“Məncə nə Co Bayden, nə Putin, nə də digərləri Cənubi Qafqaza əmin-amanlıq gətirməyəcək. Bunu ancaq iki tərəf - Azərbaycan və Ermənistan edə bilər”.
Bu fikirləri Bizim.Media-ya müsahibəsində rusiyalı politoloq, türkoloq Robert Ustyan deyib.
MÖVZU İLƏ BAĞLI:
Paşinyansayağı SÜLH OYUNU – Ermənistan sazişə yox, revanşizmə HAZIRLAŞIR…
Cənubi Qafqazda sülh üçün Azərbaycan və Ermənistanın birgə hərəkət etməli olduğunu deyən politoloq, Fransa kimi xarici aktorları regiondan tam uzaq tutmağın vacib olduğunu vurğulayıb.
Sözügedən müsahibəni təqdim edirik:
- Cənab Ustyan, Azərbaycan və Ermənistan sülhə bu qədər yaxın ikən, Fransa yenidən münasibətlərdə gərginlik yaratmaqda maraqlıdır. Regiondan xeyli uzaqda olan bir ölkənin Cənubi Qafqaz maraqları nə ilə bağlıdır?
- Sizin geopolitik sualınızın cavabını ilk olaraq tibbdən başlamaq istəyirəm. Hələ 17-ci əsrdə fransalı cərrah Aspara öz xəstələrini müalicə edərkən, bir fenomenal yazı yazıb. Hansı ki, bu, fantom ağrılar adı alıb. Yəni hansısa xəstələrdən biri ayağı, əli, qolu kəsildikdən sonra da hiss edir ki, hələdə onun həmin orqanı ağrıyır.
Buna siyasi baxımdan baxsaq, indi gücünü itirən Fransa hazırda belə fantom ağrılar hiss edir. İndi Fransanın Cənubi Qafqaza burnunu soxması, özünü güclü hakimiyyət kimi göstərmək istəməsindən qaynaqlanır. Ümumilikdə nəzər yetirsək görərik ki, Fransa dünya çapında öz gücünü itirməkdədir. Buna misal olaraq Cənubi Afrikada baş verənləri göstərmək olar. Burada Paris öz səlahiyyətlərini itirir. Rusiya və Çin Fransanı Afirkadan “təpikləyərək” çıxarır.
- Bizə məlumdur ki, Rusiya-Ukrayna müharibəsi fonunda Moskvaya fərqli cəbhələr açılır. Ermənistanın Rusiya ilə soyuq münasibətləri və Fransanın İrəvanı silahlandırması da, bir növ buna xidmət edir. Fransanın Cənubi Qafqaz oyunlarında Rusiya faktoru nə qədər var?
- Sözsüz ki, sizin sualınızın ikinci baxış tərəfi də var - Rusiyanı Cənubi Qafqazdan çıxartmaq. Yəni Fransa burada özünü göstərərək, ermənilərə demək istəyir ki, baxın, “ruslar sizi dəstəkləmədi, ancaq biz sizi dəstəkləyirik və sizi silahla təmin edirik”. Bu planda isə Fransa guya Ermənistan üçün önəmli rol oynayır və Ermənistanı qaza gətirərək “Rusiya sizi satdı”, kimi fikirlərlə doldurur.
Təbii ki, bu məsələni üçüncü baxış bucağıda var. Bu üçüncü məsələ isə erməni lobbisidir. Hazırda Fransada 350-500 min arası erməni yaşayır. Hansı ki, bu da Makron üçün çox sərfəlidir. Yəni burada Makron onların dəstəyinə güvənir, onların pul baxımından yatırımlarına araxalanır. Onun partiyasına ermənilərin böyük xeyri var. Və ilk növbədə seçkilər zamanı onların səsləri də böyük rol oynayır.
- Siz qeyd etmişdiniz ki, Makron dünya tarixində güclü lider kimi qalmaq istəyir. Fransa isə Makron hakimiyyəti illərində xeyli geriləyib, desək, yanılmarıq. Sizcə, Emmanuel Makron özü bunu hələ də anlamır?
