Mixail Neyzmakov: “Anklav kəndlərin aqibəti növbəti toqquşmalara səbəb ola bilər” – MÜSAHİBƏ 

Hazırda oxunan: Mixail Neyzmakov: “Anklav kəndlərin aqibəti növbəti toqquşmalara səbəb ola bilər” – MÜSAHİBƏ 

164513

“Bakı ilə İrəvan arasında sülh sazişi üzrə danışıqların hələ yekunlaşmadığını nəzərə alsaq, həqiqətən də iki ölkə sərhədində yeni eskalasiyanı istisna etmək olmaz. Üstəlik, ola bilsin ki, anklavlarla bağlı mübahisələr fonunda Azərbaycanla Ermənistan arasında sərhədin digər hissələrində də belə gərginlik baş verə bilər”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində Rusiya Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitik layihələr üzrə direktoru Mixail Neyzmakov deyib. 

İki ölkə arasında sülhün imzalanmasını gecikdirən amillər, xarici aktorların Cənubi Qafqazda toqquşan maraqları və anklavlar məsələsini şərh edən analitik, Azərbaycanın qələbəsi ilə bölgədə yeni reallıqların yarandığını qeyd edib.

Sözügedən müsahibəni təqdim edirik:

- Cənab Neyzmakov, ötən həftə Azərbaycan böyük qələbəsinin 3-cü ildönümünü qeyd etdi. Bu dəfə Xankəndidə Azərbaycan əsgərinin paradı ilə. Ümumilikdə təhlil etsək, Azərbaycanın qələbəsi regiondakı vəziyyətə necə təsir etdi? 

- İkinci Qarabağ müharibəsi, daha sonra isə 2023-cü ilin sentyabr hadisələri (red. antiterror tədbirləri) nəticəsində xarici oyunçuların Bakıya təzyiq imkanları azalıb. Regiondankənar güclərin Cənubi Qafqazda nüfuz uğrunda rəqabəti isə əksinə, daha da intensivləşir. Eyni zamanda, bu hadisələr İrəvanla Qərb aktorları arasında təmaslarda, Moskva ilə Bakının qarşılıqlı fəaliyyətində, eləcə də Rusiya ilə Ermənistanın münasibətlərində fəsadların yaranmasında mühüm amilə çevrildi. 

Diqqət yetirməyə dəyər daha bir cəhət var. 2023-cü ilin oktyabrında və noyabrın əvvəllərində regionda nəqliyyat kommunikasiyalarının bloklanması məsələlərində praktiki olaraq heç bir irəliləyiş qeydə alınmasa da, sentyabrdakı antiterror tədbirləri bu istiqamətdə yeni addımların atılması ehtimalını daha da artırdı. Məlum olduğu kimi, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında İran ərazisindən keçən nəqliyyat marşrutunun yaradılması perspektivləri daha fəal müzakirə olunur.

Bununla belə, Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyalarının qarşısının alınması planlarının həyata keçirilməsi də mümkündür. Baxmayaraq ki, bu, yaxın gələcəkdə çətin danışıqlar prosesinin predmeti olacaq.

Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında hər hansı marşrut üzrə kommunikasiyaların açılması mümkün olarsa, bu, digər məsələlərlə yanaşı, Türkiyənin siyasi mənzərəsinə də müəyyən təsir göstərə bilər. Bölgədə kommunikasiyaların açılması Türkiyənin Naxçıvanla həmsərhəd olan İğdır vilayəti üçün mühüm inkişaf amilinə çevrilə bilər. 

- Azərbaycanla Ermənistan arasında müharibə başa çatsa da, hər iki ölkə hələ də sülh müqaviləsi imzalamayıb. Bunun səbəbləri nələrdir?

- Biz görürük ki, sülh sazişinin imzalanması yaxın vaxtlarda yenidən bir məsələ kimi müzakirə olunmağa başlayacaq. Məsələn, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2023-cü ilin oktyabr ayında verdiyi açıqlamada qeyd edib ki, “iki ölkə arasında sülh sazişinin imzalanması üçün real şanslar var”. Öz növbəsində, Nikol Paşinyan da həmin vaxt sülh sazişinin ilin sonuna qədər imzalanmasının mümkünlüyündən danışıb. 

Noyabrın 10-da isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin sülh sazişini imzalamağa hazır olduğunu bəyan edib. Həqiqətən də, Ermənistanda sentyabrın sonu-oktyabrın əvvəllərində başlayan etiraz dalğasının səngiməsindən sonra sülh sazişin imzalanması üçün nisbətən əlverişli vəziyyət yaranıb. Bu o demək deyil ki, belə bir sazişin imzalanması yeni etiraz kampaniyasına səbəb olmayacaq. Lakin yaxın aylarda müqavilə imzalanarsa, aksiyaların miqyasının məhdudlaşacağını ehtimal etmək olar.

- Hər iki ölkə sülhə hazır olduğunu qeyd edir. Azərbaycan 5 maddəlik baza prinsipilərini də təklif edir. Bəs əngəllər nələrdir?

- Məsələ ondan ibarətdir ki, tərəflər mübahisəli mövzularda - məsələn, sərhədlərin delimitasiyası, anklavlar məsələsi və nəqliyyat kommunikasiyalarının bloklanması ilə bağlı razılığa gəlməyə nə dərəcədə hazırdırlar. Ola bilsin ki, Bakı ilə İrəvan arasında bu məsələlərlə bağlı artıq bəzi qeyri-ictimai razılaşmalar var və o zaman həqiqətən də sülh müqaviləsinin imzalanmasının sürətlənməsini müşahidə etmək olar. Bununla belə, danışıqlarda xeyli gecikmələrin olması ehtimalı var.

- Sizin də qeyd etdiyiniz kimi, Azərbaycanın 8 kəndi hələ də Ermənistanın nəzarətindədir. Azərbaycan anklav torpaqlarını güc yolu ilə geri ala bilərmi?

- Məlum olduğu kimi, 2020-ci ilin noyabrından sonra Bakı ilə İrəvan arasında ən çox rezonans doğuran sərhəd münaqişələri, ilk növbədə, Ermənistanın Sünik (Zəngəzur), Geqarkunik (Göyçə) və Vayots Dzor (Dərələyəz) rayonlarının sərhədindəki ərazilərə aiddir. 2021-ci ildə Qara Göl ətrafındakı münaqişəni və ya 2022-ci ilin sentyabrındakı eskalasiyanı xatırlayaq.

2020-ci ilin iyulunda İkinci Qarabağ müharibəsi ərəfəsində ən böyük silahlı qarşıdurma Ermənistanın Tavuş və Azərbaycanın Tovuz rayonlarının yaxınlığında baş verdi. 2023-cü ilin sentyabrında İcevanda (Karvansaray) Aİ-nin Ermənistandakı müşahidə missiyasının operativ ofisinin açılması İrəvan və Brüsselin bu istiqamətdə yeni eskalasiyaya ehtimal verdiyini göstərir.

Eyni zamanda, Gürcüstanla kommunikasiyalara nəzarət üçün bu zonanın vacibliyini nəzərə alsaq, anklavların Azərbaycanın nəzarətinə keçməsi Ermənistanda yenidən narazılıqların artmasına səbəb olacaq.

Digər tərəfdən, Ermənistanın baş nazirinin 2023-cü ilin oktyabrında “anklavlar məsələsini əsaslı şəkildə müzakirə etmək” zərurəti ilə bağlı açıqlaması bir çoxları tərəfindən Bakıya güzəştə getməyə hazır olmaq siqnalı kimi qəbul edilib. 

Nəzərə alsaq ki, Bakı ilə İrəvan arasında sülh sazişi üzrə danışıqlar hələ yekun nəticəyə çatmayıb, həqiqətən də yeni transsərhəd eskalasiyasını istisna etmək olmaz. Üstəlik, ola bilsin ki, anklavlarla bağlı mübahisələr fonunda Azərbaycanla Ermənistan arasında sərhədin digər hissələrində də belə gərginlik baş verə bilər.
- Cənab Neyzmakov, müsahibə üçün təşəkkür edirəm.

- Mən də təşəkkür edirəm.

Tehran Orucoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin