“Qarabağ ermənilərinin geri qayıtmaq ehtimalı yoxdur”.
Bunu ötən gün erməni KİV-lərinə açıqlamasında ictimai-siyasi xadim Mikael Ayrapetyan bildirib. O bunu da əlavə edib ki, buna dünyanın güc mərkəzləri imkan verməyəcək.
Erməni siyasətçinin fikirləri bir-birini təkzib edir. Amma onun söylədiyi iki cümlə maraqlı mənzərə yaradır. Bir mənzərə ondan ibarətdir ki, Qarabağdan gedən bir ovuc erməninin geri qayıtma ehtimalı çox azdır.
MÖVZU İLƏ BAĞLI:
Şərqi Zəngəzurda 2027-ci ilədək 24 kənd SALINACAQ
Baxmayaraq ki, Azərbaycan dəfələrlə bəyan edib ki, 1989-cu ilə qədər Qarabağda pasport qeydiyyatında olan və Azərbaycana qarşı heç bir hərbi cinayət tötətməmiş ixtiyari erməni rahatlıqla geri dönə və Azərbaycan qanunları ilə yaşaya bilər.
Bununla belə sentyabrın 19-dan Qarabağdan köç edən ermənilərin son 35 gündə geri qayıtması ilə bağlı hansısa rəsmi rəqəm və məlumat açıqlanmayıb. Deməli, gedən ermənilərin tam əksəriyyəti əcnəbi vətəndaşlığı olanlardır.
Digər qrupun üzvləri isə bu və digər şəkildə Azərbaycana qarşı hərbi cinayətlərdə iştirak edənlərdir. Ona görə də həmin qatil ermənilər cinayət məsuliyyətinə cəlb olunmaq qorxusundan geri dönməyi düşünmürlər. Amma hər halda Azərbaycan ermənilərə geri qayıtmaq möhləti tanıyır.
“Qaçqın” məsələsi siyasi manipulyasiya vasitəsidir
Erməni siyasətçinin açıqlamasında ikinci məqam ondan ibarətdir ki, Ermənistan Qarabağda bu və digər şəkildə yaşamış ermənilərin geri dönüşünü istəyir. Lakin ermənilər bu prosesin Azərbaycan qanunları ilə yox, Qərbin təzyiqləri hesabına həyata keçməsini arzulayırlar. Bu da onunla bağlıdır ki, Qarabağa göndərilməsi nəzərdə tutulan ermənilərin heç biri Azərbaycanın irəli sürdüyü şərtlərə cavab vermir.
Deməli, Ermənistan və onun xarici havadarları çalışırlar ki, qayıdış adıyla terrorçu ünsürləri yenidən Azərbaycan torpaqlarına göndərsinlər.
Bir müddət sonra da həmin terrorçu ünsürləri Azərbaycana qarşı təxribatlara təhrik etsinlər. Çünki, ermənilər xəstə təxəyyülərinə, Qərb isə siyasi məqsədlərinə görə Cənubi Qafqazda davamlı sülhün olmasını istəmir. Ermənilər bilir ki, hazırkı reallıqla barışsalar, onda onların 200 illik məkunlaşma, zəbt etmə və digər “siyasətləri” iflasa uğrayacaq. Ən başlıcası “miatsum” və “dənizdən-dənizə Böyük Ermənistan” ideyaları birdəfəlik dəfn ediləcək. Bu isə həm Ermənistandakı, həm də ki dünyadakı ermənilərin kabusu ola bilər.
Xəstə iddia və ideyalar ermənilər üçün milli məsələdən daha çox iqtisadi maraq kəsb edir
Qeyd edək ki, erməni diasporunun aparıcı dünya ölkələrindəki aktivliyinin arxasında onların qlobal güclərin maşası olması faktı dayanır. Əgər Cənubi Qafqazda davamlı sülh olacaqsa, onda erməni diasporu qlobal güclərə lazım olmayacaq. Bu da ermənilər üçün ölüm deməkdir. Ona görə lazımsız əşya olmamaq üçün ermənilər ən sonuncu yola belə əl atırlar.
Lakin zaman dəyişib. Azərbaycanın karbohidrogen ehtiyatları və yerləşdiyi əlverişli coğrafi mövqeyi təkcə Qərbin yox, həm də Şərqin aparıcı dövlətləri üçün çox cəlbedicidir. Bu iki vacib faktor ermənilərin Qərbə təklif etdiyi terror xidmətindən daha vacib və aktualdır.
Bu mənada Qarabağdan könüllü çıxan erməniləri siyasi alət vasitəsinə çevirmək Ermənistana və onların xarici havadarlarına yaxşı heç nə vəd eləmir.
Surxay Atakişiyev, Bizim.Media