Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 11-də ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, görüşdə Ş.Papuaşvilinin səfərinin Azərbaycan-Gürcüstan mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.
Prezident İlham Əliyevin və Baş nazir İrakli Qaribaşvilinin səyləri nəticəsində bu gün qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Azərbaycan ilə Gürcüstan arasında siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə edilib, hakim partiyalar arasında çox yaxşı münasibətlərin olduğu bildirilib.
Hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində, xüsusən də ərazi bütövlüyü və suverenlik məsələlərində hər zaman bir-birini dəstəklədiyi qeyd edilib.
Parlamentlərarası əməkdaşlığın dövlətlərarası münasibətlərin inkişafında xüsusi rolu təqdir olunub. Hazırda parlamentlərarası əlaqələrin çox yüksək səviyyədə olduğu vurğulanıb. Qeyd edilib ki, hər iki ölkənin parlament nümayəndələri beynəlxalq parlament təşkilatlarında da sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər.
Ticarət-iqtisadi əməkdaşlığının ənənəvi olaraq yaxşı dinamika nümayiş etdirdiyi bildirilərək, Gürcüstanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu diqqətə çatdırılıb.
Qeyd edilib ki, Azərbaycan Gürcüstanın ən böyük xarici investorlarından biridir. Bu baxımdan SOCAR-ın Gürcüstanda uğurlu fəaliyyətinə toxunulub.
Tərəflər mövcud geniş potensialdan tam şəkildə istifadə edilərək Azərbaycan-Gürcüstan ticarət-iqtisadi əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar. Bu baxımdan Hökumətlərarası Komissiyanın səmərəli platforma kimi rolu yüksək qiymətləndirilib.
Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdikləri enerji və nəqliyyat layihələrinin Cənubi Qafqazın transformasiyasına töhfə verdiyi, regionun siyasi, iqtisadi, nəqliyyat və enerji xəritəsini dəyişdiyi məmnunluqla qeyd olunub.
Bildirilib ki, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri bu gün həm Azərbaycanın, həm də Gürcüstanın iqtisadi inkişafına əhəmiyyətli töhfə verir. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində strateji əhəmiyyətə malikdir.
Vurğulanıb ki, eyni zamanda, gündəlikdə hər iki ölkənin iştirakı ilə yeni layihələr və təşəbbüslər də var. Onlardan biri Gürcüstan və Qara dəniz vasitəsilə Azərbaycanın “yaşıl” enerjisinin Rumıniyaya tədarükünü nəzərdə tutan sualtı kabelin çəkilməsi layihəsidir.
Qeyd edilib ki, nəqliyyat-tranzit sahəsində əməkdaşlığın çox gözəl nəticələri var.
Bakı-Tbilisi-Qars dəmir yolunun önəmi xüsusi vurğulanıb, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun - Orta Dəhlizin getdikcə daha da aktuallaşdığı bildirilib.
Hazırda Orta Dəhlizin funksionallığının, onun rəqabət qabiliyyətinin artırılması istiqamətində aparılan işlərdən bəhs edilib.
İki ölkə arasında humanitar, xüsusilə mədəni sahədə əməkdaşlığın yüksək inkişaf dinamikası təqdir olunub.
Oktyabrda Gürcüstan paytaxtında təməli qoyulan Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının Azərbaycan-Gürcüstan mehriban qonşuluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verəcəyinə əminlik ifadə edilib.
Eyni zamanda, Azərbaycanda yaşayan gürcülərin və Gürcüstanda yaşayan azərbaycanlıların ikitərəfli əlaqələrin inkişafındakı rolu xüsusi vurğulanıb.
Görüşdə, həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:08 / 11.12.2023
Baş nazir Gürcüstan parlamentinin sədri ilə ölkələrarası ticarət-iqtisadi əlaqələrini MÜZAKİRƏ ETDİ
Hazırda oxunan: Baş nazir Gürcüstan parlamentinin sədri ilə ölkələrarası ticarət-iqtisadi əlaqələrini MÜZAKİRƏ ETDİ
Hazırda oxunan: Baş nazir Gürcüstan parlamentinin sədri ilə ölkələrarası ticarət-iqtisadi əlaqələrini MÜZAKİRƏ ETDİ
168539
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.