Şuşa türməsi sovetlər birliyinin ən qatı cinayətkarlarının islah olunduğu həbsxanalardan biri olub. Həbsxananın tikilişi, strukturu elə idi ki, buradan heç bir məhbus qaça bilməzdi.
Azərbaycanlılarla ermənilərin saxlanılığı cəzaçəkmə müəssisəsinə hətta Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan da gəlib. Məhbusları Şuşa döyüşlərində iştirak üçün azad edən türmənin son rəisi Aydın Abbasov 29 il sonra ilk dəfə efir məkanında məşhur türmənin sirlərini "Xəzər Xəbər"ə açıb.
Bizim.Media xəbər verir ki, 29 il əvvəl Xankəndidəki aksiyalarda azərbaycanlıların guya türmədə erməniləri incitməsi ilə bağlı iddialar səsləndirən Serj Sarkisyan nümayəndə heyəti ilə Şuşa türməsində təxribat törətməyə çalışıb.
Həmin vaxt türmənin rəisi olan Aydın Abbasov bu yalanı ifşa edərək Serj Sarksiyanla bərabər digər erməniləri də tənbeh edib və onları türməyə buraxmayıb:
“Serj Sarkisyan iki dəfə mənim yanımda olub. Bir dəfə tək gəlib yaxın qohumu ilə görüş vermişəm. İkinci dəfə bir dəstə prokurorluq işçiləri ilə gəlib ki, türməni yoxlatdırsın. Mən ona icazə verməmişəm, içəri buraxmamışam”.
Şuşa işğal olunana qədər türmənin rəisi işləyən Aydın Abbasov deyir ki, orada bütün millətlərdən olan məhbuslara eyni qaydada münasibət göstərilib.
Lakin ermənilər türmədə olan hər kəsdən fərqlənib. Olduqca hiyləgər olan erməni məhbuslar maskalanaraq özlərini sakit aparsalar da, fürsət düşən kimi hər cür pisliyi edirmiş.
“100-ə qədər erməni cinayətkarı orada cəza çəkirdi. Mən onları azərbaycanlılarla bir kamerada saxlayırdım. Rejiminə görə ən sərt türmə idi. Tikiliş qaydası, sturukturu elə idi ki, ordan qaçmaq mümkün olmayıb”- deyə A.Abbasov qeyd edib.
Şuşa işğal olunmazdan bir neçə saat əvvəl Aydın Abbasov çətin qərar qarşısında qalır. Çünki erməni məhbuslar bir müddət əvvəl Bakıya göndərilmişdi, amma 36 azərbaycanlı məhkum hələ də türmədə qalırdı.
Ermənilər isə Şuşanın bir addımlığında idi. Bu məqamda Aydın Abbasov bütün məhbusları sərbəst buraxır və onları döyüşə çağırır:
“Məhbuslardan şəhid olan olmadı, amma mənim işçilərimdən ikisi şəhid oldu. Nəzarətçilərdən də bir neçəsi itkin düşdü. Amma hamısı döyüşdülər”.
Döyüşlər bitdikdən sonra 35 məhbusun bəziləri etdikləri qəhrəmanlıqlara görə əfv edilərək azadlığa buraxılır. Digərlərinin isə qanunun verdiyi imkanlar çərçivəsində cəzaları azaldılır.
Bizim.Media