«Seçkilərin mediada işıqlandırılması, səmərəli kommunikasiyanın qurulması üçün bütün imkanlar yaradılıb».
Bizim.Media xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov media subyektlərinin Azərbaycan Respublikası Prezidenti seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi əzmkarlığı ölkəmizdə və eyni zamanda regionumuzda yeni siyasi reallıqlar yaradıb:
«Azərbaycanın liderliyinin ön planda dayandığı bu reallıqlar xalqımızın tarixi arzularının həyata keçməsi, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpa olunması kimi vacib amillərlə şərtlənir. Yeni mərhələ cəmiyyət həyatının bütün sahələrini əhatə etməklə ölkəmizdə dərinləşmiş islahatların davamlılığını, həyatımızın müasir dövrün dinamik inkişafına uyğunlaşdırılmasını və beləliklə, ölkəmizin tərəqqisinin daimiliyini təmin edir. Qalib Azərbaycan hər bir soydaşımızın qürur yeri olmaqla yanaşı ölkəmizin qabaqcıl mövqeyini, beynəlxalq müstəvidə öz layiqli yerini tutmasını istəməyən qüvvələrin də planlarını alt-üst etməkdədir”.
Agentliyin sədri bildirib ki, milli maraqlarımıza xidmət edən müstəqil medianın inkişafının dövlətin əsas prioritetləri sırasında dəyərləndirən Prezident jurnalist əməyinə daim yüksək qiymət verib:
«Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq auditoriyaya çatdırılmasında medianın rolu xüsusidir. 2022-ci ildə Milli Mətbuat Günündə Şuşada ilk dəfə keçirilən beynəlxalq media forumuna müraciətində Prezidentin jurnalistlər qarşısında qoyduğu mühüm vəzifələr aktuallığını qoruyub saxlamaqdadır. Dövlət başçısı bildirib ki, Azərbaycan Respublikası müstəqil siyasət yürüdən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlətdir. Məhz buna görə qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdləri səngimir. Vətən müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynaylb. Media resurslarımız Azərbaycan həqiqətlərini, o cümlədən işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirirlər”.
Ə.İsmayılov həmçinin növbədənkənar Prezident seçkilərinin də ölkənin siyasi həyatında əlamətdar hadisə olacağını vurğulayıb:
«Medianın öz peşəkarlıq səviyyəsini nümayiş etdirməsi, cəmiyyəti ictimai məzmunlu məlumatlarla dolğun formada və operativ qaydada təmin etmək üçün əhəmiyyətli fürsətdir. Seçkilərin mediada işıqlandırılması, səmərəli kommunikasiyanın qurulması üçün bütün imkanlar yaradılıb. Söz və məlumat azadlığının təmin edilməsi, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların müstəqilliyinin gücləndirilməsi istiqamətində son illər həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycan mediasının peşəkarlıq səviyyəsi daha da yüksəlmiş, jurnalistikamız keyfiyyətli inkişaf mərhələsinə qədəm qoyub.
Yeri gəlmişkən, dünən Prezident yerli televiziya kanllarımızın əməkdaşlarına verdiyi əhatəli və konseptual xarakterli müsahibəsində növbədənkənar Prezident seçkilərini zəruri edən amillərlə bağlı öz dəyərli fikirlərini bildirmiş, bu mərhələni dövləçilik tariximizidə yeni dövrün başlanğıcı adlandırıb. Təbii ki, 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyimizin tam bərpa olunması yeni dövrün başlanğıcıdır. Prezident seçkiləri ilk dəfə olaraq müstəqil Azərbaycanın bütün ərazisində keçiriləcək. Dövlət başçımızın da vurğuladığı kimi, prezident seçkiləri dövlətçilik tariximizin yeni dövrünə, yeni inkişaf mərhələsinə xeyir-dua verəcək”.
Qeyd edək ki, Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Azərbaycan Respublikası Prezidenti Seçkilərində fəaliyyətinin əsaslarına həsr edilən müşavirə Mərkəzi Seçki Komissiyası, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilir.
Günay Şahmar, Leyla Qəhrəmanova, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:39 / 11.01.2024
"Seçkilərin mediada işıqlandırılması üçün bütün imkanlar yaradılıb" – Əhməd İsmayılov
Hazırda oxunan: "Seçkilərin mediada işıqlandırılması üçün bütün imkanlar yaradılıb" – Əhməd İsmayılov
Hazırda oxunan: "Seçkilərin mediada işıqlandırılması üçün bütün imkanlar yaradılıb" – Əhməd İsmayılov
172915
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.