanvarın ilk günlərində konsulluq fəaliyyətə başlayacaq.

Amma artıq yanvar qüruba doğru gedir. Lakin molla-fars rejimindən və qorxaq ermənilərdən səs-soraq yoxdur. Bu da o deməkdir ki, dekabrın 27-də və ondan əvvəllər də səsləndirilən bu cür fikirlər təxribat xarakteri daşıyır və heç bir real əsası yoxdur. Bu sadəcə növbəti təxribat, növbəti “siyasi gedişdir”.
Amma həm ermənilər, həm də molla-fars rejimi unudur ki, ox yaydan çıxıb. Hər gün gücünə güc qatan Azərbaycan ona aid olanları geri almağa qadirdir. Yəni, Təbriz üzərində qurulan çirkin və qorxulu oyun əslində Azərbaycanı daha bir ülvi arzusuna qovuşmasına vəsilə ola bilər…

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin