Rusiya ilə Ermənistan arasında yaşanan gərginlik getdikcə daha kəskin xarakter almağa başlayır. Rusiya Xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova bu günlərdə bildirib ki, Ermənistanda dövlət qurumlarına və ya icra hakimiyyətinin sıralarında olan şəxslərə bağlı bir sıra media resursları açıq-aşkar rusofobik təbliğat aparırlar.
“Onlar bunu hətta millətçilik zəminində həyata keçirirlər. Belə bir şeyi təsəvvür belə edə bilmirəm... Çox oxuyuram və izləyirəm. Ancaq bunlar sadəcə təhqir deyil, ört-basdır edilməmiş rusofobiyadır. Bu resursların maliyyələşdirilməsinin arxasında kimin dayandığını başa düşürük. Əgər onlar hesab etsələr ki, biz bütün bunları kimin ödədiyini bilmirik yanılırlar”, - deyə Zaxarova bildirib.
Bu sayaq açıqlamalar onu deməyə əsas verir ki, Moskva Ermənistanın Rusiya əleyhinə yönəlik siyasətinə görə əvvəl-axır İrəvanı cəzalandıracaq. Artıq Rusiya müharibədən əvvəl Ukraynanı təhdid etdiyi formada indi də Ermənistanı təhdid etməyə başlayıb. Artıq Paşinyan hakimiyyəti rusofobiyada ittiham olunur. Bu hal isə Ermənistan üçün heç də yaxşı sonluq vəd etmir.
Görəsən, mövcud vəziyyətdə Ermənistanın cəzası nə olacaq?
MÖVZU İLƏ BAĞLI:
Erməni nazir etiraf etdi: "Rusiya ilə problemlərimiz var"
Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirir ki, Rusiya istənilən formada Ermənistanı cəzalandıra bilər və Moskvanın bu istiqamətdə addımları hüquq müstəvisində olacaq:
“Paşinyan iqtidara gəldikdən sonra, Ermənistanda antirusiya ovqatının gücləndirilməsi siyasəti artıq dövlət səviyyəsində aparılır. Əslində bu əvvəlcədən proqnozlaşdırılırdı. Çünki Paşinyan müxalifətdə olarkən Ermənistanın KTMT və Avrasiya İqtisadi Birliyində iştiraka ciddi zərurətin olmadığını bəyan etmişdi.
Paşinyan prinsip etibarı ilə ABŞ-ın sifarişinin icraçısıdır.
Ermənistan kütləvi informasiya vasitələri də bu mənada şübhəsiz ki, ABŞ tərəfindən ciddi maliyyə dəstəyinə malikdir. Hansı ki, bu maliyyə də Ermənistanda anti-Rusiya ovqatının gücləndirilməsinə yönəldilib. Paşinyan hətta 2020-ci ilin Moskva razılaşmasının şərtlərini belə yerinə yetirməkdən boyun qaçırır. Bəyannamənin 9-cu bəndinin icrasına İrəvanın fərqli mövqe və baxışları var. Digər tərəfdən, Paşinyan Brüssel və Vaşinqton formatında danışıqlara getməyə həvəs göstərdiyi halda, Moskva formatında danışıqlardan boyun qaçırır.
Rusiyanın əlində Ermənistanda hakimiyyət böhranı yaratmaq üçün kifayət qədər imkan və rıçaqlar var.
Ermənistan Rusiyadan enerji resursları baxımından asılıdır. Burada həmçinin Rusiyanın hərbi bazası var. Bu amillər fonunda Moskvanın İrəvana təsir imkanları böyükdür. Belədə Rusiya istənilən formada Paşinyan Ermənistanını cəzalandıra bilər. Amma Rusiyanın bu istiqamətdə addımları hüquq müstəvisində olacaq”.
Rüfət Sultan, Bizim.Media