Tural Abbaslı: “ABŞ-ın addımlarını cavabsız qoymamalıyıq”

Hazırda oxunan: Tural Abbaslı: “ABŞ-ın addımlarını cavabsız qoymamalıyıq”

164785

Xəbər verdiyimiz kimi, ABŞ Konqresinin yuxarı palatası Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Qanun layihəsinə əsasən “2023-cü il Ermənistan Müdafiə Aktı”nda nəzərdə tutulan “ABŞ Prezidenti “Azadlığa Dəstək Aktı"na “907-ci düzəliş”in icrasını həyata keçirməkdən imtina etmək hüququndan məhrum edilir” bəndi əlavə edilib. 

Əvəzində Ermənistana hər cür dəstəyin artırılmasına qərar verilib. Təbii ki, bu da ABŞ-ın bəyan elədiyi prinsiplərə və Beynəlxalq hüquqa tamamilə ziddir. Münaqişə tərəfinin birinə bütün yardımları artırıb, digər tərəfə qarşı isə təzyiq yolu tutmaq heç bir hüquqi prinsipə uyğun gəlmir.
 

MÖVZU İLƏ BAĞLI:

Deputatlardan ABŞ-ın Azərbaycana qarşı bəyanatlarına CAVAB – “Bu, ölkəmizə qarşı TƏHDİDDİR”


“Etirazımızı bildirməliyik”

Məsələ ilə bağlı Bizim.Media-ya fikirlərini açıqlayan Ağ Partiyanın başqanı Tural Abbaslı bildirib ki, Azərbaycan cəmiyyəti ABŞ-ın son mövqeyinə qarşı qəti münasibət bildirməlidir:

“Ağ Partiya olaraq biz də öz etirazımızı bildirəcəyik. Hazırda ABŞ-ın ölkəmizdəki səfirliyinə göndərəcəyimiz etiraz mətninin üzərində çalışılır. Hesab edirəm ki, cəmiyyətimizin bütün sferaları öz mövqeyini və etirazını bildirməlidir. Bu etiraz ABŞ Dövlət Departamentinə və ABŞ-ın ölkəmizdəki səfirliyinə etiraz məktubu göndərməklə də ola bilər. Səfirlik qarşısında etiraz aksiyaları və yaxud QHT-lərin ümumşəhər yürüşü də keçirilə bilər. 

Çalışmalıyıq ki, ABŞ hökuməti cəmiyyətin reaksiyasını bilsin, hiss etsin. Vaşinqtonda belə bir yanlış fikir var ki, “Azərbaycanda xalq bir cür düşünür, hakimiyyət başqa şey düşünür”. Biz ABŞ-a göstərməliyik ki, Azərbaycanda xalqla hakimiyyət eyni mövqedədir. Amerikadakılar görməlidirlər ki, bu cür ədalətsiz və qərəzli münasibətləri ilə Azərbaycan cəmiyyətindəki mövqelərini və nüfuzlarını itirirlər. 

Ağ Evdəkilərə başa salmalıyıq ki, onlara terrorçu və qeyri-stabil Ermənistan lazımdır, yoxsa öz vədinə əməl edən, Aİ-nin enerji təhlükəsizliyində müstəsna payı olan Azərbaycan lazımdır?!

İndiki vaxta biz çalışmalıyıq ki, Amerikanın seçim qarşısında olduğunu başa düşsünlər. Əminəm ki, cəmiyyətimizin atdığı istənilən addım ABŞ-ın ölkəmizdəki səfirliyi tərəfindən diqqətlə izləniləcək və bununla bağlı Ağ Evə lazımi məlumat ötürüləcək. 

Azərbaycan həm Aİ, həm də ABŞ üçün vacib və etibarlı tərəfdaşdır. Azərbaycan təkcə Avropanın enerji təhlükəsizliyində pay sahibi deyil, həm də Qərblə Şərq arasında unikal coğrafi mövqeyə malikdir. Təbii ki, ABŞ-ın təzyiqləri artdıqca Azərbaycan da adekvat addımlar atacaq. Bundan isə daha çox itirən Avropa olacaq. Çünki bizim Avropadan heç bir iqtisadi asılılığımız yoxdur. Amma Avropanın bizə ehtiyacı var”. 

Partiya sədri onu da qeyd edib ki, əslinə qalsa ABŞ və Avropa Azərbaycana qarşı hər zaman bu cür neqativ mövqedən çıxış edib:

“ATƏT-in Minsk qrupunun bir həmsədri ABŞ, digər həmsədri isə Fransa idi. 23 ildə onlar hansı ədalətin bərqərar olmasına çalışdılar ki?! Çox təəssüf ki, bizim cəmiyyətdə bəziləri ABŞ-a bir ədalət mücəssəməsi kimi baxır. 

44 günlük müharibədən sonra ABŞ-ı daha yaxşı tanıdıq. Bir tərəfdən sülh çağırışı edirlər, digər tərəfdən Ermənistana silah və digər hərbi yardımlar göstərirlər. Yəni ABŞ-ın bizə qarşı mövqeyi heç zaman səmimi və ədalətli olmayıb”.

Surxay Atakişiyev, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin