Korotçenko: “Bütün Rusiya Heydər Əliyevi böyük ehtiramla yad edir”

Hazırda oxunan: Korotçenko: “Bütün Rusiya Heydər Əliyevi böyük ehtiramla yad edir”

168634

“Sözsüz ki, Heydər Əliyev bəşəriyyətin ən böyük simalarından biridir. O, böyük insan və nəhəng siyasətçi idi. Heydər Əliyev özündən sonra çox böyük və gözəl əməllər qoyub getdi. Təsadüfi deyil ki, həmin xoş əməllər hesabına bu gün  Azərbaycan xalqı ilə yanaşı Rusiyada da bu dahi şəxsiyyət ehtiramla yad edilir”.

Bunu Ümummilli lider Heydər Əliyevlə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Rusiya Xəzər Strateji Araşdırmalar İnstitutunun  baş direktoru İqor Korotçenko deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Dahi rəhbər Heydər Əliyevin ANIM GÜNÜDÜR


O bildirib ki, Heydər Əliyev azərbaycanlılar üçün bir xilaskar idisə, digər sovet xalqları üçün də böyük siyasi xadim və əsl lider idi:

“Təsadüfi deyil ki, Heydər Əliyev 2 dəfə Sosialist Əməyi Qəhrəmanı adı almışdı. Bu isə o deməkdir ki, Heydər Əliyev Sovet xalqlarının qəhrəmanı idi. Bu isə Heydər Əliyevin nəhəngliyini göstərən təkzibolunmaz faktdır.

Heydər Əliyevin xarakterinin formalaşmasında onun peşəsi də öz sözünü demişdi.

Yada salaq ki, o ən gənc yaşlarında Dövlət Təhlükəsizlik Xidmətinin (o zamankı KQB) kəşfiyyat və əks-kəşfiyyat orqanlarında işləmişdi.  Bu peşənin ciddiliyi və yüksək məlumatlılığı Heydər Əliyevin sonrakı həyatına çox böyük təsir etmişdi. Keçdiyi həyat məktəbində o insanları çox yaxşı öyrənmişdi. 

Eyni zamanda, onda vəziyyəti obyektiv qiymətləndirmək istedadı vardı. Məhz ona görə də zaman qazandığı idarəçilik təcrübəsi, təhlilçilik qabiliyyəti və insanlarla fərdi ünsiyyət bacarığı Heydər Əliyevin SSRİ rəhbərlərindən biri olduğu zaman işinə çox yaramışdı. O, hərtərəfli və parlaq siyasi lider kimi yetişmişdi. 

Bu nadir keyfiyyətlərini isə dahi lider həm SSRİ Nazirlər Sovetinin birinci müavini olarkən, həm də Azərbaycana rəhbərliyi dövründə ortaya qoydu və çox böyük uğurlara imza atdı”. 

İqor Korotçenko etiraf edib ki, zamanında SSRİ-nin siyasi rəhbərliyində Heydər Əliyev miqyasında ikinci bir siyasətçi yox idi:

“Təsadüfi deyil ki, vaxtilə SSRİ-yə rəhbərlik etmiş Yuri Andropov Heydər Əliyevə özünün siyasi varisi kimi baxırdı. Ona görə də 1982-ci ildə Andropov Heydər Əliyevi Moskvaya dəvət etdi və onu hökümətdə ikinci adam kimi görürdü. 

Çox təəssüf ki, hadisələrin sonrakı inkişafı nəzərdə tutulduğu kimi olmadı. Mixail Qorbaçov kimi siyasi cəhətdən məsuliyyətsiz və qeyri-peşəkar biri SSRİ-yə rəhbərliyə gətirildi. Bununla da SSRİ-nin dağılma prosesi başladı. 

Bu bədnam proses aşağılarda etnik-milli münaqişələrlə, yuxarılarda isə yenidənqurma adı ilə başladı. Təbii ki, proseslərin hansı istiqamətdə inkişaf etdiyini görən Heydər Əliyev Qorbaçovun cinayətlərinə şərik olmamaq üçün istefaya getdi. Heydər Əliyevin istefaya getməsi Qorbaçovun və onun ətrafındakı siyasi satqınların daha çox işinə yaradı. Çünki Qorbaçov Heydər Əliyevi özünün əsas siyasi rəqibi kimi görürdü. 

Təbii ki, bundan ermənilər də lazımınca bəhrələndilər. Heydər Əliyevin istefaya getməsindən cəmi 3 ay sonra Qarabağda separatizm alovlandı. Bu və digər proseslər də SSRİ-nin sonunu gətirdi. SSRİ-nin dağılması təkcə böyük bir dövlətin çökməsi deyildi, bu həm də milyonlarla insanın sosial-iqtisadi və mənəvi məhvi idi”. 

Müsahibimiz onu da bildirib ki, Heydər Əliyevin SSRİ rəhbərliyindən gedişi Sovet xalqlarının böyük itkisi olsa da bundan qazanan Azərbaycan xalqı, Azərbaycan dövləti oldu:

“Çünki müstəqilliyin ilk illərində Azərbaycanı məhv olmaqdan və parçalanmaqdan məhz Heydər Əliyev xilas etdi. O siyasi hakimiyyətə gəlişinin ilk ilində Ermənistanla müharibənin dayandırılmasına nail oldu. Növbəti illərdə isə Azərbaycanın dövlət və ordu quruculuğunu həyata keçirdi. 

1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycan dövlətçiliyinin və suverenliyinin təminatı oldu. Üstəlik, bu müqavilənin icrasından əldə olunan iqtisadi gəlirlər hesabına Azərbaycanda güclü iqtisadi əsaslar hazırlandı. Əldə edilən iqtisadi dividendlərsə tədricən siyasi uğurlara vəsilə oldu”. 

Müsahibimiz sonda onu da vurğulayıb ki, bugünkü Azərbaycanın bütün uğurlarının əsasını Heydər Əliyev qoyub:

“Təbii ki, burda uğurlu siyasi varislik də öz sözünü dedi. Azərbaycan Prezidenti İlham Əliyev atasının yaratdığı iqtisadi-siyasi baza üzərində qüdrətli bir Azərbaycan qurdu. 2023-cü ildə o, atasının ən ülvi və müqəddəs arzusunu -Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. 

Keçmişə baxdıqca siyasi müdrikliyin, parlaq intelektin, tarixi biliyin, insanları tanımaq hünəri, özünə və öz xalqına inam hissinin Heydər Əliyevi hansı zirvələrə qaldırdığının şahidi oluruq. 

Heydər Əliyev həm də rus xalqının ən sevimli və yaxın dostu idi. Məhz onun müdrik siyasəti hesabına Azərbaycanla Rusiya arasında münasibətlər ən yüksək səviyyəyə gəlib çatıb. Ona görə də bu gün bütün Rusiya Heydər Əliyevi böyük ehtiramla anır və yad edir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin