2023-cü ilin ən yadda qalan SİYASİ HADİSƏLƏRİ – Deputatlardan AÇIQLAMA 

Hazırda oxunan: 2023-cü ilin ən yadda qalan SİYASİ HADİSƏLƏRİ – Deputatlardan AÇIQLAMA 

171272

2024-cü il qapımızı döyür. Artıq 2023-cü ilə “əlvida” deməyə hazırlaşırıq.

Bəs, 2023-cü  il ölkəmizin siyasi həyatında hansı hadisələrlə əlamətdar oldu?

Bizim.Media mövzu ilə bağlı millət vəkillərinin fikirlərini öyrənib:
 

MÖVZU İLƏ BAĞLI:

Deputatlar boş vaxtlarında nə edirlər? – SORĞU


Millət vəkili Hikmət Babaoğlu qeyd edib ki, 2023-cü il bir çox siyasi hadisələrlə yadda qaldı: 

Onlardan birincisi Ölkə Başçısının 2024-cü ilin 7 fevral tarixində növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncamıdır. Azərbaycan 2020-ci ildən 2023-cü ilin sonuna kimi çox böyük tarixi uğurlar əldə etdi. Əldə etdiyimiz bu uğurların daha da inkişaf etdirilməsi üçün bu seçkilərin keçirilməsi vacib idi. 

Çünki tarixi zəfərə imza  atan liderin, müzəffər Ali Baş Komandanın yaratdığı yeni reallıqları Azərbaycan xalqının gələcəyinə daşımaq zərurəti vardı. Ona görə də mən düşünürəm ki, ilin ən mühüm hadisələrindən biri budur. 2023-cü ilin yadda qalan hərbi-siyasi hadisələrindən biri sentyabrın 19 və 20-də Azərbaycan ordusunun keçirdiyi lokal antiterror tədbirləri oldu ki, bunun hesabınaa da 1923-cü ildə Azərbaycanın bağrına basılan qurama DQMV Azərbaycan dövlətçiliyinin təməlindən çıxarılıb tarixin arxivinə göndərildi. 

Bu anoloqu olmayan bir uğur idi. Bundan başqa Böyük Qayıdışla bağlı əlamətdar hadisələrə şahidlik etdik. Beynəlxalq aləmdə də çox böyük uğurlara imza atdıq. Ona görə də hesab edirəm ki, 2023-cü il dövlətçiliyimiz tarixinin ən uğurlu və yaddaqalan illərindən biridir”.

“Nəhayət ki, bu il Qarabağda separatizmə son qoyuldu”

Millət vəkili Razi Nurullayev isə qeyd edib ki, 2023-cü ilin ən yaddaqalan hadisəsi Azərbaycanın Qarabağda separatizmə son qoyması və bütün ölkə üzrə suveren hüquqlarının bərpa edilməsidir:

“Nəhayət ki, 2023-cü ildə biz fəxrlə deyə bildik ki, “Qarabağ adlı münaqişə yoxdur”. Problem tam həll edildi və separatizmə son qoyuldu. İkinci ən böyük hadisə təbii ki, Azərbaycanda növbədənkənar Prezident seçkilərinin elan olunmasıdır. Bununla bağlı hazırlıqlar gedir. Bu iki hadisəni xüsusilə vurğulamaq istəyərdim. 

Yaddaqalan digər bir hadisə Azərbaycanla Fransa arasında münasibətlərin son 30 ildə ən aşağı səviyyəyə düşməsidir. Bu iki ölkə arasındakı münasibətlər demək olar ki, Ermənistanla Azərbaycan arasındakı münaqişə ilə eyniləşdi. 

Fransa kimi bir dövlətin Azərbaycanda və bir çox Avropa ölkələrində fəaliyyət göstərmiş casus şəbəkəsinin ifşa edilməsi və sonda 2 fransız diplomatın “persona non-grata” elan edilməsi mənim zənnimcə çox əlamətdar bir hadisədir. Bu Azərbaycanın 2023-cü ildə əldə etdiyi ən böyük siyasi-diplomatik uğurlarından biridir. Sadaladığımız bu 3 hadisə zənnimcə 2023-cü ili yaddaşlarımıza və tarixə əbədi həkk edəcək”.

“Bütün torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır”

Millət vəkili Ceyhun Məmmədov da hesab edir ki, 2023-cü il Azərbaycan üçün çox uğurlu olub:

“Bu ilin ən əlamətdar hadisələrin birincisi Azərbaycanın Konstitusion quruluşunun bütün ərazilərində bərqərar etməsi oldu. Bu hadisəni təkcə 2023-cü ilin yox, həm də tariximizin ən şanlı hadisəsi kimi hər zaman yada salacağıq. Artıq biz bütün ərazilərimizə nəzarət edirik. Bütün torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır. Qarabağda separatizmin kökünü qazıyıb atdıq. Bütün ölkə üzrə suveren hüquqlarımızı bərpa etmişik. 

2023-cü ildə diplomatik sahədə də çox böyük uğurlar əldə etdik. Qonşu dövlətlərlə sülh və mehribanlıq şəraitində yaşamaq istiqamətində bütün zəruri addımlar atıldı.

Azərbaycan Cənubi Qafqazda davamlı sülhün olması üçün bütün zəruri tədbirləri gördü. 

Bu il Azərbaycan daha da gücləndi, daha da qüdrətləndi. Bu gün dünyada Azərbaycana regional güc kimi etimad göstərilir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynadı. Bir sözlə, 2023 Azərbaycan dövlətini qüdrətlənməsi və güclənməsi istiqamətində çox əlamətdar bir il kimi yadda qaldı”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin