“Azərbaycan yerləşdiyi coğrafi koordinatlara görə digər türk ölkələrini bir-birinə bağlayan mərkəzi mövqeyə malikdir. Bu baxımdan türk dünyasının şərqi ilə qərbini birləşdirən bütün nəqliyyat magistralları Azərbaycandan keçir və bu ölkəmizin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası platformasında rolunu dəfələrlə artırır”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Cavanşir Feyziyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılması türkdilli ölkələr arasında əlaqələrin daha da intensivləşməsi üçün yeni imkanlar yaradacaq.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın yeni geosiyası həmləsi - “Türkdilli Dövlətlərin Əməkdaşlığı”
“Müharibədən sonra yaranmış yeni reallıq şəraitində Azərbaycan Mərkəzi Asiyada yerləşən dost və qardaş ölkələr üçün Avropaya açılan qapıya çevrilir. Eləcə də qardaş Türkiyə Cümhuriyyəti Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan üzərindən Mərkəzi Asiya regionu ilə birbaşa nəqliyyat əlaqəsi əldə etmiş olur. Bütün bunlar Türk dünyasının iqtisadi, siyasi, mənəvi birliyinin güclənməsinə xidmət edəcək”.
Deputat Türk Şurası çərçivəsində aparılan dövlətlərarası əməkdaşlıq türkdilli ölkələrin parlamentləri arasında da qarşılıqlı faydalı əməkdaşlıqla müşayiət olunduğunu vurğulayıb.
O, qeyd edib ki, bu əməkdaşlıq 2009-cu ildə Bakıda təsis olunmuş Türkdilli ölkələrin Parlament Assambleyası (TürkPA) çərçivəsində aparılır.
“Türk Şurasına üzv olan ölkələrin milli parlamentlərinin sədrləri növbə ilə müddəti 1 il olmaqla TürkPA-ya sədrlik edirlər. TürkPA türkdilli ölkələrdə qanunvericilik bazasının təhlili və onların bir-birinə uyğunlaşdırılması istiqamətində çox faydalı iş aparır ki, bu da Türk Şurasının üzvü olan ölkələr arasında münasibətlərin daha da güclənməsi üçün əlverişli şəraitin yaranmasını təmin edir.
Çoxtərəfli ekspertlərin iştirakı ilə aparılan təhlillər nəticəsində türkdilli ölkələrin qanunvericilik bazasında aşkar olunan uyğunsuzluqlar Parlament Assambleyasının komitə və plenar iclaslarında geniş müzakirələrə cəlb olunur.
Konsensus yolu ilə əldə olunan ümumi yanaşmalar ayrı-ayrı layihələr və tövsiyələr şəklində Türk Şurası üzvlərinin hökümətlərinə təqdim olunur. TürkPA tərəfindən qəbul olunan qərarlar və bu qərarlar əsasında türkdilli dövlətlər tərəfindən həyata keçirilən bütün layihələr bütövlükdə türk regionunun birgə inkişafına xidmət edir”.
Vüsalə Balayeva, Bizim.Media