Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov arasında 12 yanvar 2021-ci il tarixdə Moskva şəhərində imzalanmış “2021-2023-cü illər üçün Əməkdaşlıq Proqramı”ndan irəli gələn müddəaların icrası məqsədilə Rusiya Federasiyası Baş Prokurorluğunun nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, ümayəndə heyəti ilə keçirilmiş görüş zamanı Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov qonaqları salamlayaraq prokurorluqlarımız arasında əlaqələrin yüksək səviyyədə olmasını məmnunluqla qeyd edib, seminar zamanı müzakirə ediləcək mövzuların aktuallığını vurğulayıb.
Rusiya Baş Prokurorluğunun nümayəndələri yüksək qonaqpərvərliyə və səmimi qəbula görə minnətdarlıqlarını ifadə ediblər. Səfərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün faydalı olacağı qeyd olunub.
Daha sonra Əməkdaşlıq Proqramı çərçivəsində cinayət işləri üzrə ekstradisiya və hüquqi yardımın göstərilməsi, o cümlədən cinayət yolu ilə əldə edilmiş əmlakın axtarışı, müsadirəsi və xaricdən qaytarılmasının təşkili sahəsində beynəlxalq hüquqi əməkdaşlıq, məişət zorakılığı ilə mübarizə, yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi, azyaşlılara qarşı törədilən cinayətlərlə mübarizə tədbirləri və ekoloji cinayətlərə dair işlərdə dövlət ittihamının müdafiəsinin xüsusiyyətləri adlı mövzulara həsr olunmuş seminarlar keçirilərək faydalı təcrübə mübadiləsi aparılıb.
Nümayəndə heyəti Baş Prokurorluğun yeni inzibati binası və Zəfər muzeyi ilə tanış olublar.
Həmçinin, rusiyalı prokurorlar Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclasında qonaq qismində iştirak ediblər.
Nümayəndə heyəti həmçinin Heydər Əliyev Mərkəzini ziyarət edib. Görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olan nümayəndə heyətinə Mərkəzdə yerləşən muzey və eksponatlar barədə ətraflı məlumat verilib.
Qonaqlar paytaxtın tarixi və mədəni abidələri ilə tanış olublar.
Rusiya nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb.
Bizim.Media