Beynəlxalq aləm müxtəlif illərdə Ermənistan-Azərbaycan münaqişəsinin həllinin dinc yolla reallaşdırılmasına aid çağırışlar edib. Bu missiya naminə müəyyən sammitlər keçirilib, ATƏT-in Minsk Qrupu çərçivəsində dəfələrlə görüşlər baş tutub. 20 il bundan qabaq, 2001-ci il aprel ayının 7-də keçirilən Ki-Vest sammiti də belə görüşlərdən biri idi.
Həmin tədbirdə ulu öndər Heydər Əliyev və Ermənistanın o zamankı lideri Robert Köçəryanın görüşü olub.
3 gün davam edən müzakirələr ATƏT-in Minsk Qrupunun təxminən 30 illik fəaliyyəti kimi nəticəsiz qalıb. Əsas səbəb o idi ki, beynəlxalq təşkilatlar işğalçı ilə işğala məruz qalan tərəf arasında fərq qoymurdular. BMT, ATƏT və digər təsisatlar destruktiv mövqe tutan Ermənistana lazımi təzyiq göstərmirdilər.
Yəni, onlar elə zənn edirdilər ki, rəsmi Bakı Qarabağ probleminin “Qordi düyünü” kimi çözülməzliyinə göz yumacaq.
Amma Azərbaycanın səbr kasası doldu. Prezident İlham Əliyev dondurulmuş Qarabağ konfliktinin buzunu “Dəmir Yumruq”la çatlatdı. Nəticədə erməni işğalında olan Azərbaycan torpaqları azad olundu.
“Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi istiqamətində 1992-ci ildən başlayaraq, öncə ATƏM adlanan, sonra ATƏT-in Minsk Qrupu fəaliyyət göstərdi. Bütün fəaliyyəti ərzində biz, ATƏT-in Minsk Qrupunun hər hansı bir töhfəsini görmədik”.
Bu sözləri Bizim.Media ilə dialoq zamanı açıqlayan millət vəkili Elşad Mirbəşiroğlu qeyd etdi ki, hətta kommunikasiyaların yaradılmasına fayda vermək məqsədilə ATƏT-in Minsk Qrupu tərəfindən görüşlərin təşkil olunması da konfliktin tənzimlənməsi istiqamətində müsbətə doğru bir addımın atılmasını şərtləndirmədi:
“Diqqəti çəkən məqam ondan ibarət idi ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri (ABŞ-Rusiya-Fransa) sanki münaqişənin nizamlanması prosesini öz nəzarəti, başqa tərzdə desək, inhisarı altında saxlamaq istəyirdilər.
Konfliktin mövcud olduğu dövr ərzində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri öz varlıqlarını nümayiş etdirmək üçün tərəflər arasında görüşlər keçirirdilər. Bu görüşlər sanki növbəli xarakter daşıyırdı. Tutaq ki, Fransanın təşəbbüsü ilə bir görüş keçiriləndən sonra digər görüş ya Rusiya, ya da ABŞ-da baş tuturdu.
2001-ci ildə Kolin Pauelin (eks ABŞ dövlət katibi) təşəbbüsü və iştirakı ilə baş tutan Ki-Vestdəki tədbir də belə görüşlərdən biri idi.
Ki-Vest münaqişənin tənzimlənməsinə nəinki töhfə vermiş oldu, əksinə görüşdən sonra ABŞ konfliktin nizamlanması yönündə aşkar fəaliyyətsizlik sərgilədi. Amerika rəsmilərinin dilindən hətta belə bir mövqe də səslənməyə başlayırdı ki, Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həllini istəyir, amma bu konfliktin tənzimlənməsi Ağ Ev üçün öndə duran məsələ deyil. ABŞ bununla diqqətə çatdırırdı ki, onların başqa problemləri var və konfliktin nizamlanmasına ayrıca vaxt ayırıb enerji sərf etmək istəmirlər.
Həqiqət isə ondan ibarətdir ki, həmin dövrdə münaqişənin tənzimlənməsi istiqamətində müəyyən addımın atılmaması Ermənistanın maraqlarına cavab verən status-kvonun saxlanılması kimi də qəbul oluna bilərdi.
Belə ki, Ermənistan Azərbaycan torpaqlarını işğalda saxlayırdı və bu situasiya İrəvanın maraqlarına cavab verirdi. Ona görə də, Ki-Vest görüşündə ABŞ-ın mövqeyi haqqında belə nəticəyə gəlmək olar ki, Ağ Ev məqbul bildiyi vaxtda konfliktin həlli üçün ciddi addımlar ata bilərdi.
Amma status-kvonun nə vaxtacan uzanacağı kimi suallar açıq qalırdı. Məhz belə görüşlər münaqişənin tənzimlənməsi istiqamətində sadəcə olaraq fəaliyyət imitasiyasını yaradır, real addımların atılmasını isə şərtləndirmirdi.
Ondan sonrakı dönəmdə də (2001-2020) tərəflər arasında baş tutan görüşlər elə Ki-Vest tipli idi. Lakin 2001-ci ilə qədər olan görüşlərin xarakteri Ki-Vest görüşündən fərqlənirdi.
2001-ci ilə qədər İstanbul Sammiti (1999) baş tutub. Bundan başqa Lissabon Sammitini (1996) də nümunə gətirmək olar.
Bu sammitlər tərəflərin birbaşa görüşü ilə əlaqədar olmasa da, ümummilli lider Heydər Əliyev Azərbaycanın haqlı mövqeyini və Ermənistanın işğalçılıq siyasətini dünyaya detalları ilə çatdırırdı. Ulu öndər informasiya müharibəsində yeni elementlər yaradırdı. Məsələn, Lissabon sammiti ərəfəsində ulu öndər Heydər Əliyevin sammitdə iştirak edəcək dövlət və hökumət başçılarına ünvanladığı məktublarda konflikt haqqında məlumat verilib və onlardan ədalətli mövqe nümayiş etdirmək xahiş olunub.
Amma 2000-ci illərdən başlayaraq keçirilən görüşlər imitasiya mahiyyəti daşıyırdı və Ermənistanın mövqeyi aydın sezilirdi. İrəvanın mövqeyi ondan ibarət idi ki, konfliktin nizamlanmasına imkan verilməsin və status-kvo saxlanılsın. 2020-ci ilin 27 sentyabr tarixinə qədər təəssüf ki, münaqişənin tənzimlənməsində imitasiya xarakterli belə addımlar atılıb.
Vətən müharibəsində möhtərəm cənab Prezidentin rəhbərliyi altında Azərbaycan ordusu öz gücünü, qüdrətini göstərdi.
Ancaq bu vaxta qədər Azərbaycan dünyaya sərgilədi ki, konfliktin nizamlanması istiqamətində dinc vasitələrin tətbiq edilməsi üçün Bakı bütün addımları atdı.
Amma nə dünya dövlətləri, ayrıca olaraq ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Azərbaycanın beynəlxalq hüquqa, humanizm prinsiplərinə söykənən mövqeyini yetərincə dəyərləndirmədi.
Belə olan halda, cənab Prezident İlham Əliyev də mənasız danışıqları sonsuzluğa qədər davam etdirmək fikrində olmadığını göstərdi və 44 günlük Vətən müharibəsində torpaqları işğaldan tam azad etdi”.
Elşad Mirbəşiroğlunun fikrincə, II Qarabağ savaşına qədər Azərbaycanın sərgiləmiş olduğu mövqe Vətən müharibəsindən sonra Bakıya qarşı yönələcək əsassız iradların qarşısını aldı.
Anar Rəhimov, Bizim.Media