ABŞ-ın “907-ci düzəliş” HOQQABAZLIĞI – Yardım, siyasi oyuncaq, yoxsa İKİÜZLÜLÜK?

Hazırda oxunan: ABŞ-ın “907-ci düzəliş” HOQQABAZLIĞI – Yardım, siyasi oyuncaq, yoxsa İKİÜZLÜLÜK?

165270

ABŞ Konqresinin yuxarı palatası Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan qanun layihəsini təsdiqləməsi və “907-ci düzəliş”in yenidən qüvvəyə minməsi əslində Ağ Evin mahiyyətinin göstəricisidir. 

30 ildir ki, Vaşinqton “907-ci düzəliş” əlində dəyənəyə çevirib. Baxmayaraq ki, Azərbaycanın bu ölkənin hər hansı bir yardımına ehtiyacı olmayıb. Sadəcə ABŞ bu cür dəstəkləri demokratiyanın inkişafına yardım kimi təqdim edib.

Guya Vaşinqton ancaq demokratik inkişaf yol tutan dövlətləri dəstəkləyir və onlara yardım edir. Amma reallıqda isə bu cür yardımlar sırf siyasi məqsədlər üçün edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Deputatlardan ABŞ-ın Azərbaycana qarşı bəyanatlarına CAVAB – “Bu, ölkəmizə qarşı TƏHDİDDİR”


Məsələn, 2022-ci ilə qədər ABŞ Ukraynaya humanitar yardım bir yana, heç investisiya dəstəyi göstərmirdi. Lakin Rusiya ilə müharibənin başlanmasından sonra ABŞ Ukraynaya milyardlarla dollarlıq yardım edib. Artıq bu yardımın həcmi 15 milyardı keçir. Di gəl ki, bu milyardlar qaçqın və köçkün düşən ukraynalılar üçün deyil. Bu sırf texniki yardımdır. Yəni Ukraynanın daha böyük həcmdə silahlanması üçün bu vəsaitdən istifadə oluna bilər. Deməli, ABŞ-ın niyyəti zavallı Ukrayna xalqına yardım etmək yox, Rusiyanı hərbi və iqtisadi cəhətdən ziyana salmaqdır. 
“907-ci düzəliş”in siyasi məqsədli olduğunu Azərbaycana qarşı münasibət də sübut edir.

Hamımız yaxşı bilirik ki, ABŞ “907-ci düzəlişi” Əfqanıstanda özünə yardım lazım olanda, yəni Azərbaycan sülhməramlılarının dəstəyinə ehtiyac olanda dondurmuşdu. İndi isə ermənipərəstlikdən gözləri tutulan Ağ Evin baş bilənləri yenidən “907” variantına əl ataraq əsl üzlərini göstərdilər. 

ABŞ öz planlarını hansı ideyalar üzərindən qurub?

ABŞ-ın “demokratiyanın inkişafına dəstək” layihələrinin arxasında hər zaman Vaşinqtonun siyasi-iqtisadi maraqları dayanıb. Dünyanın karbohidrogen ehtiyatlarına malik dövlətlərinin xarabazarlığa çevrilməsində ABŞ hər zaman əsas söz sahibi olub. Liviya, Suriya, İraq və digər neft-qazla zəngin ölkələrin 30 ildir ki, hərbi poliqona çevrilməsində ABŞ-ın tək məqsədi dünya hökmranlığını daha da gücləndirmək, maddi-mənəvi sərvətləri daşıyıb okeanın o tayına aparmaqdır. 

Ağ Evin iradəsinin əleyhinə çıxan ölkələrdə isə bir qayda olaraq “rəngli inqilablar” törədilib. ABŞ-a sərf edən şəxslər hakimiyyətə gətirilib və o adamların əli ilə həmin dövlətin bütün sərvəti Vaşinqton tərəfindən idarə olunub.

Təsadüfi deyil ki, ABŞ Azərbaycanı da hər zaman özünün təsir dairəsində saxlamaq istəyib. Bunun üçün Vaşinqton bütün imkanlardan istifadə edib.

Bu da onunla bağlı olub ki, Azərbaycan həm zəngin karbohidogen ehtiyatlara malikdir, həm də Avrasiyanın nəhəng nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Bunu nəzərə alan ABŞ hələ sovetlər dönəmində Azərbaycan qarşı məkli planlar işləyib, hazırlayıb həyata keçirib. 

Məsələn, 1988-ci ildə Qarabağda separatizmin alovlanması sırf Qərbin, daha doğrusu ABŞ-ın layihəsidir. Milli münaqişələr hesabına SSRİ-ni parçalamaq məhz Mərkəzi Kəşfiyyat İdarəsinin planı idi. SSRİ dağıldı, lakin Vaşinqton Cənubi Qafqazdakı məkrli niyyətindən əl çəkmədi. Erməni diasporunun maliyyə, ABŞ-ınsa siyasi dəstəyi ilə Azərbaycanda separatizm alovlandı.

Sonra isə bu proses Azərbaycanın ərazilərinin işğalı ilə nəticələndi. 1992-ci ildən bu yana Ermənistanın işğalının dayandırılması ilə bağlı ABŞ-ın qəbul etdiyi bir dənə də olsun rəsmi sənədi yoxdur. Hələ 300 min soydaşımızın Ermənistandan və 1 milyon soydaşımızın Azərbaycanın işğal olunan ərazilərindən qovulması ilə bağlı Ağ Ev heç zaman hansısa bir qərar qəbul etməyib. Bununla bağlı heç bir siyasi və hüquqi addım atmayıb. Ən yaxşı halda isə quru bəyanat verib. 

Bu bəyanatın məğzi isə standart və başdansovdu olub:

“ABŞ münaqişənin yenidən alovlanmasının əleyhinədir və tərəfləri danışıqlar stoluna dəvət edir”. Vəssəlam. ABŞ hər zaman sözdə Azərbaycanın ərazi bötövlüyünü dəstəklədiyini  desə də reallıqda Qarabağdakı ermənilərin hüquqlarının tanınmasını və onların istəklərinin nəzərə alınmasını istəyib.

Vaşinqton bundan o yana getməyib

Halbuki, ABŞ BMT-nin qətnaməsi olmadan Liviyanı, İraqı xarabazarlığa çevirib. Amma BMT-nin Ermənistanın işğalı ilə bağlı 4 qətnaməsi 27 il icrasız qaldı. Amma ABŞ bu qətnamələrin icrası üçün barmağını belə tərpətmədi. Əvəzində isə Ermənistan-Azərbaycan münaqişəsini uzatmaq üçün ATƏT-in Minsk qrupu adlı bədnam bir qrupda həmsədr stasusuna sahib çıxdı. 

1997-ci ildən bəri həmsədr kimi Vaşinqton bircə dəfə ermənilərə “gözün üstə qaşın var” demədi. Əksinə, 2016-cı ilin aprel döyşlərində, 2020-ci ilin Tovuz döyüşlərində və 44 günlük müharibədə birtərəfli qaydada Azərbaycana hərbi əməliyyatları dayandırmaqla bağlı çağırış etdi. 

Ən sonuncu dəfə isə sentyabrın 19-da Qarabağda keçirilən lokal antiterror əməliyyatından sonra erməni separatçılarını dəstəkləyən bəyanatlar verildi. Nəhayət noyabrın 15-də Konqresdə Azərbaycanla bağlı dinləmələr keçirildi. Guya ki, Azərbaycan Ermənistan müharibəyə hazırlaşır. Bunun qarşısını almaq üçün Vaşinqton “zəruri addımlar” atır.

ABŞ-ın Azərbaycana qarşı “qara piar”ı

Yada salaq ki, son 30 ildə ABŞ-ın mətbu orqanlarında da məqsədli şəkildə Azərbaycana qarşı çirkin kampaniya aparılıb. Bütün hesabatlarda Azərbaycan “qara siyahı”ya salınıb. Bu çirkin kampaniyanın önündə isə “Azadlıq” radiosu gedib. Bu radio bütün fəaliyyəti dövründə Azərbaycanda neqativ şeylər axtarıb, ən xırda məsələni çox böyük  və eybəcər şəkildə dinləyicilərinə təqdim edib. 

Guya ki, Azərbaycanda insan haqları tapdalanır, etniklərin hüquqları pozulur, söz azadlığı boğulur. Amma bu cür çirkin kampaniyalar heç zaman effekt verməyib. Hətta bir zamanlar Azərbaycanda “rəngli inqilab” layihəsi də oldu. Bir qrub Amerikanın QHT-lərinin pul kisəsindən asılı “soydaşlarımız” narıncı köynək geyinərək küçələrə düşdü. Lakin xalqın bu cür təxribatları kəskin reaksiyası ABŞ xüsusi xidmət orqanlarının planını pozdu. 

ABŞ dünyanın “jandarm”ı rolunda çıxış edir

Demokratiya ABŞ üçün yalnız jandarmıların təpiklərini gizlətmək üçün bir pərdə olub. Bu gün ABŞ jandarmı dünyanı tək əldə cəmləşdirmək üçün yeni planlar qurur. Azərbaycanın yeni sülh və iqtisadi dirçəliş çağırışları isə Ağ Evin planlarına əngəl törədir. Çünki hər hansı bir bölgədə sabitliyin olması Vaşinqtonun zəifliyinin göstəricisi kimi dəyərləndirilir. 

Hazırda Azərbaycan bütün müharibə planlarını bir kənara qoyub regionun dirçəlişi və davamlı sülh üçün çağırışlar edir, layihələr həyata keçirir. Bu məsələdə Azərbaycan heç kimdən və hətta ABŞ-dan məsləhət almır. Bu isə Ağ Evdəkilərin yuxularına haram qatır. Onlar Azərbaycanı durdurmaq üçün erməni kartından istifadə edərək üstümüzə gəlirlər. Amma bütün bu cəhdlər əbəsdir. Çünki Azərbaycanın uğurlu siyasəti ABŞ-ın məkrli planlarının qarşısını alacaq.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin