“İskəndər-M” böhranı ilə bağlı Tofiq Zülfüqarovdan PƏRDƏARXASI FİKİRLƏR

Hazırda oxunan: “İskəndər-M” böhranı ilə bağlı Tofiq Zülfüqarovdan PƏRDƏARXASI FİKİRLƏR

17217

Şuşada tapılan “İskəndər-M” raketinin qalıqları ilə əlaqədar ajiotaj səngimir. Müəyyən fikirlər səsləndirilir ki, bu raketlə bağlı məsələnin araşdırılması üçün Azərbaycan BMT-yə müraciət etməlidir. Amma görünür, çox adam erməni işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin 30 ilə yaxın sadəcə kağız üzərində qaldığını unudub.

Bəs, Şuşadakı silah qanunsuzluğu ilə bağlı Azərbaycan tərəfi hara müraciət etməlidir? 

“Mən hesab edirəm ki, hələ araşdırmalar davam edilməlidir. Çünki raketin haradan və kim tərəfindən atıldığı dəqiq bilinməlidir. Bilirsiniz, mən bu məsələ ilə bağlı fərqli mövqedəyəm. Hesab edirəm ki, bu raketlər Ermənistana heç vaxt verilməyib. İskəndər raketləri 2013-cü ildən silah kimi Gümrü bazasında yerləşdirilib”.

Bu sözləri Bizim.Media-nın sualına cavab olaraq eks Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov açıqladı.

Politoloq vurğuladı ki, “İskəndər-M” raketlərinin Gümrüdəki hərbi bazada olması haqqında rəsmi məlumatlar da var:

“Bunu Rusiya Müdafiə nazirliyi də təsdiqləyib. O ki qaldı sözügedən raketin Ermənistana verilməsinə, hesab edirəm ki, 2016-cı illdə bu silahlar onlara verilməyib. Sadəcə olaraq görüntü yaradılıb və Azərbaycana qarşı qorxu kampaniyası kimi bir propoqanda (təbliğat) əməliyyatı baş verib. 

3 il bundan əvvəl də bildirmişəm ki, bu silahlar İrəvana verilməyib. Bəzi məqamlar onu göstərir ki, digər ölkələr kimi silah ixracı zamanı Rusiya da müxtəlif beynəlxalq qurumlara məlumat verir.

Amma mən, Moskvanın bu silahı İrəvana verdiyini heç yerdə tapmamışam. Bəlkə də yaxşı axtarmamışam. Lakin hər halda BMT-nin hesabatlarında İskəndər raketlərinin Ermənistana verilməsinə rast gəlməmişəm. Əvvəlcədən də bu mövqedəyəm ki, bu raketlər təkcə Rusiya hərbçilərinin əlindədir. 

Nəyə görə bu mövzu indi aktualdır? Çünki həm İskəndər raketləri, həm də guya Rusiyanın Ermənistana verdiyi qırıcı təyyarələr Moskva-İrəvan əlaqələrinin bir növ simvoluna çevrilib.

Ermənistan ictimaiyyətini hazırda bir sual maraqlandırır ki; Rusiya bizə müharibə vaxtı lazımi səviyyədə kömək etməyib. Savaşdan öncə də Ermənistana silah verilməyib faktı ortaya çıxsa, İrəvandakı ruspərəst qüvvələr gələcək seçki öncəsi aciz qalacaqlar. Bu isə ikinci İskəndər böhranına gətirəcək və ruspərəst qüvvələr darmadağın olacaq. Təhlillərimdə raketlə əlaqədar yayılan məlumatların Ermənistanın daxili siyasətinə hansı təsir göstərəcəyinə önəm verirəm”. 

Sözlərinizdən belə anlaşıldı ki, “İskəndər-M” raketləri ilə bağlı Azərbaycanın beynəlxalq qurumlara müraciəti yalnız müvafiq araşdırmalardan sonra ünvanlana bilər. Doğrudur? 

“Araşdırmalarda hələ konkret bir şey göstərilmir. Deyirlər ki, nömrə var. Axı nömrə yoxdur. Adi avtomatı götürsək, məsələn orada yazılıb ki, “AK74” və ardınca nömrəsi görünür. İskəndər raketi ilə bağlı bizdə olanlar məlumatın birinci hissəsidir. Amma nömrəsi yoxdur. 

Bu və digər raketin harada istehsal olunması, hansı məntəqədən atılması və s. informasiyanı nömrə müəyyənləşdirir. Mən elə bir məlumata rast gəlməmişəm ki, həmin nömrə tapılıb, ya yox. Yəni, məlumat yetərincə deyil”.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin