Azərbaycan və Slovakiya arasında iqtisadi-ticarət əlaqələri MÜZAKİRƏ EDİLİB - FOTO

Hazırda oxunan: Azərbaycan və Slovakiya arasında iqtisadi-ticarət əlaqələri MÜZAKİRƏ EDİLİB - FOTO

168559

11 dekabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak məqsədilə Belçika Krallığına işgüzar səfəri çərçivəsində Slovakiya Respublikasının xarici işlər və Avropa məsələləri üzrə naziri Yuray Blanar ilə görüş keçirib.

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, görüş zamanı nazir Ceyhun Bayramov yeni Slovakiya nazirinə təyinatla əlaqədar öz təbriklərini çatdırıb və fəaliyyətində uğurlar arzulayıb.
Diplomatik münasibətlərin 30 illiyini qeyd etdiyimiz Azərbaycan ilə Slovakiya arasında dostluq və əməkdaşlıq ruhunda inkişaf edən əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib. İki ölkə arasında diplomatik təmsilçilik ilə özünü büruzə verən mövcud siyasi dialoq, qarşılıqlı səfərlər və təmasların münasibətlərimizin inkişafına mühüm töhfə verdiyi bildirilib.

Azərbaycan və Slovakiya arasında iqtisadiyyat-ticarət, enerji təhlükəsizliyi, mədəniyyət, turizm, təhsil, nəqliyyat və digər sahələr üzrə əməkdaşlıq gündəliyində duran məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik elementləri müzakirə olunub.
Slovakiya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarında birgə investisiya, bərpa və quruculuq layihələrində iştirak niyyəti yüksək qiymətləndirilib.

İşğaldan azad edilmiş ərazilərin mina və partlayıcı maddələrlə kütləvi şəkildə çirklənməsinin bərpa və yenidənqurma işləri, habelə məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasının təminatı üçün əsas maneə olduğu diqqətə çatdırılaraq, mina problemi ilə mübarizədə Azərbaycan-Slovakiya əməkdaşlığı məmnunluqla qeyd olunub.

Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə Ermənistan ilə normallaşma və sülh gündəliyinin irəlilədilməsi istiqamətində Azərbaycanın göstərdiyi səylər barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin