Məlum olduğu kimi son illər Macarıstan bir dövlət olaraq TDT-nin tədbirlərinə çox böyük həvəslə qatılır. Hələlik, Macarıstan bu təşkilatda müşahidəçi statusu ilə iştirak edir. Yəqin ki, yaxın gələcəkdə Macarıstan TDT-də tam hüquqlu üzv ölkə kimi çıxış edəcək.
Bəs, Macarıstanın TDT-yə üzv olması nəyi dəyişə bilər?
Mövzu ilə bağlı Millət vəkili, akademik Nizami Cəfərovun fikirlərini öyrəndik.
O, Bizim.Media-ya açıqlamasında bildirib ki, son illərdə türk dövlətlərinin bütün tədbirlərinə Macarıstanın həvəslə qatılması çox gözəl hadisədir:
“Nəzərə alaq ki, Macarıstan Avropa İttifaqının və NATO-nun üzvüdür. Belə bir dövlətin türk dövlətləri ilə eyni mövqedən çıxış etməsi təqdirəlayiq haldır. Onların mədəniyyətlərində, təfəkkür tərzində, düşüncələrində, ən əsası da siyasi münasibətlərində türkçülüyün dünyada müdafiəsi stixiyası (red. əsasını təşkil edən elementlər) var.
Macarlar türkdilli və müsəlman olmamalarına rəğmən onlarda türk ruhu çox yüksəkdir. Onların yaddaşı hun yaddaşıdır. Və təsadüfi deyil ki, onlar özlərini birbaşa hunların törəmələri hesab edirlər. Buna görə də macarların türk birliyinə can atması təsadüfi feyil”.
Millət vəkili bu inteqrasiyanın uğurlu tərəflərindən də danışıb:
“Bu məsələnin ən yaxşı tərəfi odur ki, macarlar dünyaya, xüsusən də Qərbə ən yaxşı türk dövləti modelini çox gözəl çəkildə təqdim edir. Nəzərə alaq ki, Qərbin türk birliyinə, turançılığa münasibəti birmənalı və obyektiv deyil. Qərb türkçülüyü daha çox işğalçı və iddialı bir güc kimi qəbul və təqdim edir. Guya ki, türk dövlətləri yenidən bir araya gəlib Avropanı işğal edəcəklər.
Lakin macarların türk dövlətləriylə eyni platformadan çıxış etməsi Qərbin bu yanlış təsəvvürünü xeyli redaktə edir, düzəldir. Sübut olunur ki, türkçülüyün, turançılığın dünya hökmranlığına iddiası yoxdur.
Bu sadəcə milli kökə qayıdış və özünün olanlara sahib çıxmaq istəyidir. Bir sözlə Macarıstanın TDT-yə üzv olmaq istəyi türkçülüyün Qərbə ən yaxşı təqdimatıdır.
Bu istək onu sübut edir ki, burda hər hansı təcavüzdən, şovinizmdən söhbət getmir. Bu sadəcə mədəni birlikdir. Turançılıq türklərin öz mədəniyyətlərini dağıdılmış halda yox, qarşılıqlı əlaqədə və bütöv halda sivilizasiyaya təqdim etmək istəyidir”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:00 / 09.11.2023
“Qərb elə təqdim edir ki, guya türklər bir araya gəlib Avropanı işğal edəcəklər” – Deputat
Hazırda oxunan: “Qərb elə təqdim edir ki, guya türklər bir araya gəlib Avropanı işğal edəcəklər” – Deputat
Hazırda oxunan: “Qərb elə təqdim edir ki, guya türklər bir araya gəlib Avropanı işğal edəcəklər” – Deputat
163492
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.