1992-ci ildə ABŞ Konqresi Azərbaycana yardımı qadağan edən “907-ci düzəlişi” qəbul edəndə Ermənistan torpaqlarımızı işğal edir, azərbaycanlılara qarşı soyqırımı törədirdi. Amma həmin vaxtı Amerikalıların başı Azərbaycan əleyhinə qanunlar qəbul etməyə qarışmışdı, Xocalıda isə XX əsrin ən dəhşətli soyqırımı törədilirdi…
Bizim.Media “demokrat.az”a istinadən xəbər verir ki, 30 ildən artıq zaman keçib, amma ABŞ-ın siyasətində dəyişən heç nə yoxdur. Bu müddətdə yeganə dəyişən məsələ Azərbaycanın öz torpaqlarını azad etməsi, suverenliyini bərpa etməsidir.
Görünür ki, Vaşinqtonu narahat edən də məhz budur. Erməniləri qorumaq naminə ən böyük “düşmən” hesab etdikləri SSRİ-yə məktub ünvanlayan ABŞ hələ o vaxtdan gerçək simasını ortaya qoymuşdu. Qorbaçova məktub ünvanlayan konqresmenlər yazırdı:
“Sizdən xahiş edirik ki, erməni azlığını qoruyun. Azərbaycanda dəhşətli zorakılığın baş verməsi Dağlıq Qarabağın 160 minlik erməni əhalisinin Ermənistanla birləşməsinin vacibliyini bir daha təsdiq edir. Azərbaycan hakimiyyəti 70 il ərzində Dağlıq Qarabağ əhalisinin 60 faizini təşkil edən ermənilərin iqtisadi və mədəni hüquqlarını pozub. Sizdən təkidlə xahiş edirik ki, Qarabağ xalqına özünün gələcək siyasi və mədəni mənsubiyyətini müəyyən etmək hüququnu vermək yolu ilə Sovet dövləti çərçivəsində baş verən faciənin qarşısını alasınız”.
Bu məktub yazılanda artıq Qarabağda erməni separatizmi başlamışdı və az sonra Xocalı da daxil olmaqla azərbaycanlılara qarşı dəhşətli soyqırımı aktları törədildi. ABŞ isə ermənilərin törətdiklərini “azərbaycanlıların adına çıxır”, erməni əhalisinin qorunmasını tələb edir, hətta onların qondarma “miatsum” ideyasını dəstəkləyirdi.
Bu siyasətin davamı olaraq, 907-ci düzəlişi qəbul etdilər və işğala məruz qalan Azərbaycana yardımı qadağan etdilər. İşğalçı Ermənistana isə siyasi və maliyyə yardımı göstərdilər. Bu, yardımlar bu günə qədər də davam edir. Amma Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Ermənistanın işğalına qarşı heç nə etmədi.
Hətta BMT TŞ-nin məlum 4 qətnaməsini kənara ataraq, daim işğalçıya dəstək verdi. Torpaqlarımız işğal altında olan dövrdə Qarabağdakı separatçılara hər il dövlət büdcəsindən milyonlarla yardım ayıran da ABŞ idi.
Bütün bunlar torpaqlarımızın işğal edilməsindən tutmuş azərbaycanlıları kütləvi şəkildə qətlə yetirilməsinə qədər hər şeydə ABŞ-ın da əlinin olduğunu deməyə əsas verir. Qarabağ münaqişəsinin mövcud olduğu dövrdə ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi də daim Ermənistana dəstək verib, status-kvonun qorunmasına çalışıb.
Bu gün də erməni maraqlarına xidmət edən eyni mövqeyi davam etdirir. Artıq mövcud olmayan, hətta Ermənistanın belə qəbul etmədiyi “Dağlıq Qarabağın gələcəyi” adında dinləmələr keçirir, mövcud reallıqları dəyişdirməyə çalışır.
Məhz bu siyasəti ABŞ-ın Azərbaycan cəmiyyətində nüfuzunun itməsi ilə nəticələnib. Azərbaycana gələndə absurd “demokratiya” iddialarından çıxış edən ABŞ məsələ erməni maraqları olanda bunu yada salmır.
Azərbaycan xalqı bütün bunlara inanmır və 1990-cı illərdə indiyə qədər Vaşinqtonun ermənipərəst siyasətindən yaxşı xəbərdardır. Bu situasiyada əsas zərbə ABŞ-ın özünə dəyəcək, çünki bir ovuc erməniyə görə Azərbaycanla strateji əməkdaşlığı zədələyən mövqe sərgiləmək siyasi baxımdan ən azı bəsirətsizlikdir.
Ümumiyyətlə, son illər ABŞ-ın xarici siyasətinin iflasa uğradığı aydın görünür. İstər Əfqanıstanda, istərsə post-sovet məkanında Vaşinqton itirə-itirə gəlir. Bu gün Cənubi Qafqaz siyasəti də tamamilə yanlışdır. Görünür, Vaşinqtonda ya beynəlxalq münasibətləri bilməyənlər əyləşib, ya da erməni lobbisinin göstərişlərini yerinə yetirməklə məşğuldurlar.
Bu, ABŞ-ın Əfqanıstandan çıxdığı kimi, Cənubi Qafqazdan da çıxacağı ilə nəticələnəcək.
Ağ Evin Bakıya qarşı təzyiqləri isə heç bir nəticə verməyəcək. Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsipi əsasında bütün mənfi addımları qətiyyətlə cavablandıracaq.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:02 / 22.11.2023
ABŞ-ın Qarabağın işğalında rolu — Azərbaycan xalqı heç nəyi unutmur
Hazırda oxunan: ABŞ-ın Qarabağın işğalında rolu — Azərbaycan xalqı heç nəyi unutmur
Hazırda oxunan: ABŞ-ın Qarabağın işğalında rolu — Azərbaycan xalqı heç nəyi unutmur
165558
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.