Ermənistan Qərbi azərbaycanlılarla barışıq üçün real addımlar atmalıdır - ÇAĞIRIŞ

Hazırda oxunan: Ermənistan Qərbi azərbaycanlılarla barışıq üçün real addımlar atmalıdır - ÇAĞIRIŞ

167481

“Biz Ermənistanı keçmişdən dərs çıxarmağa, düşmənçilik və nifaq siyasətinə son verməyə, bölgədə yaranmış sülh imkanını lazımınca dəyərləndirməyə və Qərbi azərbaycanlılarla barışıq üçün real addımlar atmağa çağırırıq”.

Bizim.Media xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll" mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans KEÇİRİLİR 


Onun sözlərinə görə, Ermənistanın azərbaycanlıları və digər etnik qrupları öz ərazisindən qovmaqla monoetnik məkan yaratmaq siyasəti regionumuzun zəngin etnik və dini müxtəliflik tarixi ilə tamamilə ziddiyyət təşkil edir:

“Bu ağrılı tarixi faktları sadalamaqda məqsədimiz ixtilafı davam etdirmək deyil, sülh, barışıq və qayıdış istiqamətində apardığımız çətin yolun başlanğıc nöqtəsini vurğulamaqdır. Biz öz məqsədimizə – doğma torpaqlarımıza qayıdışa dialoq yolu ilə nail olmaqda əzmliyik. İcma beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə, həmçinin sülh, barışıq, reinteqrasiya və birgəyaşayış dəyərlərinə hörmət edilməsinin tərəfdarıdır”.

İcma sədri qeyd edib ki, biz humanitar və insan hüquqlarına əsaslanan gündəliyə möhkəm bağlılıqla fəaliyyət göstərən icmayıq:

“Vətənimizə dinc yolla qayıtmaq tələblərimiz Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirən hal kimi yanlış təfsir edilə və ya təqdim oluna bilməz. Qayıdış məsələsi üzrə Ermənistan Hökuməti ilə hər zaman birbaşa dialoqa hazır olduğumuzu bir daha bəyan edirik. Biz Ermənistanı keçmişdən dərs çıxarmağa, düşmənçilik və nifaq siyasətinə son verməyə, bölgədə yaranmış sülh imkanını lazımınca dəyərləndirməyə və Qərbi azərbaycanlılarla barışıq üçün real addımlar atmağa çağırırıq”.

“Biz haqlı məramımıza göstərdiyi sarsılmaz siyasi, sosial və humanitar dəstəyə görə Azərbaycan rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk. Azərbaycanın qaçqınlarla həmrəyliyi və onlara yardımı təkcə etnik azərbaycanlılarla məhdudlaşmayıb - Azərbaycan dünyanın müxtəlif bölgələrində müxtəlif etnik mənsubiyyətlərdən olan və ölkədə sığınacaq tapmış on minlərlə qaçqına da yardım edib. Eləcə də, Azərbaycan hökuməti beynəlxalq humanitar problemlərin həllinə əhəmiyyətli ölçüdə töhfə verir. Bu, Azərbaycan cəmiyyətində dərin kök salmış tolerantlığın göstəricisidir”,- Ə.Ələkbərli vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin