“Moskvada XİN rəhbərlərinin müzakirə edə biləcəyi digər önəmli məsələ Qarabağdakı kommunikasiya xətlərindən istifadə zamanı Azərbaycana yaradılan əngəllərdir. Azərbaycan Kəlbəcər rayonuna getmək üçün Ağdərədən keçməlidir. Amma Ağdərədə buna ciddi müqavimət göstərilir”.
Bu sözləri Bizim.Media ilə müsahibədə politoloq Qabil Hüseynli açıqladı.
MÖVZU İLƏ BAĞLI:
“Azərbaycan anti-terror əməliyyatına hazırlaşır” - Lavrovla görüşdə açıqlanmayan məsələlərə Qabil Hüseynlidən ŞƏRH
“Sülhməramlılar da təklif edir ki, burada (Ağdərə) boşaldın və bizim maşınlara yükləyin.
Kəlbəcər rayonuna ancaq sülhməramlı avtomobilləri ilə aparılsın. Kəlbəcər Azərbaycanın ən böyük rayonudur. Ermənistanla da ən böyük sərhəd Kəlbəcər ərazisindədir.
Biz burada sərhədləri həm möhkəmləndirmək, həm də orada yerləşən ordumuz üçün müəyyən tikinti işləri aparmalıyıq. Kəlbəcərə başqa yol da (Goranboy ərazisindən) çəkilir. Amma bu yolun çəkilməsi hələ uzun vaxt ala bilər.
Ağdərədən Kəlbəcərə cəmi 50 kilometr məsafəlik yoldur. Həmçnin orada demək olar ki, kimsə yaşamır. Çünki sözügedən rayonda həmişə azərbaycanlıların kəndləri olub.
Bu yaşayış məntəqələri də erməni işğalı nəticəsində (1993) boşaldıldığı üçün orada yaşayan yoxdur.
Üstəlik, öz ərazilərimiz daxilində hərəkət etmək üçün rus qoşunlarından niyə icazə almalıyıq?
Yəni, bir tərəfdən rus sülhməramlılarının bu bölgədə geniş tikinti işləri aparması, onların bizim torpaqlara sanki uzun müddətə gəliblərmiş kimi təəssürat yaratmağa çalışmaqları Azərbaycan cəmiyyətində ciddi narahatlıq yaradır”.
Qabil Hüseynlinin sözlərinə görə, sülhməramlıların fəaliyyəti Azərbaycan ərazisində Bakının suveren hüquqlarına əngəllər yaratmalı deyil.
Politoloqun fikrincə, bu məsələlər də Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov ilə rusiyalı həmkarı Sergey Lavrov arasında dünən müzakirə olunub:
“Bu məsələlər həllini tapmasa, qarşıda bizi yeni hərbi qarşıdurma gözləyir. Azərbaycan ordusu bu missiyanı da uğurla həyata keçirəcək”,- deyə Qabil Hüseynli suala cavabını yekunlaşdırdı.
Anar Rəhimov, Bizim.Media