- Bəli, burada Makronun şəxsi maraqları da var. Hazırda Makron öz özlüyündə Avropanın böyük liderlərindən biri olmaq istəyir. Angela Merkelin getməsindən sonra Emmanuel Makron, belə desək, kənddə özünü “birinci oğlan” kimi görmək istəyir. “Yumşaq” siyasətinə görə Makron hazırda özünü Avropa İttifaqının tək hakimi kimi görür.
Sonda onu demək istərdim ki, bunun müsbət tərəfi də var. Fransa bunu özü bilmədən edir. Biz hamımız çox gözəl bilirik ki, istər Fransanın, istər Hindistanın Ermənistanı silahlandırması Ermənistan və Azərbaycan arasındakı status-kvoya heçbir təsir etməyəcək.
- Fransanın və Hindistanın Ermənistanı silahlandırması, İrəvanın revanş haqqında düşünməsinə səbəb ola bilərmi?
- Azərbaycan ordusu hazırda qat-qat güclüdür. Burada Türkiyə ordusunun dəstəyi də var. Bu baxımdan, Ermənistan əgər revanş almaq fikrinə gələrsə, məncə bu zaman Ermənistan dövləti ümumiyyətlə, yox olar. Hazırda Ermənistan daxilində elə qüvvələr var ki, onlar sülh müqaviləsinin imzalanmasını istəmirlər. Ancaq onlar düşünmürlər ki, sülh müqaviləsindəki bir sıra bəndlər Ermənistanın inkşafı üçün çox böyük rol oynayacaq.
Ancaq Fransanın Ermənistanı silahlandırması mövzusuna bir daha qayıtsaq, onda görərik ki, Parisdə elə düşünürlər ki, ermənilərin revanş etməyi Fransanın xeyrinə olacaq. Ümumi disskusiyada ermənilər sülh müqaviləsinin imzalanıb-imzalanmamasında tərəddüd edirlər. Bu baxımdan geniş miqyasla baxsaq, bu silahların Ermənistana verilməsi onlara yaxşı heç nə vəd etmir. Ancaq dediyim kimi, erməni cəmiyyəti içindəki xırda qüvvələr elə düşünür ki, bu silahların gəlişi sülh müqaviləsinin imzalanmamasında onlara böyük kömək olacaq. Ancaq mən bununla qəti razı deyiləm.
- Sülhə çox yaxınlaşmışıq. Vasitəçilər olmadan iki ölkə bir-birini anlaya bilir. Sizcə sülh yaxındadırmı?
- Həqiqətən də, demək istərdim ki, iki millət yaxın vaxtlarda sülh içində birlikdə yaşayacaqlar. Ancaq hazırda bəzi reallıqlar var ki, onları qəbul etmək lazımdır. Bəzi qüvvələr var ki, sülh müqaviləsinin imzalanmasında yenə də əngəllər törədəcəklər. Buna görə də, bu yol asan olmayacaq və müyyən vaxt alacaq. Ancaq bütün bu geosiyasi baxışların arasında bəzi insani baxışlar unudulur.
Hazırda bir sıra güclər elə düşünürlər ki, azərbaycanlılar və ermənilər bir yerdə yaşaya bilməzlər. Bu məsələdə onu demək istərdim ki, istər Bakıda, istər Ermənistanda, istərsə də bir çox şəhərlərdə ermənilərlə azərbaycanlılar birlikdə çox gözəl yaşayıblar. Bir-birinin uşaqlarına dayəlik belə ediblər. Birlikdə bir sıra dini və s. bayramları qeyd ediblər.
Hər iki tərəfi dinlədikdə onlar ancaq bir şey istəyir, onların bir arzusu var - heç zaman müharbə olmasın. Məncə nə Co Bayden, nə Putin, nə digərləri Cənubi Qafqaza əmin-amanlıq gətirməyəcəklər. Bunu ancaq iki millət - azərbaycanlılar və ermənilər edə bilər. Məncə, tərəflər bir-biri ilə razılığa gələrək uzunmüddətli sülhü bərqərar edə biləcəklər. Mən çox ümid edirəm ki, bütün bu çətinliklər hamısı aradan qaldırılacaq.
- Zaman ayırıb suallarımızı cavablandırdığınız üçün təşəkkür edirəm.
- Mən də sizə təşəkkür edirəm.
Tehran Orucoğlu, Bizim.Media