Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində çıxış edən Ermənistan baş naziri Nikol Paşinyan təqdim etdiyi regional nəqliyyat dəhlizləri xəritəsində Azərbaycanın ərazi bütövlüyünə tam riayət edib.
Mətbuatın yazdığına görə, baş nazirin təqdim etdiyi xəritədə Azərbaycan əraziləri tam və keçmiş qondarma quruma məxsus heç bir ad, xəritə və ya toponim istifadə edilmədən göstərilib.
Baş nazir xəritə ilə Ermənistanın şimalından və cənubundan keçən dəmir yolları ilə bağlı məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və Ermənistan Baş nazirləri Gürcüstanda GÖRÜŞDÜ - VİDEO
Xəritədə həmçinin, Zəngəzur dəhlizi ilə Azərbaycanla dəmir yolu və avtomobil yollarının bərpasının mümkünlüyü və bunun isə Xəzər dənizi ilə Aralıq dənizi arasındakı nəqliyyat əlaqələrini daha da qısaldacağı öz əksini tapıb.
Paşinyanın Tbilisidə regional kommunikasiyaların açılması ilə bağlı xəritə sərgiləməsi nəyə hesablanıb?
Bizim.Media-ya açıqlama verən politoloq Tofiq Abbasovun fikrincə, Paşinyanın bu hərəkəti boş vəd və gəlişi gözəl ibarələrdən başqa bir şey deyil:
“Paşinyanın bu hərəkəti danışıqdan ibarət bir fəaliyyətdir. Buna kaudistika deyilir. Onun arxasında hansısa bir əməl dayanmırsa, Paşinyanın sərgilədiyi xəritə əslində heç nəyi təsdiqləmir. Onun bu hərəkəti boş vəd, gəlişi gözəl ibarələrdən başqa bir şey deyil.
Paşinyan belə addımlarından artıq özü üçün bir silah kimi istifadə edir.
O istənilən platforma, beynəlxalq meydanlarda bir qayda olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, sülhə hazır olduqlarını, kommunikasiyalarla bağlı fəaliyyət göstərdiklərini bildirir. Amma Paşinyan 10 noyabr bəyannaməsindən irəli gələn öhdəliklərin heç birini yerinə yetirməyib. Qanunsuz silahlı dəstələrin Azərbaycan ərazisindən çıxarılması ilə bağlı 4-cü bəndə əməl etmədi, bunu Azərbaycan Ordusu özü etdi.
Zəngəzur dəhlizilə bağlı 9-cu bəndi də yerinə yetirmir.
Belə olan halda, müxtəlif tədbirlərdə belə fikirlər səsləndirməklə Paşinyan istəyir ki, hamının xoşuna gəlsin. Paşinyan bununla sadəcə olaraq, dil qəhrəmanı olaraq özünü təsdiqləməyə çalışır. Amma bununla ölkəmizi inandıra bilməyəcək. Bəyannamədən irəli gələn müstəvidə addım atmayıbsa, Paşinyanın verdiyi bütün vədlər, açıqladığı sloqanlar, şüar və çağırışların heç biri real görünməyəcək”.
Rüfət Sultan, Bizim.Media