Dünyanın diqqəti Bakıya YÖNƏLƏCƏK – Ölkəmizin “COP29”a ev sahibliyi etməsinin STRATEJİ ÖNƏMİ

Hazırda oxunan: Dünyanın diqqəti Bakıya YÖNƏLƏCƏK – Ölkəmizin “COP29”a ev sahibliyi etməsinin STRATEJİ ÖNƏMİ

168867

Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - "COP-29" gələn ilin noyabrında Azərbaycanda keçiriləcək, Artıq bununla bağlı hazırlıq işləri də başlayıb. Bununla bağlı qərar “COP-28”-in dekabrın 11-də keçirilən plenar iclasında verilib.

Bəs, bu tədbirin ölkəmizdə keçirilməsinin hansı əhəmiyyəti var?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban bu tədbirin Şərqi Avropa ölkələri üçün nəzərdə tutulduğunu bildirib.

Tədbirin təşkilinin məhz ölkəmiz üçün çox yaxşı hal olduğunu deyən ekspertin sözlərinə görə, artıq Azərbaycanı Şərqi Avropa ölkəsi kimi qəbul etməyə başlayıblar:

“Bu ölkələr arasındakı rəqabət nəticəsində bu tədbirə ev sahibliyi etmək böyük uğurumuzdur. Burada təkcə ekoloji məsələlər deyil, həm də bir sıra digər məsələlər gündəmə gətirilir. Dekabrın 7-də Azərbaycan və Ermənistan birgə açıqlama verdilər. Onlar sülhə getdiklərini və bunun üçün addımlar atdıqlarını vurğuladılar. Bu da dünyanın digər nöqtələrində baş verən bütün qaynar proseslərin fonunda böyük nəticədir. 

Çünki uzun illərdən sonra ilk dəfə böyük sülhə çağırış edilir. Dünyada sülh və stabillik olmalıdır ki, dövlətlər öz enerjilərini məhz iqlim dəyişiklikləri proseslərinə cəlb etsinlər və bu sahədə öz töhfələrini versinlər. Müharibələrin və ölümlərin olduğu yerdə ekologiya, atmosfer, iqlim təhlükəsizliyi və digər məsələlər heç kimin yadına düşməz”. 

“Azərbaycanın çağırışları mühümdür”

Müsahibimizin fikrincə, əgər iqlim dəyişiklikləri ilə bağlı proseslərə real göstəricilərlə baxılsa, Xəzər hövzəsi dövlətlərinin verdiyi töhfələri açıq şəkildə görmək olar:

“Bəlli olduğu kimi, bu bölgə qapalı bir yerdir, dünya okeanları ilə heç bir əlaqəsi yoxdur, unikal bir ekosistemdir və burdakı ölkələrin hamısı neft-qaz hasil edir. Bunlardan ikisi – Rusiya və Qazaxıstan isə kömür istehsalına görə dünyanın lider ölkələridir. 

Xəzər həm də ənənəvi enerji ilə ən zəngin hövzədir. Bu baxımdan da “COP-29”-un Azərbaycanda keçirilməsi və rəsmi Bakı tərəfindən edilən çağırışlar çox mühümdür. Bu vaxta qədər baş tutan 28 tədbirdə əldə edilməyən nailiyyətləri də ortaya çıxarmaq olar”. 

Dubaydakı 28-ci tədbirin çox gərgin keçdiyini xatırladan İ.Şaban, yekun sənəddə edilən çağırışları da diqqətə çatdırıb:

“Çağırış ənənəvi enerjinin tam deyil, tədricən dayandırılması və texnoloji imkanlar hesabına ekoloji tarazlığın əldə edilməsi ilə bağlı oldu. Bəs bu tarazlıq necə əldə edilir? Bunlar metanın havaya buraxılması, məşəl qazlarının yandırılmasının aradan qaldırılması, ənənəvi enerjini azaltmaq və ya saxlamaqdır. 

Xüsusilə də texnoloji imkanlarla və yeni həllərlə atmosferə atılan karbon qazının həcmini kifayət qədər azaltmaq mümkündür. Bu baxımdan, hesab edirəm ki, “COP-29”-da ölkələr sırf texnoloji həllərlə bağlı öz nailiyyətlərini ortaya qoyacaq və açıq şəkildə nümayiş etdirəcəklər”.

Qeyd edək ki, “COP”-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup üzvləri arasından bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir.

2024-cü il “COP-29”-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşüb.

Bildirək ki, Azərbaycan bu tədbir ev sahibliyi üçün əvvəlcədən müraciət etmişdi. Eyni zamanda, Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürmüşdü. Amma dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Ofisi arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan, ardınca da Bolqarıstan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin