Milli Məclisdən ABŞ Senatına tutarlı cavab - BƏYANATIN TAM MƏTNİ

Hazırda oxunan: Milli Məclisdən ABŞ Senatına tutarlı cavab - BƏYANATIN TAM MƏTNİ

165403

Milli Məclis noyabrın 21-də keçirilən iclasında ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı” ilə əlaqədar Bəyanat qəbul edib.

Bizim.Media Bəyanatı təqdim edir: 

“Azərbaycan Respublikasının Milli Məclisi bu il noyabrın 15-də ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı” qəbul etməsinə qəti etirazını bildirir və ölkəmizi hədəf alan bu hərəkəti şiddətlə qınayır.

Bununla birlikdə, Milli Məclis həmin gün ABŞ Nümayəndələr Palatasının Xarici işlər komitəsinin Avropa üzrə alt komitəsində keçirilmiş dinləmələri, orada ölkəmiz əleyhinə səslənən çıxışları, ümumiyyətlə, son dövrdə ABŞ dövləti rəsmilərinin Azərbaycana qarşı ifadə etdikləri qərəzli fikirləri iki ölkə arasında strateji münasibətlərə ciddi zərbə kimi qiymətləndirir. Sözügedən aktın qəbul edilməsi və Azərbaycana qarşı irəli sürülən əsassız ittihamlar regionda sülh və sabitlik yaradılması səylərinə ciddi maneçilik törədir.

Bayden Administrasiyasının təhriki ilə anti-Azərbaycan, korrupsiyaçı, islamofob senatorların saxta məlumatları əsasında ABŞ Senatının qəbul etdiyi akt ikili standartların və selektiv yanaşmanın növbəti bariz nümunəsidir. Absurd teatr səhnəsini xatırladan dinləmələr isə ABŞ-ın riyakar siyasətinin yeni bir təzahürüdür.

Ermənistanın Azərbaycana qarşı işğalının genişləndiyi 1992-ci ildə Qarabağda Xocalı soyqırımı ilə yanaşı, Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərində, Xocavənd rayonunun Qaradağlı kəndində, Kəlbəcər rayonunun Ağdaban, Ballıqaya kəndlərində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğın aktları törədilərkən, Şuşa və Laçında etnik təmizləmə aparılarkən ABŞ tərəfi BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycan xalqına qarşı qətliamların qarşısını almağa səy göstərmək əvəzinə, bu ölkənin qanunvericilik orqanı erməni təbliğatının təsiri altında “Azadlığa dəstək aktı” adlanan qanuna 907-ci düzəlişi qəbul etmişdir.

Bununla da ABŞ hökumətinin Azərbaycana maliyyə yardımı göstərməsi qadağan olunmuşdur. Keçmiş SSRİ respublikaları arasında Azərbaycan yeganə ölkə idi ki, onun əleyhinə bu cür qərar qəbul edilmişdi. Nəticə etibarı ilə ABŞ-ın təcavüzkar Ermənistana verdiyi maliyyə dəstəyi Azərbaycan torpaqlarının işğalına kömək göstərmişdir.
Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrdə, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamədə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqlənmiş və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilmişdir.

Lakin Amerika Birləşmiş Ştatları özünün də lehinə səs verdiyi bu sənədlərin Ermənistan tərəfindən yerinə yetirilməsi üçün heç bir tədbir görməmiş və bu ölkəyə qarşı hər hansı sanksiya tətbiq etməmişdir.

Əksinə, ABŞ Azərbaycanın işğal edilmiş ərazisində Ermənistan tərəfindən yaradılmış qanunsuz separatçı rejimi dəstəkləmiş, ona maliyyə yardımı göstərmiş, rejim nümayəndələrinin ABŞ-a müntəzəm səyahətlərini və ABŞ rəsmiləri ilə görüşlərini təşkil etmişdir. ABŞ-ın bu cür birtərəfli addımları onun uğursuz vasitəçiliyini və Azərbaycan ictimaiyyəti arasında nüfuzunu itirməsi ilə nəticələnmişdir.
Azərbaycan öz milli maraqlarına uyğun olaraq region ölkələri ilə nəqliyyat dəhlizlərini özü formalaşdırır və bu baxımdan Azərbaycan-İran nəqliyyat dəhlizi Azərbaycanın suveren seçimidir. Region ölkəsi olmayan ABŞ öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyini təmin etmək səylərinə zərbə vurur.

ABŞ tərəfinə yaxşı məlumdur ki, Ermənistanın 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi Azərbaycanı alternativ yolların tikintisi ilə bağlı qərar qəbul etməyə sövq etmişdir.

Qonşu dövlətlərlə kommunikasiya xətlərinin çəkilməsi qaydasının razılaşdırılması, o cümlədən Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı İranla müqavilə bağlanılması Azərbaycanın suveren hüququdur.

Azərbaycan Respublikasının Milli Məclisi bir daha bəyan edir ki, Azərbaycan həmişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, beynəlxalq öhdəliklərinə uyğun hərəkət edərək öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaq”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin