Bizim.Media “Financial Times” qəzetinə istinadən məlumat verir ki, qəzetin Moskva bürosunun rəhbəri Henry Foy Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda başlayan müharibə haqqında məqalə yazıb. Məqalədə Foy Azərbaycanın müasir hərbi texnikasının Ermənistanın köhnəlmiş müdafiə sistemlərinin öhdəsindən necə gəlməsi ilə bağlı fikirlərini bölüşüb.
Foy öz təhlilində Azərbaycan Ordusunun son günlərdə işğal altında olan Dağlıq Qarabağ ətrafındakı torpaqları azad edərək əhəmiyyətli uğurlara imza atdığını qeyd edib. Müasir silahlardan istifadə etməklə müharibənin gedişini öz xeyrinə dəyişdiyini qeyd edən müəllif, qış yaxınlaşdıqca mübarizənin daha da çətinləşəcəyini də qeyd edib.
Foy bildirir ki, Ermənistan hava hücumundan müdafiə sahəsində də texnoloji baxımdan çox geridədir. İşğalçı ölkənin sovet sistemləri ilə inteqrasiya olunmayan radar kompleksindən istifadə etdiyini də əlavə edib.
Yazıda bir sıra analitiklərin fikirləri də yer alıb. İngiltərədə yerləşən Royal United Service İnstitutunun tədqiqatçısı Cek Vatling Ermənistanın müharibəyə hazırlıqsız şəkildə yaxalandığını qeyd edib. Belə ki, tədqiqatçı cəbhədə Azərbaycanın müasir silahlardan istiafdə etdiyini, Ermənistanın isə 1970-80-ci illərə aid silahlara üstünlük verdiyini bildirib.
Yüksək texnoloji silahlara sahib olmaqla onlardan düzgün istifadə etməyin eyni olmadığını qeyd edən Vatling, cəbhədəki son vəziyyətə baxıldığında Azərbaycanın bunu effektiv şəkildə həyata keçirdiyini qeyd edib. Müəllifin fikrincə, Azərbaycan Türkiyədən sadəcə müasir texnika deyil, həm də texnika ilə işləmək bacarıqlarını da inteqrasiya edib.
CNA-nın Rusiya Araşdırmaları Proqramının direktoru Maykl Kofman isə Azərbaycanın ciddi hərbi üstünlük əldə etmək üçün İsrail, Türkiyə və Rusiyadan müasir silahlar almağı bacardığına diqqət çəkib.
Eyni zamanda Azərbaycanın azad etdiyi ərazilərin Dağlıq Qarabağ üçün bufer zona olduğunu əlavə edən Kofman Ermənistanın əsas qüvvəsini Laçın dəhlizini qorumaq üçün səfərbər etməyə çalışdığını da əlavə edib.
Henri Foy məqaləsində erməni analitiklərin də hərbi əməliyyatlarla bağlı fikirlərinə istinad edib. Belə ki, Beynəlxalq Krizis Qrupunun baş analitiki Olesya Vartanyan bölgənin qalan hissəsinin əsasən meşə ilə örtülmüş dağlar olduğunu və yeni əraziləri ələ keçirmək, irəliləmək üçün daha çox hərbi qüvvəyə ehtiyac olacağını qeyd edib. Qışın yaxınlaşdığını xatırladan erməni analitik bunun mübarizəni daha da çətinləşdirəcəyini qeyd edib.
Vartanyan, eyni zamanda diplomatik həll imkanları ilə bağlı da ümidli olmadığını qeyd edib. Onun fikrincə, ancaq döyüşlər uzun müddət çəkərsə hər iki tərəf yorular, bir diplomatik həlldən danışmaq mümkün ola bilər.
Rəvan Əliyev, Bizim.Media