Azərbaycan nümayəndə heyəti erməni təxribatı ilə üzləşdi - FOTO/VİDEO 

Hazırda oxunan: Azərbaycan nümayəndə heyəti erməni təxribatı ilə üzləşdi - FOTO/VİDEO 

161521

Milli Məclisin deputatı Elnur Allahverdiyevin bu gün Parlamentlərarası İttifaqın Assambleyasının 147-ci iclasında “Sülh, ədalət və güclü institutlar üçün parlament fəaliyyəti” mövzusunda çıxışı olub. 

Millət vəkilinin çıxışı 30 il ərzində Ermənistanın aqressiv siyasəti nəticəsində dünyanın ən qeyri-sabit bölgələrindən biri kimi tanınan Cənubi Qafqazda sülhün bərqərar olması üçün Azərbaycanın təşəbbüslərinin tarixi önəmi barədə olub. 

Elnur Allahverdiyev özünün “Facebook” hesabında qeyd edib ki, dövlətimizin həm tam və dayanaqlı sülhün bərqərar olması, həm də iqtisadi əlaqələrin bərpası və inkişafı istiqamətində atdığı addımlara dünyada böyük maraq var: 

“Azərbaycan nümayəndə heyəti olaraq çıxışımızı məhz bu müstəvidə hazırlamışdıq. Ancaq artıq ənənə halını almış erməni təxribatları səbəbindən çıxışa kiçik korrektələr etməli olduq. Belə ki, məndən öncə çıxış edən erməni nümayəndənin eyham vurduğu bir sıra məqamlar iclas iştirakçılarında qeyri-obyektiv təsəvvür yarada bilərdi ki, əslində, ermənilərin niyyəti də elə bu idi”.  

Sözügedən çıxışı olduğu kimi təqdim edirik: 

Hörmətli həmkarlar,

Xanımlar və cənablar! 

İcazə verin sizi Azərbaycan nümayəndə heyəti adından salamlayım. 

“Təmsil etdiyimiz ölkələrin qanunverici orqanları vətəndaş cəmiyyəti, ictimai qurumlar və əhali ilə sıx münasibətləri baxımından, müzakirə etdiyimiz mövzuda qeyd edildiyi kimi, sülh və ədalətin bərqərar olunmasında mütərəqqi rola malikdirlər. Xalqlar, ölkələr və bölgələr, fərqli sivilizasiyalar və mədəniyyətlər arasında sülh və dialoqa nail olmaq üçün parlament institutunun danılmaz potensialı mövcuddur. Əvvəlcə onu deyim ki, erməni həmkarlarımızın nəhayət, beynəlxalq hüququn prinsipləri haqqında danışmağa başladığını görməkdən məmnunuq.  

Xatırladaq ki, Ermənistan onilliklər ərzində ərazi bütövlüyü prinsipinə cüzi də olsa eyham vurmayıb. Mən erməni həmkarıma onu da xatırlatmaq istəyirəm ki, Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati vahid yoxdur. Həmin ərazi Azərbaycan Respublikasının Qarabağ İqtisadi Zonası adlanır. 

Ermənistanın beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur. Onun qondarma etnik təmizləmə və işğalla bağlı iddiaları gülüncdür.  

Azərbaycan multikultural ölkədir və Qarabağ bölgəsindən olan etnik ermənilər bu multikultural modelin bir hissəsi olmağa dəvətlidirlər. Yerli erməni sakinləri köçməyə sövq edən Ermənistan və onun qanunsuz separatçı rejimidir. Ermənistan onilliklər ərzində Azərbaycanla dövlət səviyyəsində birgəyaşayışın qeyri-mümkünlüyü ideyasını irəli sürüb və bu, belə vəziyyətə gətirib çıxarıb. 

30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin 20%-i Ermənistan tərəfindən işğal altında saxlanılıb. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan yaşayış məntəqələrini tərk etməsini tələb edən 4 qətnamə qəbul etsə də, bu ali sənədlər 27 il ərzində icrasız qalıb.  

2020-ci ildə Azərbaycan öz gücü ilə ərazi bütövlüyünü bərpa edib. Ancaq müharibənin bitməsindən sonra 3 il ərzində Ermənistan Azərbaycan ərazisində hərbi kontingentini saxlamağa və silahla təchiz etməyə davam edib. Azərbaycan Ermənistana iki dövlət arasında münasibətlərin normallaşması üçün beş baza prinsiplərindən ibarət sülh sazişi təklif edib. 

Təəssüf ki, Azərbaycanın bu humanist addımı cavabsız qalıb və hələ də yekun sülh müqaviləsi imzalanmayıb.  

Ötən 3 il ərzində Azərbaycan hökuməti yerli erməni əhalinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün əməli addımlar atıb. Azərbaycan parlamentinin deputatı Qarbağda yaşayan erməni sakinlərin nümayəndələri ilə danışıqlar aparmaq üçün ölkə prezidenti tərəfindən xüsusi nümayəndə təyin edilib.

Azərbaycan Respublikasının Milli Məclisi parlament diplomatiyasının imkanlarından istifadə etməklə bütövlükdə regional sülhün təsisi ilə bağlı mövcud təşəbbüslərin həyata keçirilməsində fəal iştirak edir. 

Davam edən mütəmadi hərbi təxribatlar bu il sentyabrın 19-20-də Azərbaycanın lokal antiterror tədbir həyata keçirməsinə səbəb olub. Yalnız hərbi infrastrukturun zərərsizləşdirilməsinə yönəlmiş və cəmi 23 saat çəkən tədbir nəticəsində qanunsuz hərbi qruplaşmalar neytrallaşdırılıb və tərksilah edilib.  

Azərbaycan Prezidenti yerli erməni əhaliyə sosial təminat, iqtisadi fəaliyyət, dini etiqad, təhsil, bələdiyyə azadlıqları təminatı verib.

Ermənilərin reinteqrasiya prosesini rəsmiləşdirmək üçün müraciət portalı yaradılıb. Buna baxmayaraq, yerli erməni əhali Azərbaycan ərazisindən köçmək qərarını verib. Onların köçü tam könüllü, azad şəkildə, media təmsilçilərinin müşayəti ilə baş verib. Köç zamanı yollarda onlara Azərbaycan hüquq-mühafizə orqanları, tibbi heyət tərəfindən lazımi yardım edilib, insanlar su və ərzaqla təmin olunublar və bunu Ermənistan ərazisinə keçdikdən sonra özləri də təsdiqləyiblər.

Onlara qarşı hər hansı zorakı təziyiq metodları qeydə alınmayıb. Bunu BMT-nin Qaçqınlarla iş üzrə Ali komissarının Yerevandakı nümayəndəsi Kavita Belani verdiyi bəyanatla təsdiqləyib.

Həmçinin oktyabr ayının 1-də və 10-da bölgəyə BMT-nin 2 missiyası həyata keçirilib. Missiya ərazidə mülki infrastruktura, xəstəxana və məktəblərə, dini və ictimai obyektlərə heç bir ziyanın dəymədiyini bildirib.  
Bu gün Azərbaycan dövləti 30 illik ədavəti unutmaq və dayanıqlı sülhün əldə edilməsi üçün Ermənistanla yekun sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Bu, Cənubi Qafqazda möhkəm sülh üçün əsaslı baza rolunu oynaya bilər. Sülhün alternativi yoxdur və bu istiqamətdə Azərbaycan parlamenti də öz səylərini davam etdirmək əzmindədir”. 
 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin