Prezident BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini QƏBUL ETDİ - VİDEO

Hazırda oxunan: Prezident BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini QƏBUL ETDİ - VİDEO

161630

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, nümayəndə heyətinə Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Süheyl bin Məhəmməd Əl-Məzrui, investisiya naziri Məhəmməd Həssən Əl-Suveydi, Xarici İşlər Nazirliyinin iqtisadi məsələlər üzrə dövlət naziri Əhməd Əli Əl-Sayeğ, Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl-Suveydi, “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi daxildir.

Prezident İlham Əliyev, ilk növbədə, qonaqlara Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirak etdiklərinə görə minnətdarlığını bildirərək, bunu dostluq əlaqələrimizin və böyük hörmətin nümunəsi kimi dəyərləndirib. Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin dörd nazirinin tədbirdə iştirakına görə bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana minnətdarlığını çatdırmağı xahiş edib.

Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasiminin keçirilməsini tarixi hadisə kimi qiymətləndirən Azərbaycan Prezidenti ikitərəfli münasibətlərimizin bir çox digər sahələri də əhatə etdiyini vurğulayıb.
Prezident İlham Əliyev bugünkü görüşün əməkdaşlığımızın hazırkı vəziyyətinin və perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib və gündəlikdə duran birgə layihələrin əlaqələrimizin daha da genişləndirilməsi baxımından önəmini qeyd edib.

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir, ilk növbədə, ölkəmizdə göstərilən yüksək qonaqpərvərliyə görə nümayəndə heyətinin adından dövlətimizin başçısına minnətdarlığını ifadə edib. O bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin ali rəhbərliyi qüdrətli ölkə olan Azərbaycanla həmişə strateji tərəfdaşlığın önəmini qeyd edir.

Sultan Əhməd Əl-Cabir vurğulayıb ki, Azərbaycan qısa müddət ərzində qarşıya qoyulan məqsədlərə çatmaq istiqamətində ciddi uğurlara nail olub. O, ölkələrimiz arasında mövcud olan əlaqələrin uzunmüddətli tərəfdaşlığa xidmət etməsinə əminliyini bildirdi, eyni zamanda, vurğuladı ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri əməkdaşlığın və strateji tərəfdaşlığın yeni nümunəsinin yaradılması işinə sadiqlik nümayiş etdirir.

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin