Sülhə aparan yol “3+3” formatından KEÇİR... – ŞƏRH 

Hazırda oxunan: Sülhə aparan yol “3+3” formatından KEÇİR... – ŞƏRH 

160277

Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbə regionun mövqeyini əhəmiyyətli dərəcədə dəyişib. Məhz bu qələbənin nəticəsi olaraq Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, İran və Rusiyanın iştirakı ilə “3+3” əməkdaşlıq formatı da gündəmə gəlib. 

3+3 nəyə görə əhəmiyyətlidir?

Qeyd edək ki, belə bir format Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin birgə təşəbüslərinin nəticəsidir. Məhz belə bir formatın mövcudluğu regionda əmən-amanlığın, sülhün, sabitliyin, iqtisadi inkişafın uzun müddət təmin edilməsinin əsasını qoya bilər. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan Türkiyənin sülh danışıqlarında iştirakına razılıq verəcək? – ÖZƏL AÇIQLAMA


Bu yeni format təkcə siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan böyük potensial vəd edir. Hesablamalara görə “3+3” formatında olan ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır ki, bu da ABŞ, Çin, Yaponiya, Hindistan və Almaniyadan sonra dünyanın 6-cı ən böyük iqtisadiyyatı deməkdir. 

Aydın məsələdir ki, regionun mövcud problemlərinin həlli ilk növbədə bölgə ölkələrinin bir-birilə sülh şəraitində yaşaması, birgə qarşılıqlı əlaqələri fonunda mümkündür. Bu mənada hər kəsə aydındır ki, regiondan kənar ölkələrin bölgəyə bu və ya digər dərəcədə nüfuz etməsindənsə, elə ətraf qonşu dövlətlərin birgə əməkdaşlığı regionda sülhün təmin olunmasının yeganə və başlıca açarıdır. 

“Azərbaycan bu formatın tərəfdarıdır”

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirir ki, “3+3” formatının reallaşması həm regiona, həm də dünyaya olduqca müsbət təsir edəcək bir vəziyyətin yaranmasında mühüm rol oynayacaq: 

“3+3” formatı dedikdə ilk növbədə Cənubi Qafqazda yerləşən 3 ölkə nəzərdə tutulur. Bu ölkələr arasında əməkdaşlığın qurulması regionda uzun müddətli və möhkəm sülhün qurulması üçün vacib şərtdir.

Uzun müddət ərzində Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi isə ümumqafqaz evinin yaradılmasına maneəçilik yaradırdı. Hazırda bu problem həll edilib. Artıq söhbət Azərbaycanla Ermənstan arasında sülh müqaviləsinin imzalanmasından gedir. 

Eyni zamanda, bu istiqamətdə 3 qonşu, Türkiyə, İran və Rusiyanın da iştirakı ilə altılığın birgə görüşünün keçirilməsinə, daimi bir fəaliyyət mexanizminin yaradılmasına ehtiyac var. Düzdür, digər 3 ölkənin başqa regionlara qonşuluğu və özünəməxsus digər spesifik məsələləri olsa da, bununla belə onların regionumuza təsirləri, bəzən isə iştirakı da mövcuddur.

Ona görə də onların iştirakı ilə “3+3” formatının reallaşması həm regiona, eyni zamanda dünyaya olduqca müsbət təsir edəcək bir vəziyyətin yaranmasında mühüm rol oynaya bilər. 

Azərbaycan belə bir formatın tərəfdarıdır. Qardaş Türkiyə ilə bu məsələdə də mövqelərimiz üst-üstə düşür. Çox istərdik ki, digər ölkələr də bu prosesdə iştiraklarını təsdiq edib, artıq görüşün hazırlanması üçün əməli fəaliyyətə keçsinlər”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin