Bir bəyanatla “pozulan” DOSTLUQ... – Rusiya-İran gərginliyi YENİ MÜSTƏVİDƏ

Hazırda oxunan: Bir bəyanatla “pozulan” DOSTLUQ... – Rusiya-İran gərginliyi YENİ MÜSTƏVİDƏ

170685

Özlərini müttəfiq kimi aparan İranla Rusiya arasında növbəti gərginlik yaranıb. Belə ki, Rusiyanın Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası verilib. Buna səbəb isə, çərşənbə günü Mərakeşdə keçirilən Rusiya-Ərəb Əməkdaşlıq Forumunun VI sessiyasının iştirakçılarının yekun bəyanatı və Moskvanın da həmin bəyanata imza atmasıdır. 

Gərginliyin artmasına səbəb nədir?

Məlumata görə, sessiyada iştirak edən Rusiya və ərəb ölkələrinin xarici işlər nazirləri Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları probleminin beynəlxalq hüquq prinsipləri və BMT Nizamnaməsinə uyğun olaraq sülh yolu ilə həllini dəstəkləyib. Bu isə Tehranın etirazına səbəb olub. 
 

MÖVZU İLƏ BAĞLI:

İran Rusiyaya nota verdi


İran XİN-in bəyanatında qeyd olunur ki, rus diplomata dövlətlərarası münasibətlər sistemində əsas prinsiplər olan suverenlik və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyi xatırladılıb.

Xarici İşlər Nazirliyi İranın Fars körfəzindəki üç ada üzərində daimi suverenliyini təsdiqləyib və vurğulayıb ki, İran hökuməti bununla bağlı hər hansı iddianı qəbuledilməz hesab edir.

Rusiya səfirliyindən verilən məlumata görə, Tehrandakı diplomatik nümayəndəliyin rəhbəri Aleksey Dedov hazırda ölkədən kənardadır. Səfirin vəzifələrini İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılan nazir-müşaviri Rafael Gevorqyan yerinə yetirir.

Qeyd edək ki, bu sözügedən məsələ ilə bağlı İranın Moskvaya ünvanladığı ikinci etiraz notasıdır. İlk etiraz notasını Tehran cari ilin iyulun 12-də səfir Dedova təqdim etmişdi. Prosesin gedişi onu deməyə əsas verir ki, iki ölkə arasında münasibətlər heç də hamar deyil. Əksinə, bir sıra hallarda gərginlik yaradan hadisələrin də şahidi oluruq. 

Görəsən, nə baş verir? 

Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirib ki, nə baş verməsindən asılı olmayaraq, Rusiya ilə İran bir-birinə möhtacdır:

“İran Rusiyanın ən yaxın tərəfdaşıdır. İran Ukrayna müharibəsində Rusiyaya ən çox dəstək verən ölkələrdən biri, bəlkə də birincisidir. Onlar arasında yaranan bu münasibətləri heç nə dəyişə bilməz. Fars körfəzindəki sözügedən adalarla bağlı Tehranın etirazı şübhəsiz ki, Rusiya tərəfindən qəbul olunacaq. Ola bilsin, müəyyən üzrhaqlıq da edilsin. 

Bu iki ölkə bütün hallarda dostluq münasibətlərini davam etdirəcək. 

İran Rusiyaya, Rusiya da İrana məhkumdur. Aralarında formalaşan münasibətləri 3 adaya qurban vermək İranla Rusiyanın maraqları çərçivəsində deyil. Münasibətlər, əməkdaşlıq əvvəlki səviyyədə davam edəcək. Nə baş versə belə, bu əməkdaşlıq ən azından Ukrayna müharibəsi bitənə, Rusiya müəyyən qədər özünə gələnə qədər pozulmayacaq”. 

Rüfət Sultan, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin