Siyasi partiyalardan İlham Əliyevə MÜRACİƏT 

Hazırda oxunan: Siyasi partiyalardan İlham Əliyevə MÜRACİƏT 

160108

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Prezident İlham Əliyevə müraciət ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, müraciətin mətnində deyilir: 

"Möhtərəm cənab Prezident, 

Azərbaycan xalqının milli birliyi, müzəffər Ordumuzun qəhrəmanlığı və Zati-alinizin qətiyyətli siyasi iradəsi bütün dünya azərbaycanlılarına bugünkü qürur dolu anları yaşadır. Siyasi baxışlarından asılı olmayaraq indi hər bir Azərbaycan vətəndaşı dərk edir ki, tarixin bütün dövrlərində başımıza gələn faciələrin, torpaqlarımızın itirilməsinin, soydaşlarımızın öz doğma yurdlarından didərgin salınmasının, suverenliyimizin pozulmasının başlıca səbəbi milli birliyin olmaması, hərbi və iqtisadi gücümüzün zəifliyindən irəli gəlib. 

Uzun zaman ərzində böyük səbir, təmkin və iradə göstərərək Azərbaycanın daxili və xarici siyasətində nail olduğunuz uğurlar ölkəmizi addım-addım Zəfər gününə, ərazi bütövlüyünün təmin olunmasına, suverenliyinə yaxınlaşdırıb.
Öncə əhalinin rifahının yaxşılaşdırılması, bölgələrimizin inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, müasir ordu quruculuğu gərgin zəhmətinizin nəticəsində mümkün olub.

Ölkəmizdə yaşayan müxtəlif etnik və dini kimliklərə mənsub vətəndaşlarımıza bərabər münasibət, söz və fikir azadlığının təmin olunması, demokratiya və plüralizmin inkişafı, siyasi dialoqun bərqərar olması ölkəmizin bugünkü qürur dolu tarixinin sütunları hesab edilə bilər. Heç şübhəsiz, bütün bunlar yalnız böyük amallara xidmət edən və ali hədəflərə yönələn, hər bir addımında dövlətini və xalqını düşünən siyasi liderin qətiyyətinin nəticəsində mümkün olub. 

Ötən 20 il ərzində Azərbaycan Sizin rəhbərliyiniz altında öz ərazi bütövlüyünü təmin etmək, suverenliyini bərpa etmək, məcburi köçkünlərimizin doğma torpaqlarına qayıtmasına nail olmaq üçün çətin sınaqlardan keçib.

Siz Qarabağda kök salmış cinayətkar rejimin, terrorçu dəstələrin, onların xarici havadarlarının ölkəmizə yönələn təhdidlərinin qarşısının alınması üçün beynəlxalq təşkilatların, beynəlxalq hüququn gücünə tam arxayın olmamış, bu illər ərzində Azərbaycan üçün güclü iqtisadiyyat və müasir ordu qurmusunuz.

Bununla yanaşı, Siz Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi, ölkəmizin dünya birliyində layiqli yer tutması, güclü beynəlxalq tərəfdaşlar qazanması üçün uzaqgörən siyasət həyata keçirmisiniz.

Bu baxımdan 44 günlük haqq savaşımızda bütün Azərbaycan xalqı həm də xarici siyasətdə əldə olunan uğurların möhtəşəmliyinə şahidlik edib. Möhtərəm cənab Prezident, İndi Azərbaycan dövləti uzun tarixi dövrdən sonra Vətən müharibəsi Zəfərinin təntənəsini yaşayır.

Azərbaycan ərazisində heç bir mənəvi, siyasi və hüquqi əsası olmadan yaradılan qondarma rejim böyük Qələbənin nəticəsində tarixin qaranlığına qərq olub.

Bu gün böyük siyasi iradənin, milli birliyin, güclü ordunun nəticəsində Azərbaycan bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə dalğalanır. Azərbaycan Respublikasının Konstitusiyası bütün ölkə ərazisində vahid ana qanun kimi tətbiq olunur. Yaşadığımız bu böyük tarixi anlar beynəlxalq hüququn nəticəsində deyil, məhz güclü iqtisadiyyatımızın, qəhrəman Ordumuzun və milli birliyimizin, həmrəyliyimizin nəticəsində mümkün olub. 
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ölkəmizin xoşbəxt gələcəyi naminə bir daha siyasi həmrəyliyini bildirir, xalqımızın firavanlığı, dövlətimizin əbədi suverenliyi üçün apardığınız uğurlu daxili və xarici siyasətdə Zati-alinizə dəstəyini bəyan edir. 

1. Yeni Azərbaycan Partiyası 

2. Vətəndaş Həmrəyliyi Partiyası - sədr Sabir Rüstəmxanlı 

3. “Ana Vətən” Partiyası - sədr Fəzail Ağamalı 

4. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası - sədr Qüdrət Həsənquliyev 

5. Böyük Quruluş Partiyası - sədr Fazil Mustafa 

6. Demokratik İslahatlar Partiyası - sədr Asim Mollazadə 

7. Vəhdət Partiyası - sədr Tahir Kərimli 

8. Azərbaycan Demokratik Maarifçilik Partiyası - sədr Elşən Musayev 

9. Milli Cəbhə Partiyası - sədr Razi Nurullayev 

10. REAL Partiyası - sədr İlqar Məmmədov 

11. Haqq Ədalət Partiyası - sədr Əli İnsanov 

12. Azərbaycan Demokrat Partiyası - sədr Sərdar Cəlaloğlu 

13. Ədalət Partiyası - sədr İlyas İsmayılov 

14. Azərbaycan Ümid Partiyası - sədr İqbal Ağazadə 

15. Klassik Xalq Cəbhəsi Partiyası - sədr Mirmahmud Fəttayev 

16. “Azərbaycan Milli İstiqlal” Partiyası - sədr Arzuxan Əlizadə 

17. Müasir Müsavat Partiyası - sədr Hafiz Hacıyev 

18. Milli Dirçəliş Hərəkatı Partiyası - sədr Fərəc Quliyev 

19. “Böyük Azərbaycan” Partiyası - sədr Elşad Musayev 

20. Ağ Partiyası - sədr Tural Abbaslı 

21 . Azad Vətən Partiyası - sədr Akif Nağı 

22. Gələcək Azərbaycan Partiyası - sədr Ağasif Şakiroğlu 

23. Yeni Zaman Partiyası - sədr Musa Ağayev". 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin