Azərbaycan xarici siyasətinin mühüm istiqamətlərindən biri də MDB çərçivəsində həyata keçirilən fəaliyyətlər, birliyə üzv ölkələrlə təşkilatın çətiri altında qurulan ikitərəfli və çoxtərəfli əlaqələrdir. Hərçənd, son zamanlar istər ölkə daxilində, istərsə də xaricində olan bəzi dairələr MDB-nin faydasızlığı haqqında fikir formalaşdırmağa çalışır, Azərbaycanın artıq bu qurumdan uzaqlaşmasının vaxtı çatdığını iddia edirlər.
Bizim.Media xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin təhlilində yer alıb.
MÖVZU İLƏ BAĞLI:
MDB-yə sədrlik Rusiyaya KEÇİR
“Halbuki, hazırda həm regionda, həm postsovet məkanında, həm də bütövlükdə dünyada cərəyan edən siyasi və iqtisadi proseslərə nəzər saldıqda MDB-nin ölkəmiz üçün hələ də lazımlı bir platforma olduğunu anlamaq elə də çətin deyil.
“Putin klubu” mifi və real ziddiyyətlər
SSRİ dağıldıqdan sonra müvəqqəti əməkdaşlıq formatı kimi qurulan MDB-nin əsas məqsədi artıq keçmiş sovet ölkələrini Rusiyanın himayəsi altında bir araya gətirmək idi. Lakin ötən müddət ərzində şimal qonşumuzun xarici siyasət sahəsində yol verdiyi səhvlər birliyin Kremlin nəzərdə tutduğu kimi deyil, fərqli məcrada və daha subyektiv inkişafını şərtləndirdi.
Moskvanın öz tərəfdaşlarına qarşı qeyri-konstruktiv və hətta aqressiv münasibəti MDB-də dərin çatlar yaratdı.
Türkmənistanın MDB-yə iştirakçı (müşahidəçi) kimi qatılması, Gürcüstan və Ukraynanın qurumu tərk etməsi, Moldova prezidentinin birliyin görüşlərində iştirak etməməsi, hətta Ermənistan baş nazirinin də təşkilatın son iclasına qatılmaması MDB-nin “Putin klubu” kimi təqdim edilməsinin əslində reallığı əks etdirmədiyini göstərir.
MDB-nin Azərbaycan üçün əhəmiyyəti
Azərbaycan MDB-dəki fəaliyyətində inteqrativ təşəbbüslərlə müqayisədə, quruma daxil olan ölkələrlə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına daha çox önəm verir. Məsələn, rəsmi Bakı MDB çərçivəsində azad ticarət sazişinə qoşulmadığı halda, təşkilatın Ermənistan xaric bütün üzvlərilə ikitərəfli qaydada analoji razılaşmalara imza atıb. Hazırda ölkəmiz MDB-nin Müdafiə Nazirləri Şurası və Parlamentlərarası Assambleyasında təmsil olunur ki, bu da tərəfdaşlarla müvafiq sahələrdəki fəaliyyətin koordinasiyasına imkan verir.
MDB platformasında iştirak Azərbaycan üçün ilk növbədə Rusiya ilə siyasi və iqtisadi əlaqələri asanlaşdırır, ölkəmizə qarşı şimaldan gələ biləcək mümkün təhdidləri yumşaldır.
Həmçinin, birliyin digər üzvlərilə münasibətlər də Azərbaycan üçün az əhəmiyyət kəsb etmir. Burada Mərkəzi Asiya ölkələrilə əlaqələri xüsusi olaraq vurğulamaq lazımdır. Günümüzdə Azərbaycan region təmsilçilərilə TDT və Dövlət Başçılarının Məşvərət Görüşləri kimi formatlar çərçivəsində sıx əməkdaşlıq edir.
Belarusla Azərbaycan arasındakı isti münasibətlər də MDB çətiri altındakı əməkdaşlıq sayəsində mümkün olub və ölkəmizə bir çox dividendlər qazandırıb. Rusiyanın Ermənistana “İskəndər” raket sistemlərini tədarük etməsinə Azərbaycan məhz Belarusdan “Polonez” raket komplekslərinin tədarükü ilə cavab verib. Bununla bərabər, Minsk bir çox hallarda Bakının təmsil olunmadığı KTMT kimi qurumlarda İrəvanın təsirini neytrallaşdırıb.
Nəticə
Beləliklə də, Rusiyanın Ukrayna və digər cəbhələrdə buraxdığı səhvlər ucbatından MDB sırf “Kremlin həmfikirləri klubu” olma aqibətindən qurtulub. Moskva öz destruktiv davranışları ilə təşkilat daxilində ciddi fikir ayrılıqlarına rəvac verib ki, bu da birliyə üzv və iştirakçı ölkələrə subyektiv fəaliyyət üçün daha geniş imkanlar yaradıb. Rəsmi Bakı indiyədək bu imkanlardan maksimum istifadə edib və bundan sonra da istifadə edəcək.
Hazırda MDB-nin ölkəmiz üçün səmərəliliyi artıq pik həddə çatsa da, fikrimizcə təşkilatın Azərbaycan üçün faydalılıq potensialı hələ də kifayət qədərdir.
Bununla yanaşı, məhz MDB vasitəsilə ölkəmiz bir sıra mənfi geosiyasi təsirlərdən qorunur və paralel olaraq təşkilata üzv dövlətlərlə TDT, Məşvərət Görüşləri kimi digər formatlar çərçivəsində əməkdaşlığını genişləndirir. Bütün bunları nəzərə alsaq, Azərbaycanın hazırki məqamda birliyə üzvlükdən imtina etməsi səmərəli deyil”, deyə materialda bildirilir.
Bizim.Media